Büdcəyə yenidən baxılacaq?

18:44 12.04.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarında “qara qızıl” ucuzlaşmaqda davam edir. Birjalarda “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 70 dollardan da aşağı düşüb. Hərracların nətcələrinə görə, 1 barelinin qiyməti 1,5 ABŞ dolları, yaxud 2,15 faiz azalaraq 68,14 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,49 ABŞ dolları və ya 2,19 faiz azalaraq 66,53 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bəs, görəsən, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Mövcud vəziyyət büdcəyə yenidən baxılmasını şərtləndirə bilərmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, neftin dünya bazarında qiyməti Azərbaycan iqtisadiyyatına mənfi təsir edə bilər: “Bu halda ölkəyə daxil olan valyutanın həcmi azalacaq. Neft ucuzlaşarsa ölkəyə daha az valyuta daxil olacaq. Qiymət yüksələndə isə valyuta gəlirləri artır. Ümumi ixracımızın 80 faizindən çoxunu neft və neft məhsulları təşkil edir. Sözsüz ki, neft dünya bazarında qısa və uzunmüddətli əsaslarla ucuzlaşa bilər. Son vəziyyət ticarət müharibələrinin dərinləşməsi ilə bağlıdır. Gözlənilir ki, qlobal ticarətdə 330 milyard dollarlıq azalma müəyyən neqativlərə səbəb olacaq. Neftin qiymətinin düşməsi qeyri-neft sektorunun inkişafına zəmin yaradır. Azərbaycanın bu konteksdə təhlükəsizlik yastığı formalaşıb. Amma sözsüz növbəti dövrdə də neftin dünya bazarındakı qiyməti Azərbaycana daxil olan valyutanın həcmində aparıcı olaraq qalacaq”.

Məsələ ilə bağlı sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib ki, əslində neftin qiymətlərində enişlərin baş verəcəyi gözlənilən idi: “Ən azından ABŞ Prezidenti D.Tramp bu kursu aparacağını seçkiöncəsi çıxışlarında dəfələrlə səsləndirib. Onun bu məsələdə OPEK-in söz sahibi olan Səudiyyə Ərəbistanı ilə bir araya gəlməsi də məqsədyönlüdür. Yəni bu məsələdə iki böyük neft hasil edən ölkə - ABŞ və Səudiyyə Ərəbistanı dominantlıq edəcək. Əslində dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsindən ən çox itirən də Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı üçün neftin optimal qiyməti bir barel üçün 80 dollardır. Bundan aşağı qiymətlər o deməkdir ki, Səudiyyə Ərəbistanı öz xərclərini azaltmalıdır. Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanı ABŞ administrasiyasının neftin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq təkliflərini məmnuniyyətlə qəbul edir. Bu, artıq iqtisadi deyil, daha çox siyasi sövdələşmədir. Səudiyyə Ərəbistanı bu sövdələşmədən hansı siyasi dividendlər əldə edəcək? Bu, iki ölkə rəhbərləri səviyyəsində razılaşdırılmış məsələdir və təbii ki, açıqlanmır”. Ekspert vurğulayıb ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 70 dollardan götürülüb: “Büdcə layihəsinin ilkin variantında bu qiymət hətta bir barel üçün 75 dollar götürülmüşdü. Büdcə müzakirələri gedərkən mən mətbuat səhifələrində və TV kanallarındakı çıxışlarımda bunun çox riskli olduğunu desəm də, sonda neftin qiymətləri yenə də yüksək olaraq bir barel üçün 70 dollar səviyyəsində təsdiqləndi. Cari ilin yanvar ayının 15-dən bugünə qədər neftin dünya bazarlarındakı qiymətləri azalmağa davam edir. Belə davam edərsə, biz büdcəyə yenidən baxmaq məcburiyyətində qala bilərik”.

Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban  deyib ki, neftin qiymətinin düşməsi aprelin 3-dən başlayıb: “Artıq brent markalı neft 12 faiz öz dəyərini itirib. 2021-ci ilin aprelində  65 dollardan aşağı səviyyəyə satılırdı. Bu, Trampın aprelin 2-də elan etdiyi ticarət müharibəsinə bazarın münasibətidir. Ticari əlaqələr zəiflədikdə iqtisadi artım azalır və bu zaman enerjiyə tələbat azalır. Bazarda kifayət qədər neft var.  Bundan əlavə 441 min barel gündəlik OPEC+ səviyyəsində hasilatın artırılması gözlənilir. Belə bir şəraitdə neft tacirləri əllərində olan fyuçes müqavilələri üzrə həcmləri çıxarırlar ki, müəyyən vaxt sonra nefti daha ucuz satmasınlar. Azərbaycan üçün birinci rübün yekunları hələ açıqlanmayıb.  Mən mətbuata açıqlanan qiymətlər fonunda hesabladım ki, orta qiymət 1 barrel üçün 76 dollar ətrafındadır. Bu baxımdan neftin orta qiyməti 65 dollar olsa belə, ilin birinci yarısı üçün orta qiymət büdcədə nəzərdə tutulan 70 dollardan aşağı olmayacaq. Bu baxımdan hər  hansı həyəcana səbəb yoxdur. Büdcə formalaşdırılarkən həmişə risklər nəzərə alınır. Büdcə müəyyən olunan zaman beş dollar aşağı hesablanır”.