Çexiya prezidenti Petr Pavel Rusiyanı Ukraynanı məğlub etmək səylərindən əl çəkməməyə çağırıb.
Hafta.az-ın iDNES-ə istinadən yazdığına görə, dövlət başçısı bu barədə Terezindəki Milli Qəbiristanlıqda nasist təqibi qurbanlarının xatirəsini anma mərasimi zamanı bildirib.
"İndiki mərhələdə Rusiyanı Ukraynada məğlub etməyə yönəlmiş birgə səylərimizdən əl çəkməməyə və şahidi olduğumuz beynəlxalq nizamın pozulmasını rədd etməyə çağırmaq istərdim. Biz bu müstəvidə köklənməliyik. Biz bunu etməyə məcburuq. Bu gün haqqında danışdığımız eyni tarixi xatırlamaq və bugünkü vəziyyətin kontekstinə qoymaq düzgün olardı. Bu, keçmişin səhvlərini təkrarlamamaq üçün yeganə yoldur”, - Petr Pavel bildirib.
Eyni zamanda o, etiraf edib ki, Çexiyada və bütün Avropada vətəndaşlar müharibənin iqtisadi və sosial nəticələrinin yaratdığı gündəlik çətinliklərdən narahatdırlar.
"Müharibə yorğunluğu siyasətçilərə təzyiq göstərir və dövlət maliyyəsini idarə etməyi çətinləşdirir. Ukraynaya dəstək üçün birliyi qorumaq getdikcə çətinləşir", - Çexiya prezidenti qeyd edib.
Bu arada, daha əvvəl cənab Pavel bəyan etmişdi ki, Ukraynanın planlaşdırılan əks-hücumunun uğurlu olmaq şansı yüksəkdir, lakin Rusiya hazırladığı müdafiədən yaxşı istifadə edərsə, bu, böyük itkilərə səbəb ola bilər.
O, Qərbin Rusiya-Ukrayna müharibəsində tam qələbənin olmayacağına hazırlaşmalı olduğu fikrini də ifadə edib.