Çexiyanın Azərbaycandakı Səfirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Avropa İttifaqının Cənubi Qafqaz və Şərq Tərəfdaşlığına qarşı gələcək yanaşmasına dair panel müzakirəsi keçirilib. Tədbir ADA-da Çexiyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində baş tutub.
Hafta.az-ın yazdığına görə, ADA-nın prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən müzakirədə Çexiya missiyasının rəhbərinin müavini Daniel Putík, AMO-nun elmi işçisi Pavel Havlíçek və ADA İnkişaf İnstitutunun Siyasət Araşdırmaları, Təhlil və Nəşrlər üzrə direktoru Damjan Krnjevic Mişkovic iştirak ediblər. Tədbirdə, Praqada keçirilən birinci Avropa Siyasi Birliyinin Zirvə toplantısından sonra Cənubi Qafqaz və Azərbaycanla bağlı Avropa İttifaqı üçün çağırışlar və imkanlar, Avropa İttifaqının Ukrayna və Moldovaya namizəd statusunun verilməsindən sonra Şərq Tərəfdaşlığının rolu, İttifaqın gələcəyi ilə bağlı suallara cavab tapmağa çalışılıb. Azərbaycanla əlaqələr və Çexiyanın Avropa İttifaqına sədrliyinin bu prosesdəki rolu panelin debatlarına və ondan sonra keçirilən sual-cavab sessiyasına istiqamət verib.
Sonda Çexiya səfirliyinin qonağı olan Pavel Havlíçek yerli medianın suallarını cavablandırıb və Bakıya səfəri zamanı yerli beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb, Avropa İttifaqı ilə Azərbaycan arasında çox ehtiyac duyulan ekspert müzakirəsinə töhfə verib.