Çin Səddinə dronlarla yemək çatdırılması xidməti göstərilir

09:28 26.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Çin səddini ziyarət edən turistlər üçün pilotsuz dronlarla yemək xidməti istifadəyə verilib.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, Pekində yerləşən Meytuan şirkəti tərəfindən həyata keçirilən xidmət çərçivəsində Böyük Səddi ziyarət edənlərə tibbi vasitələrlə yanaşı qida və içkilər də göndəriləcək.

Xidmət, Böyük Səddin ən çox ziyarət edilən yeri olan Pekinin Badaling bölgəsi yaxınlığındakı bir otelin damından havaya qaldırılan dronlarla təmin ediləcək.

CNN-in məlumatına görə, bu, Pekində ilk dron çatdırılması xidmətidir.

Meytuan-dan olan Yan Yan xidmətlə bağlı deyir: “Dronların sayəsində biz piyada 50 dəqiqəlik səyahət əvəzinə cəmi 5 dəqiqəyə ziyarətçilərə yemək və təcili ləvazimatları çatdıra bilərik".

Böyük Çin Səddinin turistləri üçün sifarişlər Meytuan işçisi tərəfindən ən yaxın restoran və ya aptekdən götürülür götürülür. Məhsullar daha sonra otelin damında dayanan dronlara yerləşdirilir və Böyük Səddə gözləyən işçiyə göndərilir. Həmin şəxs sifarişi müştəriyə çatdırılır.

Dronlar mülayim külək və yağışda da uça və 2,3 kiloqrama qədər yük daşıya bilir.

Saat 10.00-dan 16.00-a qədər göstərilən dron xidmətinin çatdırılma haqqı 4 Çin Yuanı (təxminən 95 qəpik) təşkil edir.

Bundan əlavə, dronlar qablaşdırılmış yeməklərin və yardım materiallarının zibillərini toplayaraq təkrar emal məntəqələrinə aparacaq.