Daşınmaz əmlakın icbari sığortası - qaydalar və cərimələr...

14:36 09.01.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi bu ilin yanvarın 1-dən daşınmaz əmlakın icbari sığortası barəsində qanuna edilən düzəliş qüvvəyə minib. Qanuna görə, 2020-ci il yanvarın 1-dən etibarən Bakı şəhərində daşınmaz əmlaka sahib olanlar 50 manat illik sığorta haqqı ödəyərək əmlaklarını sığorta etdirməlidir. Sığorta haqqı Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.

Qanunun 35.1. maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qanunun 36.1 maddəsinə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab olunur.

Yuxarıda qeyd olunanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir.

Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;

3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

4. qrunt sularının səviyyəsinin dəyişməsi;

5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Müqavilə hansı müddətə bağlanır?

Müqavilə sığorta təşkilatı ilə bağlanır və İcbari sığorta haqqında qanunun 8.2 maddəsinə əsasən icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.

Müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur.

Sığorta təşkilatının seçimi vətəndaşın istəyi ilə bağlıdır.

Bundan başqa, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Fərmanın 4.4 qeyd olunub ki, qanunun 34-3.1-ci, 34-4.0.4-cü və 75-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

Daşınmaz əmlak üzrə sığorta məbləğləri

Qeyd edək ki, müvafiq qanunvericiliyə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə müəyyən edilir. Belə ki, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manatdır.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı güzəştlərə gəlincə, ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.

Sənədsiz evlər sığortalanacaqmı?

Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, ilkin müzakirələrdə sənədli və ya sənədsiz bütün evlərin sığortaya cəlb olunması təklifi səsləndirilirdi. Lakin sonradan bu məsələ birmənalı qarşılanmadığından aidiyyəti qurumlar bəyan etdilər ki, sığorta yalnız çıxarışı olan mənzil və obyektlərə şamil ediləcək: “Çünki faktiki olaraq, mülkiyyət hüquqlarının tanınması baş verdikdən sonra əmlak üzərində hansısa əməliyyat aparıla bilər. Dövlət Sığorta Agentliyinin rəhbəri bu məsələyə nöqtə qoydu. O qeyd etdi ki, yalnız çıxarışı olan mənzil və obyektlərdən söhbət gedəcək. Çünki fiziki baxımdan sığorta prosesinə nəzarət imkanları da məhduddur. Qeydiyyatı olmayan mənzillərin icbari sığortaya cəlb olunması üçün bu qədər canlı resurs yoxdur ki, bir-bir araşdırma aparılsın və tapılsın ki, hansı evlərdə icbari sığorta müqaviləsi bağlanıb və ya bağlanmayıb. Düşünürəm ki, qərar haqlı idi. Bu prosesin hökumət elektron portalı çərçivəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən sistemlərin inteqrasiyası müəyyən dövrü əhatə edəcək. Hesab edirəm ki, bu prosesdə ilkin mərhələdə müəyyən çətinliklər olacaq”.

Ekspert bildirir ki, ilin birinci yarısında proses tam olaraq, öz axarına düşəcək: “Lakin qeyd etdiyimiz müddət ərzində sığortadan yayınanlar olacaq, hətta yayınanlara görə cərimələrin tətbiqində müəyyən yubanmalar da ola bilər. Amma bütün hallarda çıxarışı olanlar vətəndaşlar sığorta etsələr, daha yaxşı olar”.

Mövzu ilə bağlı fikirlərini bölüşən “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, daşınmaz əmlakını bu ilin yanvarına qədər sığorta etməyənlər sığorta haqqı qədər cərimələnəcək: “Artıq hər kəs daşınmaz əmlakını sığortalamalıdır. Lakin bu sığorta sənədi olan evlərə aiddir və sənədi olmayan evlərin sığortalanması hazırki vəziyyətdə mümkün deyil. Çünki 1-2 il vaxt lazımdır ki, çıxarışları olmayan evlər sənədləşdirilsin. Bakı şəhərində yaşayış evləri və mənzillərin sığorta məbləği 25 min manat, sığorta haqqı isə 50 manat (illik), Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində sığorta məbləği 20 min manat, sığorta haqqı isə 40 manat və digər rayonlarda sığorta məbləği 15 min manat, sığorta haqqı isə 30 manatdır. Hesab edirəm ki, bu məbləğ hər hansı hadisə zamanı mənzillərə dəyən ziyanın aradan qaldırılması üçün hazırki dövrdə kifayətdir”.

Ekspert onu da bildirib ki, son zamanlar fors-major hadisələr tez-tez baş verdiyi üçün daşınmaz əmlakın icbari sığortası zərurəti ortaya çıxıb: “Əgər daşınmaz əmlak sahibinin diqqətsizliyi və ya digər səbəbdən evlərə ziyan dəyirdisə, bu zaman onlar icra strukturlarına üz tuturdular. Artıq vətəndaşlar bilməlidirlər ki, özəl daşınmaz əmlaklarına dəyən ziyan da onlara aiddir. Necə ki, bu məsələ artıq avtomobil bazarında formalaşıb. Eləcə də mənzil bazarında bu ənənəni formalaşdırmalıyıq”.