Budəfki parlament seçkilərində rekord sayda – 1314 namizəd deputat olmaq uğrunda mübarizə apardı. Millət vəkili adını qazanmaq istəyənlərin sayının çoxluğu sosial şəbəkələrdə "Deputat olmağın hansı üstünlükləri var?" sualı ətrafında geniş müzakirələrə yol açıb.
Hafta.az bu marağı nəzərə alaraq deputat olmağın üstünlüklərini araşdırıb. Qeyd edək ki, millət vəkillərinin fəaliyyəti "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunla tənzimlənir.
Həmin qanuna əsasən, deputatın aşağıdakı səlahiyyətləri vardır:
Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək;
Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək;
qanunvericilik təşəbbüsünü həyata keçirmək;
deputat sorğusu vermək;
məlumat almaq və yaymaq;
toxunulmaz olmaq;
Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifaə verməkdən imtina etmək;
vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.
Deputatın Azərbaycan Respublikası Milli Məclisinin bütün iclaslarında həlledici səs hüququ vardır. O, Azərbaycan Respublikası Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər. Millət vəkili Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında Azərbaycan Respublikası Milli Məclisi sədrinin razılığı ilə müraciətlər və bəyanatlar ilə çıxış edə bilər.
Deputat öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının Baş prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə Azərbaycan Respublikasının Auditorlar Palatasına sorğu verə bilər.
Sorğu onun tərəfindən fərdi qaydada və ya Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında yazılı şəkildə verilir. Müvafiq orqanlar və ya vəzifəli şəxslər millət vəkilinin sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Bu statusu qazananların toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.
Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.
Millət vəkilinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.
Deputat Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.
Millət vəkilləri hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. Onlar nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır.
Milli Məclis sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizi, sədrin müavini - 85 faizi, komitə və komissiya sədri - 80 faizi, komissiya sədrinin müavini - 75 faizi, deputatlar isə sədrin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.
Spiker, onun birinci müavini və müavinləri, komitə və komissiya sədrləri və onların müavinləri, millət vəkilləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Bu statusu daşıyanlara həmçinin deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı verilir.
Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Köməkçilər dövlət büdcəsi hesabına saxlanılır. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənir.
Millət vəkilləri səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunur. Deputatın təhlükəsizliyinə dövlət təminat verir. Onlar Azərbaycan Respublikası ərazisində dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil, su nəqliyyatında, gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edirlər. Fəaliyyətləri ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.
Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayanlara səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şaraitinin yaxşılaşdırılmasına ehtiyacı olan millət vəkilinin mənzil şəraiti qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.
Deputata diplomatik pasport verilir. Onun səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir. Məzuniyyətdə olduğu zaman millət vəkillərinə müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay aylıq vəzifə maaşının 80 faizi məbləğində müavinət alır.
Hər bir millət vəkili onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. Bütün bu səlahiyyətlər və hüquqlar Milli Məclisdə Azərbaycan xalqını təmsilçilik hüququ əldə edənlərin hər birinə şamil edilir.