Dövlətin qanunlarında rəsmi nikah olmadan, dini nikaha girməyə icazə yoxdur. İslamın qanununda isə dini nikah kəsilmədən ailə həyatı qurmaq olmaz. Bu fikirləri hafta.az-a Heydər Məscidinin axundu Hacı Rüfət Qarayev pandemiya şəraitində dini nikahların sayının artması ilə bağlı iddialara münasibət bildirərkən səsləndirib.
Onun sözlərinə görə, dini nikahdan doğulan körpələr tam olaraq islami qaydalara uyğundur. Alimlər də bildirir ki, tərbiyə nikahdan başlayır. Yəni nikah zamanı oxunan dualar uşağın tərbiyəsinə müsbət təsir edir:
"Bizlər dövlətin qoyduğu qaydalara hörmətlə yanaşaraq, dini nikan üçün müraciət edənlərdən, dövlət nikahına qeydiyyatın rəsmi sənədini tələb edirik. Düzdür, müəyyən hallarda istisnalar da edilir. Bəzən olur ki, həyat yoldaşı dünyasını dəyişmiş biri rəsmi nikaha girmir, lakin, dini olaraq bütün proseslərin tam olmasını istəyir. Bu zaman da onlara nikah duası oxunur, ancaq, bununla bağlı rəsmi kağız verilmir. Bir başqa istisna da, toya az bir zaman qalanda edilir. Əgər rəsmi nikah üçün müraciət olunubsa, lakin, proses gecikirsə, bu halda dini nikah qıyılır".
Hazırda məscidlərdə fəaliyyət göstərən imamlar rəsmi nikahla bağlı sənəd təqdim edilmədən dini nikah kəsmir
Axund onu da qeyd etdi ki, hazırda məscidlərdə fəaliyyət göstərən imamlar rəsmi nikahla bağlı sənəd təqdim edilmədən dini nikah kəsmir. Belə olan halda, həm atanın razılığı istənilir, həm şahidlər tələb olunur, həm də rəsmi sənədlər:
"Son 2-3 ildə buna xüsusi diqqət olunur. Ola bilsin, bəzi hallarda kənarda fəaliyyət göstərən ruhanilər rəsmi nikah sənədi tələb etmir. O da müraciət edənlərə yalnız möhürsüz nikah kağızı təqdim edə bilər".