Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işəgötürənlərin sifarişi ilə peşə kurslarının təşkilinə başlayıb. Həmin sahədə ilk peşə kursu “Agroland” şirkətinin sifarişi əsasında təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, istixana operatoru peşəsi üzrə təşkil edilən ilk kursa 16 nəfər cəlb olunub. Yaxın günlərdə daha 32 nəfər üçün həmin peşə üzrə təlimlərə başlanılacaq. Ümumilikdə şirkətin sifarişi ilə 150 nəfərin istixana operatoru peşəsi üzrə təlimlərə cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, işəgötürənlər Dövlət Məşğulluq Xidməti ilə həm yeni ixtisaslı kadrlar hazırlamaq, həm də işçilərin peşə biliklərini daha da təkmilləşdirmək üçün kursların təşkilində əməkdaşlıq edə bilərlər. İşsiz şəxslərin peşə hazırlığı İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir.