Doğru hədəfə ünvanlanan mesaj - Təhlil

13:07 22.04.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

- Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb

- Üçtərəfli Bəyanat Azərbaycan tərəfindən tam icra edilib

- Biz bölgədə sülhün əbədi olmasını istəyirik

- Biz təhlükəsizlik tədbirlərini gücləndiririk

- Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır

- Biz heç vaxt belə saxtakarlığa yol verməmişik

44 günlük Vətən Müharibəsi zamanı Ermənistana gizli yolla daşınan silahlarla bağlı mütəmadi olaraq rəsmi Bakı ardıcıl bəyanatlar verdi. Bu məlumatlar Prezident İlham Əliyev tərəfindən 10-larla xarici media orqanlarına müsahibələrdə, xalqa müraciətlərdə xüsusilə qabardıldı. Lakin hərbi əməliyyatların gedişini nəzərə alaraq konkret ad çəkilməsə də, mesajların göndərildiyi ünvan bəlli idi - Rusiya. 

İndiki məqamda məsələni yenidən gündəm edən əsas məqam isə Ermənistan tərəfdən Azərbaycan ərazisinə "İskəndər" raket kompleksinin atılması faktıdır. Özü də martın 15-də tapılan bu raket qalıqlarının beynəlxalq hüquqla digər dövlətlərə satışı qəti şəkildə qadağan edilən Rusiya Silahlı Qvvələrinə məxsus "İskəndər-M" kompleksinə aid olması Moskvanın münaqişənin həlli ilə bağlı sərgilədiyi mövqedə nə dərəcədə "səmimi" olduğuna dair çoxsaylı suallar yaradır. 

Bu suallara cavab almaq isə Azərbaycanın haqqıdır. Çünki, müharibə yoluyla ölkəmizin ərazi bütövlüyü bərpa edilib, üç minə yaxın şəhidimiz var və Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa Rusiya ordusuna məxsus, lakin Ermənistan ərazisindən atılan "İskəndər M" raketləri ilə məhv edilmək təhlükəsi ilə üz-üzə qaldı. 

Rəsmi Bakının mövcud narahatlığı və tələbləri Prezident İlham Əliyev tərəfindən dövlət televiziyasına müsahibəsi zamanı bir daha səsləndirildi. Özü də konkret faktlar və tutarlı arqumentlərlə. Dövlət başçısının məlum məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyinin bir cümləlik "cavabı"na reaksiyasına nəzər yetirək:

"Bu sözləri deyəndən sonra ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir.

Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, eksport - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur.

Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir.

Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil".

Göründüyü kimi, proses rəsmi Bakının, xüsusilə də dövlət başçısının tam nəzarətindədir. Ortada güclü siyasi iradə və qətiyyət var.  Gec və ya tez Bakı onu maraqlandıran suallara açıq və dəqiq cavab alacaqdır.

Lakin martın 15-dən 1 aydan çox vaxt keçməsinə baxmayaraq Moskvanın bu biabırçı olaya sükutla cavab verməsi Kremlə qarşı şübhələrin və ittihamların haqlılığına dəlalət etməkdədir.

Dövlət başçısı da müsahibəsində Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri olduğunu vurğulayaraq, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətirildiyini bir daha xatırladır. Bu yeni əməkdaşlıq formatının bizim əlaqələrimizi möhkəmləndirəcəyini düşündüyümüzü bildirir. Amma... Üç nöqtənin yerində olmalı fikirlər də elə Prezidentin son müsahibəsində qeyd edilir:

"Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib. Biz ümid edirik ki, “İsgəndər-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik. Azərbaycan xalqı bütün vacib məsələlərlə bağlı dolğun məlumat alacaq, necə ki, bu günə qədər alıb. Necə ki, Ermənistandan fərqli olaraq bu müharibə dövründə mən tam həqiqəti demişdim. İndi isə Ermənistan rəhbərləri susurlar. Onlara sual veriləndə ki, siz “İsgəndər-M” raketlərindən istifadə etmisiniz? Susurlar. Ağızlarına su alıblar. Halbuki biz bilirik ki, necə atılıb, nə vaxt atılıb və daha çox şey bilirik".

Şuşa ərazisində tapılan "İskəndər-M" qalıqları ilə bağlı məsələ gündəmə gələndən Rusiyanın rəsmi qurumlarının əvəzinə bu ölkənin mətbuatı iddialara "özünəməxsus" cavab verməyə başladı. Xüsusilə də müharibə dövründə Azərbaycana qarşı açıq şəkildə düşmən mövqe sərgiləyən media orqanları bu dəfə də açıq qalan suallarla bağlı Kremlin məsuliyyətini xatırlatmaq yerinə Azəraycan və Türkiyəni Moskvaya qarşı "çirkin oyun" qurmaqda ittiham etməyə başladılar. Tapılan raket qalıqlarının Suriyadan gizli yollarla gətirildiyinə dair cəfəng fikirlər irəli sürdülər. Xüsusilə xatırlatmaq yerinə düşər ki, bu gün Rusiyanın əsas aparıcı informasiya resursları məhz erməni iş adamlarının əlindədir. Antiazərbaycan təbliğatı ilə bağlı Rusiya siyasi hakimiyyətinin səssizliyi isə ona dəlalət edir ki, Moskva onların bizə qarşı "fəaliyyətindən" məmnundur...

Əslində bu çürük iddialar da Azərbaycanın ali rəhbərliyi səviyyəsində rədd edildi və həqiqət bir daha xatırladıldı:

"Bir halda ki, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm. Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm. Çünki hətta, o versiyalarda da, - düzdür, bu, mətbu orqanlar tərəfindən irəli sürülüb,- hər halda, biz hansısa sistemli yanaşma görürük. Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu, bizə qarşı açıq ittihamdır.

Bizi nədə ittiham edirlər, saxtakarlıqda? Bir adam deyə bilər ki, Azərbaycan nə vaxtsa saxtakarlıq edib? Yox. Biz yüzlərlə saxta faktlar ilə üzləşmişdik, riyakar faktlar ilə üzləşmişdik, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik.

 Biz bunu nə üçün edək? Bunun məqsədi nədir? Biz indi noyabrın 10-da imzalanmış Bəyanatın icrası ilə məşğuluq. Biz bölgədə sülhün əbədi olmasını istəyirik. Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun. Ona görə istərdim ki, bu məsələyə aydınlıq gətirim".

Bir neçə ay əvvələ, müharibənin gedişatı zamanı Ali Baş Komandanın xalqa müraciətlərini yada salsaq orada bir məqam xüsusilə diqqəti cəlb edirdi. Dövlət başçısı hərbi əməliyyatlar yekunlaşdıqdan sonra bir çox məsələlərin Azərbaycan xalqına, ictimaiyyətə açıqlanacağını söyləyirdi. Bu cür məqamlardan bir qismi artıq Prezident səviyyəsində ictimaiyyətə təqdim olundu. Söhbət Rusiyanın 44 günlük müharibədə Ermənistanı Azərbaycana qarşı silahlandırmasından gedir. Bu prosesin kimlər tərəfindən və hansı mexanizmlə həyata keçirildiyini isə Prezident İlham Əliyev açıqlayır: 

"O ki qaldı, qaçaqmalçılıq versiyasına. Bu, əlbəttə ki, araşdırılmalıdır. Çünki müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir. Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır. Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar".

İstər "İskəndər-M", istərsə də Rusiyadan Ermənistana gizli yolla silah daşınması faktlarını Ermənistan siyasi dairələri də açıq şəkildə etiraf ediblər. İrəvan rəhbərliyində təmsil olunanlar müharibənin gedişində "Rusiyanın üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirdiyini" dəfələrlə bəyan ediblər. "İskəndər" raketlərinin Azərbaycanın şəhərlərini hədəf alması ilə bağlı Paşinyanın, Sarkisyanın, Akopyan və digərlərinin açıqlamalarını xatırlatmaq da kifayətdir. 

Dövlət başçısının məlum müsahibəsinin sonunda səsləndirdiyi fikirlər daha diqqətəlayiqdir. Prezident üzdə dostluq mesajı verib, əslində bu mesajların ruhuna uyğun addımlar atmayan dövlətə (və ya dövlətlərə) açıq şəkildə rəsmi Bakının heç bir halda ona qarşı yönələn addımları cavabsız qoymacağını bir daha xatırlatdı: "Biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır".

Göründüyü kimi, Azərbaycan dövləti özünün şəhidləri, qaziləri hesabına yaratdığı yeni reallıqların kimlərsə tərəfindən pozulmasına, milli maraqlarımızı təhdid edən erməni separatizminin genişlənməsi üçün məxfi planlar qurmasına imkan verməyəcək. Bu addımı atmağı planlayanlar üçün isə Prezidentin, Ali Baş Komandanın bir fikrini xatırlatmaq istərdik: "Dəmir Yumruq yerindədir". Bu yumruq isə özündə 10 milyonluq iradəni və əzmi birləşdirir.