Dumanlı hava şəraitində azan 4 nəfər xilas edilib

21:22 20.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, bu barədə qurumun “112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.