Dünya Bankı Azərbaycanın da daxil olduğu bir sıra region ölkələrinin irəli sürdüyü və Orta Dəhliz kimi tanınan Trans-Xəzər marşrutunun inkişafı təşəbbüsünü dəstəkləyir.
Hafta.az xəbər verir ki, bunu Dünya Bankının Qazaxıstandakı rezident nümayəndəsi Andrey Mixnev Astana Beynəlxalq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib: “İnvestisiya baxımından biz həm Qazaxıstanda, həm də digər ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda işləyirik. Biz Türkiyədə layihələrdə iştirak imkanlarını da nəzərdən keçiririk”.
Mixnev xatırladıb ki, ötən ilin noyabrında Dünya Bankının İcraçı Direktorlar Şurası Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Jezkazqan-Karaqanda hissəsinin inkişafına yönəlmiş Qazaxıstanın dayanıqlılıq və nəqliyyat əlaqələri layihəsi üçün 650 milyon dollar məbləğində maliyyə vəsaiti ayrılmasını təsdiqləyib.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.