Daha bir ili geridə buraxmaqdayıq. O ili ki, bəşər tarixinin ən ağrılı, ən dəhşətli hadisəsini – koronavirus pandemiyasını yaşatdı və özü ilə 10 gün sonra bizə qapısını açacaq 2021-ci ilə götürür. Yazını qələ aldığımız gün hesabı ilə 78 milyon insanın yoluxduğu bu gözəgörünməz virus 1,7 milyon insanı aramızdan aparmağı da bacarıb və hər gün daha minlərlə insan eyni səbəbdən, səssiz-sədasız dünyasını dəyişir. Amma 2020-ci il, məsələn, Azərbaycana sevinc də gətirib desək, yanılmarıq. Çünki 2 mindən artıq həmvətənimiz koronavirusun qurbanı olsa da, məhz bu il ərzində 30 ildir ayaq basa bilmədiyimiz vətən torpaqlarını işğaldan azad edib, özümüzünküləşdirə bilmişik. Düzdür, üç minədək şəhidimiz oldu, amma onlar müqəddəs amal uğrunda, vətən və millətin namusu uğrunda canlarını verdilər.

Gördüyümüz kimi, hər bir il kədərlə yanaşı, sevinc də yaşadır. Əlbəttə, ili kədərlə, yoxsa sevinclə bəzəmək, rəngləmək elə biz insanların öz əlindədir. Necə ki, minillər boyu yaratdığımız və günümüzədək yaşatdığımız, nəsildən nəsilə ötürdüyümüz, bütün ağrı-acılarımızı bir neçə günlük də olsa üzərimizdən ata bilən ənənələrimiz var, deməli, biz insanlar dünyanı sülh evinə çevirə bilərik. Məsələn, bəşər insanı 10 gün sonra il dəyişikliyini böyük sevinclə bayram edəcək. Yəni fərqli ölkələrdə fərqli adət və ənənələri üzündə ehtiva edən Yeni il bayramı insanları ol boyu yaşadığı əzablardan bir günlüyə xilas edəcək. Hansı ənənələrlə, hansı adətlərlə, bəzi ölkələrin timsalında nəzər salaq.

Almaniyada Yeni il gecəsi Santa Klausun uzunqulaqla gəldiyinə inanırlar. Burada da uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Bundan əlavə, alman elələr yolka ağacının budaqları arasında turşu gizlədirlər. Evdəki uşaqlardan hansı onu daha tez tapsa, ona hədiyyə verirlər.

İtaliyada köhnə ilin son dəqiqəsində evdəki sınmış boşqabları, köhnə paltarları və hətta mebelləri atırlar. Uşaqlar isə gecə süpürgə üzərində möcüzəvi Befananın gəlməsini və sobanın borusundan evə daxil olmasını gözləyirlər. Bu sehrli pəri sobanın kənarına asılmış ayaqqabıların içərisinə uşaqlar üçün hədiyyələr qoyur.

ABŞ və Kanadada Şaxta babanı Santa Klaus adlandırırlar. Santa Klaus ağ xəzli qırmızı gödəkcə və qırmızı şalvar geyinir. Başına da qırmızı papaq qoyur. Bu ölkədə fərqli ölçüdə və rənglərdə qutulara qoyulan hədiyyələr vermək ənənəsi var. Maraqlıdır ki, bayram gecəsi verilən hədiyyələrin bir hissəsi qarşıdakı günlərdə yenidən dükanlara qayıdır. Odur ki, bu ölkədə hədiyyə verən şəxs mütləq dükandan aldığı qəbzi də hədiyyənin qutusuna qoyur.

İsveçdə Şaxta baba qarmaqvarı burnu olan Yultomten və cırtdanboylu Yulnissardır. Onların hər ikisi bayram günü pəncərələrin altına hədiyyələr qoyurlar.

Fransada iki Şaxta baba var ki, onlardan biri Per-Noel, yəni Noel babadır. Zənbillərdə uşaqlara hədiyyə gətirən Noel baba çox xeyirxahdır. Digərinin adı isə Şalanddır. Uzunsaqqal Şaland xəz papaq və isti palto geyinir. Onun səbətində nadinc və tənbəl uşaqlar üçün çubuqlar olur.

Avstraliyada Yeni il günü, burada qış olmadığı üçün Şaxta baba Sidney çimərliyində parlaq rənglərlə bəzədilmiş sörfün üzərində üzgüçülük kostyumunda peyda olur. Bununla belə Köhnə Dünyanın ənənələrinə riayət edən Şaxta babanın mütləq ağ saqqalı və qırmızı papağı olur. Yeni il axşamı açıq səma altında atəşfəşanlıqların keçirildiyi müxtəlif ictimai məkanlara baş çəkmək ənənəyə çevrilib. Avstraliyadakı Yeni il şənliklərinin özəlliyi ondan ibarətdir ki, gecə yarısından sonra bu cür atəşfəşanlıqlar olmur.

Avstriyada - Vyanada Müqəddəs Stefan kilsəsində quraşdırılmış “Sülh zəngi”nin təntənəli sədalarını dinləmək Yeni ilin yazılmamış qanunlarındandır. Dekabrın 31-də Kilsə meydanına minlərlə insan toplaşır. Keçmişdə bu ölkədə Yeni il günü bacatəmizləyənlə qarşılaşmaq, ona toxunmaq və paltarına ləkə salmaq yaxşı əlamət sayılırdı. Hesab olunurdu ki, bu böyük xoşbəxtlik və uğur gətirir.

Argentinada ənənəyə görə işçilər ötən ilin sonuncu iş günü köhnə təqvimi, eləcə də lazımsız cədvəl və blankları pəncərədən küçəyə atırlar. Buenos-Ayresin əsasən biznes mərkəzlərinin yerləşdiyi səmtində günorta səkilər qalın kağız örtüklə döşənmiş olur.
Əfqanıstanda Yeni il Böyük gecə - gündüz bərabərliyi günü kimi qeyd olunur. Həmin gün kəndin böyüyü tarlaya gedərək ilk şırımı açır. Onun ardınca digər nüfuzlu şəxslər eyni işi görür. Əfqanıstanda spirtli içkilərin qəbulu yasaq olduğundan çaxır şirniyyatla əvəz olunur. Ənənəvi olaraq qadınlar kişilərdən ayrı toplanır. Toplaşdıqları məkanın qarşısında adətən bir qız keşik çəkir.

Myanmarda Yeni ilin gəlişi ilin ən qızmar mövsümünə təsadüf etdiyindən Su Festivalı keçirilir. Burada çox əyləncəli mənzərələr ortaya çıxır - qarşılaşan insanlar bir-birilərinə müxtəlif qablardan su atırlar. Amma bu cür islanmaq heç kəsin acığına getmir. Çünki bu, yeni ildə özünəməxsus xoşbəxtlik arzusudur.
Kot Divuar sakinləri Yeni ildə əcdadlarının ruhları ilə “görüşürlər”. Təntənəli şəkildə ilboyu yol verilmiş pis hərəkət və uğursuzluqlardan “təmizlənmə” ayini keçirilir. Həftə ərzində həm ahıllar, həm də gənclər böyük müqəddəs tomtonun (barabana bənzər çalğı aləti-R.R) sədaları altında həvəslə rəqs edirlər. Mərasim mahnılarında əcdadların ruhlarına yardım çağırışları səslənir, xeyirxah ənənəni pozanlar şallaqlanır.

Braziliyada Yeni il günü okean çimərliyində qumların üzərində minlərlə şam yandırılır. Uzun paltar geyinmiş qadınlar suya girir və dalğaların üzərinə gül ləçəkləri səpirlər.

Bolqarıstanda bayram günü hər bir evdə Yeni ilin atrobutu olan zoğal çubuqları olmalıdır. Yanvarın 1-də qohumlarına yaxınlaşan balacalar çubuqla yüngülcə vuraraq, onları bayram münasibətilə təbrik edirlər. Ötən ilin son zəngi çalınanda bütün evlərdə işıqlar 3 dəqiqəliyə söndürülür. Bu, tostları əvəzləyən yeni il öpüşləri dəqiqələridir. Əgər stol arxasında kimsə asqırırsa, insanlar sevinir. İnanclara görə, bu, uğur gətirir.

Macarıstanda yeni ilin ilk saniyəsində uşaqlar tütək, sümsü və fit çalmağa başlayırlar. Onlar inanırlar ki, bununla şər ruhlar evdən qovulur və evə xoşbəxtlik gəlir.

İngiltərədə bütün gecə küçə satıcıları uşaqlar üçün oyuncaqlar, tütəklər, maskalar və şarlar satırlar. Uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Saatlar gecə yarısını göstərəndə köhnə ilin evdən çıxması üçün ingilislər evin arxa qapısını açırlar. Sonra isə evin ön qapısını açır və yeni ili qarşılayırlar.

Vyetnamda Yeni ili gecə qarşılayırlar. Alatoranlığın başlanmasıyla vyetnamlılar parkda, bağda və küçələrdə ocaq yandırırlar. Ocağın başına bir neçə ailə toplaşır,burada düyüdən xüsusi şirniyyat hazırlayır və gecə bütün mübahisələri unudur, bir-birilərini bağışlayırlar. Növbəti gün vyetnamlılar bütün günü ailələri ilə keçirirlər. Onlar inanırlar ki, Yeni ildə evlərinə ilk ayaq basan şəxs onlara uğur və ya kədər, bədbəxtlik gətirəcək. Vyetnamda Yeni il gecəsi çay və gölməçələrə diri karp balığı buraxmaq ənənəsi də mövcuddur.

Yunanıstanda Yeni il gecəsi ailə həyətə çıxır və bir narı divara çırpır. Əgər narın dənələri həyətə səpələnərsə, bu ailənin yeni ildə xoşbəxt yaşayacağına işarədir. Yunanlar qonaq gedərkən özləri ilə mamır bağlamış daş da aparır, onu ev sahiblərinin otağına qoyurlar.

Rusiyada Yeni bayramında evlərdə mütləq küknar ağacı bəzənir. Ruslar inanırlar ki, bayramı necə qarşılasan, bütün ili o əhvalla yaşayacaqsan. Ona görə də süfrəni bəzəmək üçün bayrama həftələr qala hazırlıq başlanır. Bu gün bütün küsənlərin barışması ənənədir. Saat 12-ni vuranda mütləq sampan içilir.

İndoneziyada Yeni il, məsələn, Bali adasında 10 gün davam edir. Bu günlər rənglənmiş düyüdən allahlar üçün nəzərdə tutulmuş iki metrlik sütun düzəldilir. Bayram başa çatanda sütundakı düyü insanlara paylanır və onlar düyünü yeyərək, göndərdiyi bətəkətə görə allahlara dua edirlər.

Hindistanda Yeni il günü maraqlı ayinlər icra olunur. Şimali Hindistanın sakinləri özlərini ağ, çəhrayı, qırmızı və bənövşəyi rənglərə boyayırlar. Mərkəzi Hindistanda isə binaları rəngarəng, xüsusilə də narıncı bayraqlarla bəzəyirlər. Qərbi Hindistanda evlərin damında kiçik ocaqlar qalayırlar. Hindistanlıların özünəməxsus hədiyyə vermə ənənələri də var.

İrlandiyada Yeni il axşamı evlərin qapısı taybatay açılır. Bu vaxt istəyən şəxs evə girə və bu evin hörmətli qonağı ola bilər. Onu yuxarı başda oturdur, çaxıra qonaq edir, “evdə və bütün dünyada sülhün sağlığına” tost deyirlər. Saat 12-nin yarısında irlandiyalılar mərkəzi meydana çıxaraq, şənlənirlər.

İspaniyada insanlar bayramı ailələri ilə süfrədə qeyd edirlər. Yaşından asılı olmayaraq hər kəs şirniyyata üstünlük verir. Axşama yaxın balacalar əvvəlcədən hazırlanmış corabı pəncərədən asırlar.
Keniyada Yeni ili suda qeyd edirlər. Onlar çayda, göldə çimir, qayıqla gəzməyə çıxırlar. Bir sözlə əylənirlər.

Çində Yeni ili həmişə yanvarın sonu, fevralın əvvəlində - ay bədirlənəndə qeyd edirlər. Bayram yürüşləri zamanı küçəyə çıxan insanlar əllərində fənər tuturlar. Bu, yeni ildə öz yolunu işıqlandırmaq anlamına gəlir. İnanclara görə, yeni il qara ruhlar və qüvvələr tərəfindən əhatə olunub. Bu səbəbdən də onları fişənglərlə qorxudurlar.

Kolumbiyada Yeni il gecəsi mütləq güllə səsləri, fal-əlvan fişənglərin gurultusu hər yanı bürüyür. Onlar hazırladıqları köhnə ili ifadə edən gəlincikləri dəyənəklərin üstündə gətirərək gülməli vəsiyyətnamələr oxuyur, sonra da onu kənara atırlar. Gəlinciyin içinə yerləşdirilmiş barıt və güllələr gecə yarısı partlamağa başlayır. Köhnə il alışıb yanır, yerini yeni ilə verir.

Kubada Yeni il öncəsi qədəhləri su ilə doldururlar və saatlar 12-ni vuranda su pəncərədən küçəyə səpilir. Bu o deməkdir ki, köhnə il uğurla başa çatdı: kubalılar bir-birilərinə yeni ilin də su kimi şəffaf və aydın olmasını arzulayırlar. Saatlar 11 dəfə vurur. 12-ci zəngdə isə saata istirahət verirlər ki, yeni ili hamı sakit qarşılasın.

Meksikada saatın 12-ni vuran kimi atəşfəşanlıq, ardıyla da karnaval yürüşləri başlanır. Burada ənənəyə uyğun olaraq, meyvə, su, digər hədiyyələrlə doldurulmuş gil qablar sındırılır.
Monqolustanda Yeni il maldarlıq bayramı ilə üst-üstə düşür. Buna görə də bu bayramda idman yarışları, cəsarət, cəldlik və fərasət müsabiqələri keçirilir. Monqollar Yeni ildə yolka bəzəyir, şənliklərində Şaxta baba iştirak edir, amma maldar paltarında.

Peruda hesab edirlər ki, Yeni il gecəsi kimsə əlində çemodanla yaşadığı evin ətrafında gəzişirsə, deməli, çoxdan planlaşdırdığı səyahətə gedə bilər. Yox, əgər evin ətrafında əlində söyüd çubuğu tutmuş qız dolaşarsa və başqa bir gəncə həmin çubuğun digər başında tutmağı təklif edərsə, bu gənc o qızın nişanlısı olacaq.

Norveçdə uşaqlar hədiyyəni keçidən gözləyirlər. Rəvayətə görə, Norveç kralı İkinci Olaf bir dəfə yaralı keçini qayalardan endirərək xilas edir. Heyvanı saraya gətirir və burada sağaldaraq gəldiyi yerə qaytarır. Keçi isə minnətdarlıq əlaməti olaraq hər axşam xilaskarına şəfalı otlar gətirib.

Panamada Yeni il bayramı çox səs-küylü keçir: maşınlar uzun-uzadı siqnal verir, insanlar ucadan qışqırır. Qədim inanclara görə səs-küy zalım ruhları qovur.

Ukraynada Yeni il bayramında hər yerdə yolkalar qurulur, bayram şənlikləri təşkil olunur. Burada yolkalar hörümçək toru formasında zər və işıqlarla bəzənir. Ukraynalılar hesab edir ki, hörümçək yeni ildə onlara xeyir gətirəcək. Bunun qəribə rəvayəti də var. Guya qədimdə kasıb və dul ana balaca uşaqlarına bayram axşamı yolka bəzəyə ilmir. Bu zaman hörümçəklərin yazığı gəlir və evdəki bəzəksiz şam budağını ağ torla bəzəyirlər…

Rumıniyada Yeni il günü mərasim mahnıları oxumaq və qəribə adətlərə istinad etməklə qeyd olunur. Bayram günlərində Buxarest küçələrində milli geyimli, əllərində uzun qamçı, başlarına qoyun dərisindən papaq qoymuş gənclər gözə dəyir. Onlar həyətlərə girir, müəyyən ritmdə qamçıları yerə vuraraq Yeni il arzularını səsləndirirlər.
Sudanda yaşıl, yəni kal qoz Yeni ilin tilsimi hesab olunur. İnsana ən gözəl arzu da yetişməmiş qoz tapmaqdır. Sudanlılar onun bütün il ərzində uğur və xoşbəxtlik gətirəcəyinə inanırlar.

Finlandiyada Yeni il hədiyyələrini masaya düzərək üstünü kasa ilə örtürlər. Subay qızlar başmaqlarını çiyinlərinin üzərindən qapıya tərəf atırlar. Başmaq üzü qapıya tərəf düşsə, bu o deməkdir k, yeni ildə toy gözlənilir. Finlandiyada Yeni gecəsi hamam və saunalarda çimmək də finlərin qəribə ənənələrindəndir.

Şotlandiyada Yeni il ərəfəsində çəlləkdə qətran yandıraraq, küçələrdə gəzdirirlər. Şotlandlar bunu köhnə ilin yandırılmasının simvolu hesab edirlər. Bundan sonar, Yeni ilin yolu açılır. Saatın əqrəbləri saat 12-ə yaxınlaşdıqda evin sahibi səssizcə qapını açır və zəngin son zərbəsi vurulana qədər qapını açıq saxlayır. Son zəng çalınandan sonra isə köhnə ili yola salaraq yeni ili evə buraxır. Əgər kimsə qonaq gələcəksə, özü ilə kömür parçası gətirmək, onu ocağa ataraq uzun müddət yanmasını arzulamalıdır.

Ekvadorda Yeni il ərəfəsində köhnə paltarlardan hazırlanmış müqəvvaya küləş doldurulur. Bu ötən ilin simvoludur. Onu evin qarşısında stula oturdururlar. Gecə yarısı köhnə ilin vəsiyyətləri sadalanır, ailədə yaşanan bütün xoşagəlməzliklər səsləndirilir. Sonra kağızı müqəvvanın qoltuğunun altına qoyaraq yandırırlar. Bu yolla ailənin ötənilki uğursuzluqları uzaqlaşdıırılır.

Yaponiyada uşaqlar Yeni ili təzə geyimlərdə qarşılayırlar və bunun onlara sağlıq və uğur gətirəcəyinə inanırlar. Yeni il gecəsi onlar yastıqlarının altına arzuladıqları əşyanın şəklini qoyurlar və inanırlar ki, bununla arzuları yerinə yetəcəkdir. Yaponiyada Şaxta babanı “Seqaçu-san”, yəni “cənab Yeni il” adlandırırlar…