Hökümətin yeni qərarına əsasən, sözügedən qurumun səlahiyyətləri müəyyənləşdirilib
Nazirlər Kabineti tərəfindən “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə” təsdiq olunub. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarda qeyd olunub ki, bu Əsasnamə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən hazırlanıb və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan Ekspert Komissiyasının səlahiyyətlərini, fəaliyyət qaydasını və tərkibini, onun fəaliyyətinə cəlb edilən ekspertlərə dair tələbləri, ekspertlərin hüquq və vəzifələrini, habelə dövlət ekoloji ekspertizasının həyata keçirilməsinə beynəlxalq ekspertlərin cəlb olunması qaydasını tənzimləyir.
Ekspert Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ aktları rəhbər tutur. Ekspert Komissiyası irihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin, habelə transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi məqsədilə təşkil olunur.
Qərarla Ekspert Komissiyasının fəaliyyətinin məqsədi və səlahiyyətləri də müəyyənləşib. Belə ki, Ekspert Komissiyasının fəaliyyətinin məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.
Ekspert Komissiyasının səlahiyyətlərinə gəlincə, komissiya ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial mənfi təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək,
ətraf mühitə bilavasitə və ya dolayısı ilə mənfi təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq, ekoloji ekspertiza obyektlərinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək, ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq və ekoloji ekspertiza obyektləri üzrə layihələrin həyata keçirilməsinin mümkün olub-olmaması, ətraf mühitə təsirin yol verilə bilən həddi barədə əsaslandırılmış rəy hazırlamaq kimi məsələlərə baxacaq.
Ekspert Komissiyasının tərkibinə Nazirliyin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət orqanlarının nümayəndələri də daxil edilirlər. Ekspert Komissiyasının işinə elmi müəssisələrin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin nümayəndələri və müvafiq sahə üzrə müqavilə əsasında ekspertlər cəlb oluna bilər.
Ekspert Komissiyasının fəaliyyətinə ekspertlərin cəlb edilməsi ekoloji ekspertiza obyektinə dair layihənin xüsusiyyətindən asılı olaraq, Nazirliyin rəsmi internet səhifəsində elan edilən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər 5 iş günü müddətində Nazirliyə təqdim edilməlidir.
Ekspert Komissiyasının iclasları Komissiyanın sədri tərəfindən, iclasın keçirilməsinə ən azı 5 gün qalmış Ekspert Komissiyasının tərkibinə daxil olan və onun işinə cəlb olunan ekspertlərə iclasın keçiriləcəyi yer, vaxt və gündəliyə daxil edilən məsələlər barədə bildiriş göndərilməsi yolu ilə çağırılır. Ekspert Komissiyasının iclasları sədr də daxil olmaqla, üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın üzvü üzrsüz səbəbdən komissiyanın iclaslarında ardıcıl olaraq üç dəfədən artıq iştirak etmədikdə, təmsil etdiyi dövlət orqanı və ya qurum qarşısında həmin şəxsin əvəz edilməsi barədə məsələ, komissiyanın işinə müqavilə əsasında cəlb edilmiş ekspertlərə münasibətdə isə həmin ekspertlə olan müqaviləyə xitam verilməsi məsələsi qaldırılır. Əgər Ekspert Komissiyası üzvlərinin sayında yetərsay olmazsa, məsələnin hərtərəfli, tam və obyektiv baxılması üçün maraqlı subyektin, ekspertin və ya digər şəxslərin iştirakını üzrlü səbəbdən təmin etmək mümkün olmazsa, iclasda baxılan məsələlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədə biləcək hallar olarsa iclas təxirə salına bilər. Ekspert Komissiyasının iclasında hər bir üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, Ekspert Komissiyasının sədrinin səsi həlledici sayılır. Ekspert Komissiyasının sədri axırıncı səs verir. İclasda Ekspert Komissiyası üzvünün maraqlarına toxunan məsələ müzakirə edildikdə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Ekspert Komissiyasının iclasları və iclaslarda qəbul edilən qərarlar Komissiya sədrinin və üzvlərinin imzaladığı protokolla rəsmiləşdirilir. Ekspert Komissiyasının hər hansı bir üzvü qəbul edilmiş qərarla razı olmadıqda, onun xüsusi rəyi iclasın protokoluna əlavə edilir.
Bundan başqa, Komissiyaya təqdim olunan layihə üzrə ən geci 30 gün müddətində qərar qəbul edir. Qərarın qəbul edilməsi zamanı əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda Nazirlik hər dəfə 30 gün olmaqla, bu müddəti iki dəfə uzada bilər. Ekspert Komissiyasının qərarları Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir və qurumun qərarlarından inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.
Qərara əsasən, Ekspert Komissiyasının fəaliyyətinə cəlb olunmuş ekspertlər ekologiya, təbii ehtiyatlar, ətraf mühitin mühafizəsi və iqtisadiyyat sahələri üzrə ali təhsili olmalı, fəaliyyət sahəsində xüsusi bilik və bacarığa malik olmalı, qəbul ediləcək qərarlarda birbaşa və ya dolayısilə marağı olmamalıdır. Ekspertlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri təşkil edən layihə məlumatlarından başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət daşıyırlar.
Digər tərəfdən qərarla dövlət ekoloji ekspertizasının həyata keçirilməsinə beynəlxalq ekspertlərin cəlb edilməsi qaydası da müəyyənləşib.Ekoloji ekspertiza obyektlərinin realizəsi zamanı onların transsərhəd təsiri müəyyən edildikdə, Nazirlik Ekspert Komissiyasının fəaliyyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, maraqlı ölkələrin mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb edir. Bu Əsasnamənin 6.1-ci bəndində nəzərdə tutulan hal baş verdikdə, Nazirlik dərhal dövlət ekoloji ekspertizasının aparılmasını dayandırır və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 5 iş günü müddətində ekoloji ekspertiza obyektləri üzrə təqdim olunan layihə ilə bağlı maraqlarına toxunulan ölkənin (ölkələrin) diplomatik nümayəndəliyinə öz mütəxəssislərini ayırmaları üçün müraciət edir və ehtiyac yarandığı halda, beynəlxalq ekspertin cəlb edilməsi barədə müvafiq beynəlxalq təşkilatın katibliyinə sorğu verir. Maraqlı ölkədən (ölkələrdən) və müvafiq beynəlxalq təşkilatdan bu Əsasnamənin 6.3-cü bəndinə əsasən nəzərdə tutulan məlumat daxil olan kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dərhal Nazirliyə bu barədə rəsmi məlumat göndərir.
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.