Ekoloji risklərlə bağlı hansı tədbirləri görmək mümkündür?

18:58 04.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mart ayının əvvəlindən ölkə üzrə sürüşmə sahələrində monitorinqlərə başlanılır. Monitorinqlər ay boyu davam edəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanovun sözlərinə görə, monitorinqlər yağışlı hava şəraiti ilə əlaqədar mümkün olan bütün yerləri əhatə edəcək: "Fevralın sonuna qədər sürüşmə ərazilərində hər hansı dəyişiklik müşahidə edilməyib. Həmin ərazilər monitorinqlər aparılması üçün sahələrə bölünüb. Martın ortalarında bəzi sürüşmə sahələri ilə bağlı nəticələr açıqlana bilər. Ayın sonunda isə bütün respublika üzrə monitorinqlərin nəticələrini açıqlaya biləcəyik”.

Yeri gəlmişkən, Azərbaycan ərazisinin 12,4 faizi yüksək və 6,8 faizi çox yüksək ekoloji riskli sahələrdir. AMEA Coğrafiya İnstitutundan verilən məlumata görə, buna "Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi–coğrafi və siyasi problemləri" mövzusunda aparılan tədqiqat nəticəsində gəlinib.Tədqiqat nəticəsində ilk dəfə təbii-texnogen təhlükələr ArcGis texnologiyaları əsasında kompleks şəkildə qiymətləndirilib və “Azərbaycanın ekoloji risk” rəqəmsal xəritəsi tərtib edilib. Məlum olub ki, respublika ərazisinin 37,2 faizi çox zəif, 19,8 faizi zəif, 23,9 faizi orta, 12,4 faizi yüksək və 6,8 faizi çox yüksək ekoloji riskli sahələrdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi katibi Mirnuh İsmayılovun sözlərinə görə, hazırda ekoloji risk yaradan amillər çoxdur: “Biz bu xəritənin hazırlanmasında ekoloji risk yaradan bir neçə amili nəzərə almışıq. Yəni həmin amilləri xəritə formasında tərtib etmişik. Sel, sürüşmə, şoranlaşma, bataqlaşma, səhralaşma, quraqlıq, texnogen yüklənmə və s. bu kimi amillər bura daxildir. Daha sonra isə bu xəritələr vahid ekoloji risk xəritəsi olaraq tərtib edilib. Xəritənin hazırlanması akademik Ramiz Məmmədovun təşəbbüsü ilə olub. Xəritə onun və mənim birgə fəaliyyətim nəticəsində ərsəyə gəlib. Araşdırmalarımız onu göstərir ki, yüksək səviyyədə ekoloji risk daşıyan ərazilər var. Bura Qobustanı, Böyük Qafqaz və Kiçik Qafqaz ərazisini, bundan başqa, Naxçıvan Muxtar Respublikasının 2 min 500 və 3 min metrdən yuxarı olan yüksək dağlıq ərazilərini misal çəkmək olar. Böyük Qafqazın cənub yamacı, şərqində də ekoloji risklər yüksəkdir. Bundan başqa, Mil-Muğan düzünün mərkəzi hissələrində də yüksək ekoloji riskli ərazilər var. Bu ərazilərdə səhralaşma təhlükəsi riskləri yüksəkdir.

Mütəxəssis vurğulayıb ki, risk yaradan amillər sırasında daha çox 4-ü ön plana çıxır: “Bura neftlə çirklənmiş əraziləri, Salyan düzünü, yodlu sularla çirklənmiş əraziləri, şoranlıqları misal olaraq çəkmək olar. Son illərdə şoranlaşma daha da genişlənib. Amma bu ərazilərin riskli adlandırılması o demək deyil ki, həmin yerlərdə yaşayış yoxdur. Buradakı insanlar risk altıda yaşayırlar. Lakin riski azaltmaq üçün hər gün milyonlarla manat vəsait xərclənilir. Yaradılan parkları da buna misal olaraq göstərmək olar. Bütün bunlarla yanaşı, onu da qeyd edim ki, Azərbaycanın çox hissəsi ekoloji cəhətdən zəif risk daşıyan ərazilərdir. Bundan başqa, etiraf edək ki, ekoloji risklərin yaranmasında tikintilərin də rolu danılmazdır”.

Ekspert hesab edir ki, artıq respublika, region üçün müəyyən ekoloji standartlar işlənib hazırlanmalıdır: “Bu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəsidir. Amma o standartların hazırlanması, təbii ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. O standartlar da imkan verir ki, risklərin aradan qaldırılması üçün müəyyən tədbirlər görülsün. Əgər orada zəlzələ olma riski yüksəkdirsə, ev necə tikilməlidir. Səhralaşma, sürüşmə, sel riski varsa, məskunlaşma necə getməli, əkin necə aparılmalı olduğu barədə standartlar hazırlanmalıdır. Standartlara uyğun layihə işlənməli və maliyələşdirilməlidir ki, onu da tenderlər vasitəsi ilə edirlər. Tenderlərin qalibi də adətən layihəni az pula başa gətirənə verilir. Az pul verən də standartları nəzərə almayandır. Ona görə də indiki halda dövlət səviyyəsində ekoloji vəziyyətin gərginləşməsinin aradan qaldırılması çox vacibdir. Buna görə də belə xəritələrin yaradılması lazımdır. Bakıda da müəyyən riskli ərazilər var. Amma o risklərə qarşı tədbirlər də var. Bəzi yerlərdə sürüşmə riskləri var ki, bütün Bakıya aid deyil, lokal olaraq Badamdar, Bayıl, Əhmədli yaylası, Zığ tərəflərdir. Paytaxtda həmçinin səhralaşma riski var, amma ona qarşı da müəyyən tədbirlər görülür. Məsələn, yaşıllıq sahələri salınır ki, bu da riski müəyyən qədər azaldır. Ümumiyyətlə, son zamanlar risklərə qarşı meşələrin artırılması çox gözəl təşəbbüsdür. Bu, həm də torpaqların münbitləşməsi üçün yaxşıdır”.

Xatırladaq ki, son illərdə respublikanın əksər bölgələrində meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir. Araşdırmalara görə, respublikamızda meşə ilə örtülü sahələrdə bitki örtüyü cinslərə görə təqribən aşağıdakı kimi paylanılıb: şam 0,04 faiz, ardıc 2,37 faiz, fıstıq 31,68 faiz, palıd 23,4 faiz, vələs 26,01faiz, göyrüş 0,01faiz, ağcaqayın 0,22 faiz, qovaq 3,58 faiz, qızılağac 1,87 faiz, cökə 1,71faiz, qarağac 1,16 faiz, digər cinslər 7,95 faiz olduğu müəyyən edilib.Dünyada rast gəlinən bitki növlərinin demək olar ki, hamısı respublikamızda yayılıb. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir.

Azərbaycanın dövlət əhəmiyyətli meşə fondunun ümumi sahəsi 1159,2 min hektardır, o cümlədən meşə ilə örtülü 935,5 min ha, ümumi oduncaq ehtiyatı isə 124,54 min m3-dir. Ümumiyyətlə meşə sahələrinə və oduncağın ehtiyatına görə Azərbaycan azmeşəli (meşəsi çatışmayan) respublikadır. Burada hər adambasına 0,14 ha meşə sahəsi və 18,4 m3 oduncaq düşür. Respublika ərazisinin meşəliliyi 11,4 faizdir və onlar ərazidə heç də bərabər şəkildə yerləşməyib. Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min ha, Qarabağda 187,7 min ha, Talışda isə 139,7 min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-43faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvan MR-da isə 0,4 faiz təşkil edir.

Azərbaycanda dərman bitkilərinin 300-dən artıq növü yayılıb. Həmin bitkilərdən (bağayarpağı, yovşan, kəklikotu, qantəpər, moruq, çiyələk, dazıotu, gicitkan və s.) təbabətdə istifadə olunur. Eyni zamanda bizdə xeyli meşə ağac və kol cinsləri də məlumdur ki, onlardan da dərman bitkisi (cökə, dağdağan, şam, palıd, qoz ağacı, adi ardıc, yemşan, böyürtkan, itburnu, çaytikanı, sumax, nar və s.) kimi istifadə olunur.

Yeri gəlmişkən, təkcə ötən il görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb. Ümumilikdə, 2019-cu ildə meşə ilə örtülü sahələrdən 38,1 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 7,1 tonu qoz, 0,4 tonu ərik, 0,4 tonu şaftalı, 26,6 tonu palıd, 2,8 tonu digər ağac və kol cinslərinin toxumlarının payına düşüb.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.