Uzun illərdir ki, bu istiqamətdə aparılan islahatlar öz bərhəsini verməkdədir
Bu gün ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlər uğurla tətbiq olunur.
Məhz bu səbəbdəndir ki, bütün dünyanın “COVID-19” pandemiyası üzündən qapandığı dövrdə Azərbaycan təhsili mövcud vəziyyətə daha tez adaptasiya ola bildi. 2019-cu ilə qədər təhsilin əhəmiyyətli hissəsi tamamilə elektronlaşdırılmışdı, təlimin onlayn formada davam etdirilməsi üçün kifayət qədər elektron resurslar mövcud idi, müraciətlərin elektron qaydada operativ şəkildə cavablandırılması üçün əlverişli şərait var idi və s. Bu sahədə aparılan işlər isə həm qanunvericiliyin, həm də dövrün tələbi hesab olunurdu.
Valideyn məmnunluğu və vaxta qənaət
Demək olar ki, bu istiqamətdə ən böyük yenilik azyaşlıların məktəbə gedən yolunun elektronlaşdırılması ilə başladı. Belə ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. I sinfə elektron sənəd qəbulu təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması məqsədilə tətbiq edilir. Bu yenilik şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Prosesdə başlıca prinsip valideyn məmnunluğu və vaxta qənaətin təmin edilməsidir ki, buna da nail olunub.
Yeri gəlmişkən, artıq üç gündür ki, 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır. Birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Müsahibələrin 4 may - 14 iyun tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq. Birinci sinfə qəbulla bağlı vətəndaşların suallarının cavablandırılması üçün Təhsil Nazirliyinin rəsmi saytına yeni xidmət - “Virtual bələdçi” (https://edu.gov.az/az/faq) əlavə olunub. Bu xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapmaq mümkün olacaq.
Bu gün məktəbəhazırlıq qruplarına qəbulda da elektron xidmətlər uğurla tətbiq olunur. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sistemi olan www.mektebeqebul.edu.az sayəsində valideynlər (qanuni nümayəndələr) məktəbi, təlim dilini və müəllimi elektron qaydada seçmək hüququna malik olur. Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə (qanuni nümayəndələrə) alternativ qeydiyyat mərkəzlərində elektron qeydiyyatdan keçmək üçün kömək göstərilir.
Müəllim və direktorların da məktəbə gedən yolu elektronlaşıb
Hazırda məktəblərə sadəcə şagirdlər deyil, müəllim və direktorlar da elektron yolla gəlirlər. Belə ki, artıq bir neçə ildir ki, ümumi təhsil müəssisələrinə müəllimlərin, direktorların işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi onlayn aparılır. Bu prosesin nəticəsidir ki, www.miq.edu.az müəllim olmaq istəyən gənclərin, müəllimliyə qayıtmaq istəyən peşəkarların ünvanına çevrilib. Öz şəxsi kabinetini açaraq bu ünvana “yerləşən” namizədlər üçün buradan məktəbə, müəllimliyə cəmi 4 addım - 4 mərhələ qalır. Başqa sözlə, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün müraciətlərin və sənədlərin qəbulu və imtahan, müsahibə nəticələri haqqında məlumatların verilməsi elektron sistem vasitəsi ilə aparılır. Bu xidmət ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsini təmin edir. 5 il müəllim işlədikdən sonra isə iddialı namizədlər üçün hədəflər dəyişir. Təbii ki, hər müəllim öz peşəsində yüksəlmək istəyir. Elə bu səbəbdən də www.miq.edu.az-a yenidən müraciət edir. Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu da www.miq.edu.az vasitəsi ilə aparılır. Bu xidmət vasitəsilə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu, o cümlədən müsabiqə nəticələri haqqında məlumat elektron formada verilir. Namizədlərin sistemə daxil edilmiş məlumatları Nazirliyin müsabiqə komissiyaları tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Müsabiqənin nəticələri barədə məlumatı vətəndaş “Şəxsi səhifə”sindən əldə edə bilir.
Ali təhsildə də elektron xidmətlərin sayı artırılır
Təhsil sahəsində elektronlaşma təkcə umumi təhsil pilləsini əhatə etmir. Bu gün ali təhsili pilləsində də məşhurlaşan, tələbələrin güvənini qazanan elektron ünvanlar mövcuddur. Məsələn, ölkə daxilində və xaricində yerləşən ali (bakalavr və magistratura səviyyələri üzrə), orta ixtisas təhsil müəssisələrindən köçürülmə sistemi - www.transfer.edu.az bir çox tələbələrin ümid yerinə çevrilib. Azərbaycanda ali və orta ixtisas təhsili alan tələbələrin ixtisasının və ya təhsil alma formasının dəyişdirilməsi, bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi də elektron sistem vasitəsi ilə aparılır. Köçürülmə qış və yay tətili dövründə, ildə 2 dəfə həyata keçirilir. Müvafiq qaydalara əsasən, ixtisasın dəyişdirilməsi və ya bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olur.
Ali təhsil pilləsində daha bir elektron ünvan Təhsil Nazirliyinin SABAH qrupları layihəsini əhatə edir. Layihəyə tələbə qəbulu www.student.sabah.edu.az vasitəsilə həyata keçirilir. Elektron qeydiyyat sistemi SABAH qrupları üzrə vahid tələbə məlumat bazasının formalaşmasını, müsabiqə nəticələrinin emalını, məlumatların müxtəlif formada çeşidlənməsini, müsabiqənin bütün mərhələlərində tələbələrə elektron poçt vasitəsi ilə bildirişlərin göndərilməsini və SABAH qruplarına qəbul olunmuş tələbələrin yekun qeydiyyatının elektron qaydada aparılmasını təmin edir.
Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) də elektron qaydada həyata keçirilir. Bunun üçün siz xarici ali təhsil ixtisasınızın Azərbaycan Respublikası ərazisində tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməlisiniz. Ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsilə həyata keçirilir. Qeyd edilən elektron səhifədə tələb olunan sənədlərin siyahısı və yüklənmə qaydası ətraflı şəkildə qeyd olunub.
Yaxın gələcəkdə isə Azərbaycanda ali təhsil sənədləri elektron formada təqdim olunacaq. Belə ki, ölkə Prezidenti İlham Əliyev 18 dekabr 2020-ci il tarixli “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək. Eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək. Qeyd edək ki, sözügedən işlər ölkədə təhsil sənədlərinin hazırlanması və verilməsi prosesinin ən son texnologiyaların tətbiqi ilə bütünlükdə elektronlaşdırılması, nəticədə bu prosesin daha çevik, sadə və şəffaf təşkili, elektron sənədlərin vahid yoxlama portalı vasitəsi ilə istənilən məkandan həqiqiliyinin yoxlanılması, təhsil sənədlərinin elektron resurslarda ömürboyu saxlanılması kimi geniş imkanlar yaradacaq.