Əli Şəmxani getdi, yerinə Əhmədiyan gəldi

17:00 23.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani vəzifəsindən azad edilib.

Hafta.az-ın yazdığına görə, prezident İbrahim Rəisinin sərəncamına əsasən İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Əli Əkbər Əhmədiyan Şəmxaninin yerinə təyin olunub.

2013-cü ildə vəzifəsinin icrasına başlayan Şamxani bir müddətdir Səudiyyə Ərəbistanı ilə normallaşma prosesini həyata keçirən əsas fiqurlardan olduğu üçün tənqid hədəfinə çevrilib. Danışıqları Xarici İşlər Nazirliyinin əvəzinə Şəmxaninin aparması reaksiyalara səbəb olub.

Şəmxaninin işdən çıxarılması ilə hökumətin yuxarı eşelonlarında əvvəlki prezident Həsən Ruhaninin dönəmində təyin olunan heç kim qalmadı. Şəmxaninin işdən çıxarılması ölkədə hökumətdaxili səviyyələrdə rəqabətlə bağlı müzakirələrə səbəb olub.

Yeni katib Əli Əkbər Əhmədiyan kimdir?

Əhmədiyan Şəmxanidən fərqli olaraq keçmişdə heç bir siyasi təcrübəyə malik deyil və yalnız hərbi keçmişə malikdir.

1980-ci illərdə İran - İraq müharibəsi zamanı yüksələn Əhmədiyan 1990-cı illərin sonunda İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin rəisi təyin edilib. Əhmədiyan bu vəzifəyə gəlməzdən əvvəl İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən Şəmxaninin müavini olub.

2000-ci ildə İnqilab Keşikçiləri Korpusunun Birləşmiş Qərargah rəisi vəzifəsinə təyin olunan Əhmədiyan 2007-ci ildə İnqilab Keşikçiləri Strateji Mərkəzinin rəhbəri təyin edilib.

Əhmədiyan bu yaxınlarda Sərəncamın Faydalarının Təhlili Şurasına daxil edilmişdi.

Siyasət rubrikasından digər xəbərlər