“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində icra edilən “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVID-19 pandemiyasından sonra normal həyata qayıtmaq və pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” təşəbbüsünü reallaşdırıb.
İctimai Birlikdən bildirilib ki, layihə 2023-cü ilin sentyabrından başlayaraq bu ilin avqustunadək davam edib. Təşəbbüsün ümumi məqsədi əlilliyi olan uşaqların valideynləri arasında bacarıqların artırılması yolu ilə onlar üçün inklüziv və keyfiyyətli mühiti dəstəkləmək olub. Layihənin digər məqsədi isə əlilliyi olan uşaqların valideynlərinin pandemiya və digər qlobal sağlamlıq böhranı dövründə əlilliyi olan övladlarının ehtiyaclarını ödəyə bilmək iqtidarında ola bilmələrinə dəstək verməkdir. Layihə Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarını əhatə edib.
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu ilə birlikdə əlilliyi olan uşaqlar, onların valideynləri ilə daha yaxından tanış olmaq üçün mayın 22-25-də Gəncə şəhərində “Güclü valideynlər, Güclü uşaqlar: Əlilliyi olan uşaqların valideynləri üçün təlim” adlı üçgünlük tədbir təşkil edib. Layihə proqramına əsasən, tədbirə Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarından nümayəndələr, əlilliyi olan uşaqlar və 20 valideyn qatılıb.
Təlim zamanı, həmçinin “V-handmade accessoires” təsisçisinin dəstəyi ilə fiziki məhdudiyyətli uşaqların motivasiyasını yüksəltmək üçün müxtəlif master-klaslar da keçirilib. Tədbirdən sonra fiziki məhdudiyyətli uşaqların sərgiləri ilə tanışlıq olub, Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyalar təşkil edilib. Layihə təlimlərindən toplanılan maraqlı materiallar əsasında hazırlanan "Güclü valideynlər, güclü uşaqlar: Əlilliyi olan uşaqların valideynləri" adlı videoçarx nümayiş olunub. Ümumilikdə layihə çərçivəsində əlilliyi olan 108 uşağın valideynləri arasında sorğu keçirilib. Sorğuda əlilliyi olan uşaqlar və onların valideynlərinin pandemiya zamanı qarşılaşdıqları çətinliklər müəyyən edilib. Sorğu əsasında “COVID-19 pandemiyasının Azərbaycanda əlilliyi olan uşaqlar və onların ailələrinə təsirinin öyrənilməsi” adlı elmi məqalə hazırlanıb. Elmi məqalə bu yaxınlarda beynəlxalq statuslu jurnalda dərc ediləcək.
Digər layihə fəaliyyəti kimi əlilliyi olan uşaqların valideynləri üçün də təlimat kitabçası hazırlanıb. Təlimat kitabçası əlilliyi olan uşaqların valideynləri üçün pandemiya və ya hər hansı bir qlobal sağlamlıq böhranı zamanı da daxil olmaqla, onlara dəstək və yardım göstərmələri üçün lazımi məsləhətləri özündə cəmləşdirir. Təlimat kitabçası çap edilərək 100-dən çox ailəyə və 40-a yaxın təşkilatlara paylanılıb.
Bir neçə gün əvvəl isə layihənin nəticələrini ictimaiyyətə açıqlanıb və yekun hesabat-konfrans təşkil olunub. Tədbirin açılışından sonra layihə tədqiqatçısı Rima Məmmədova layihənin icrası və elmi araşdırması haqqında iştirakçılara məlumat verib.
Sonda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.