ABŞ-da 7 yaşlı Troy Koehleri övladlığa götürən valideynləri oğlanın meyiti evlərində paltaryuyan maşında tapıldıqdan sonra onu öldürməkdə günahlandırılır. Bu barədə “Mirror” məlumat yayıb.
Uşaq 2022-ci ilin iyul ayında itkin düşüb, övladlığa götürən anası Tiffany Tomas polisə zəng edərək axşam saatlarından onu tapa bilmədiklərini bildirib. Gələn polis əməkdaşları uşağı paltaryuyan maşında örtünün altında tapmaq üçün iki saat vaxt sərf edib.
Zabit uşağa süni tənəffüs verməyə çalışsa da, artıq gec olub. Meyitə baxış zamanı onun ayaqlarında qançırlar və sidik izlərinin qaldığı, uşağın şalvarının dizlərinə qədər aşağı salındığı qeyd edilib.
Cütlük 2019-cu ildə Koehleri övladlığa götürüb. Valideynlərin bir-birinə yazdıqları mesajlarda uşağı öldürməklə bağlı hədələr yazılıb: “Sonda onu öldürəcəm. Evə gələcəksən və o, çöldəki lənətə gəlmiş ağacdan asılacaq”. Mesajlarda oğuldan narazılıq da öz əksini tapıb: “Bu oğlandan bezmişəm, elə bil, kaş ki, daha bu evdə olmasın”.