Azərbaycan Respublikası Milli Məclisinin xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri və ərəb ölkələri parlamentlərinin nümayəndə heyətləri rəhbərlərinin çıxışları ərəb mediası tərəfindən geniş işıqlandırılıb.
Hafta.az xəbər verir ki, Misirin “Dustur” “Əl Əhram”, “Əl Masr Əl Youm”, Maspero” qəzet və portallarında, Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzeti və SPA informasiya agentliyinin saytında, Livanın NNA, İordaniyanın “Petra” agentlikləri və digər mətbuat orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl Asumini və İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul etməsi barədə materiallar dərc edilib.
Materiallarda qeyd olunub ki, Ərəb Parlamentinin sədri və İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanla ərəb dünyası arasında münasibətlərin əsasını qoyduğunu, bu əlaqələrin hazırda ən yüksək səviyyəyə yüksəldiyini qeyd ediblər.
Ərəb mediası, həmçinin Ərəb Parlamentinin sədrinin və Misir, Səudiyyə Ərəbistanı, Mərakeş parlamentlərinin spikerlərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasda çıxışlarından əsas məqamlarını dərc edib.