Ermənilərin yəhudilərlə tarixi düşmənçiliyinin səbəbləri - ARAŞDIRMA

15:47 02.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusunun təxminən 30 ildir Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad etmək üçün başlatdığı hərbi əməliyyatlar rəsmi İrəvanı necə təşvişə salıbsa, meydandakı məğlubiyyətinin günahını dünyanın dörd bir yanında axtarmağa başlayıb. Baxmayaraq ki, son 30 iıdir Rusiya bu ölkəni maksimum şəkildə silahlandırıb, amma bu silahların heç nəyə yaramadığını hiss edən Ermənistan rəhbərliyi öz iqtidarını qorumaq və xalqın qəzəbini yatırmaq üçün gündə bir bəhanə, fırıldaq uydurur.

Azərbaycan ordusundan yedikləri zərbələrdən şok yaşayan ermənilər, əvvəl guya onlara qarşı türk ordusunun savaşdığını, “F-16”ların hücumda iştirak etdiyini, bu yalanlar nəticə verməyəndə isə guya Türkiyənin Suriyadan döyüşçüləri gətirib onlara qarşı döyüşdürdüklərini deməyə başladılar. Atalar yaxşı deyib: yalan ayaq tutar, yeriməz. Elə bu vaxt Suriya İnsan Haqları təşkilatı rəsmən açıqlama yaydı ki, bu ölkədən 4 mindən çox silahlı Ermənistana aparılıb və onlar Qarabağda azərbaycan ordusuna qarşı vuruşurlar. Hətta onlardan 80-dən çoxu həlak olub. Bu məsələdə də yenildiyini görən ermənilər indi də acıqlarını İsraildən çıxmağa çalışırlar. Belə bəhanələr uydururlar ki, guya İsrail ən müasir silah-sursatını təyyarələrə yığıb Azərbaycana göndərir. Bu da Paşinyan iqtidarını qəzəbləndirib və İsraildəki səfirini məsləhətləşmək üçün geri çağırıb.

Əlbəttə, İsrail tərəfi ermənilərin addımlarına qəti reaksiya verməyib.

Bu yerdə qeyd edək ki, Ermənistan İsraildə səfirlik açmaq istəyəndə İran guya rahatsız olduğuna dair bəyanatlar səsləndirirdi. Amma İrəvanaın atacağı addımlara cavab olaraq heç də ona iqtisadi-siyasi-hərbi təzyiq göstərməyi ağlının ucundan belə keçirmirdi. Hətta Ermənistanın öz səfirliyini Qüdsə köçürmək istəməsi belə İranda bu ölkəyə qarşı nifrət və qəzəb yarada bilmədi. Hansı ki, Azərbaycanın İsraildə səfirliyi olmasa belə, Tehran gündə bir məsələ üstündə Bakının üzərinə gəlirdi. Bir gün yaxşı əlaqə saxladığımızı, bir gün silah aldığımızı, bir gün ticarət qurduğumuzu və sair günah hesab edib, narazılıq edirdi…

Nə isə, sözümüz İranın mövqeyində yox, ermənilərin İsraildən nə istəməsindədir. Heç kimə sir deyil ki, II Dünya müharibəsindən sonra ermənilər özlərini İsrail xalqına bənzətməyə, onların yürütdüyü siyasətdən öz mənfəətləri hesabına yararlanmağa çalışdılar. Məsələn, faşizmin yəhudi xalqına vurduğu dəhşətli zərbənin – Xolokostun – 6 milyon günahsız insana qarşı həyata keçirilən soyqırımın eynisini, Osmanlı dövləti zamanı guya türklərin bunlara qarşı etdiyini deməyə başladılar. Bununla da bəşər tarixinin qanlı yarası olan Xolokostu heç bir tarixi istinadı olmayan qondarma erməni soyqırımı ilə eyni tutan ermənilər, əslində yəhudi soyqırımını gözdən salmağa səy göstərdilər.  

Yəhudilər ermənilərin qondarma soyqırımlarını Xolokostla eyniləşdirməsinə həmişə etiraz ediblər. Ermənilər deyiblər ki, XX əsrin ən böyük soyqırımı türklər tərəfindən məhz ermənilərə qarşı həyata keçirilib. Onlar bu məsələni “pre-Xolokost”, yəni “Xolokostdan əvvəlki Xolokost” adlandırırlar. Ermənilərə görə, əgər türklər 1915-ci ildə ermənilərə qarşı qətliam törətməsəydi, faşist Almaniyası yəhudilərə qarşı soyqırım etməzdi. Guya almanlar məhz türklərdən ilham alıb bu əməli törədiblər. Təbii ki, yəhudilər ermənilərin bu yanaşmasını sürəkli şəkildə rədd edirlər. Məsələn, 2001-ci ildə İsrailin XİN başçısı işləyən Şimaon Peres demişdi ki, erməni iddialarının heç bir mənası yoxdur.

Sitat: biz Xolokostla erməni iddiaları arasında heç bir oxşarlıq görmürük və onların dediklərini qətiyyən qəbul etmirik. Heç bir şey Xolokost ola bilməz. Ermənilərin başına gələn adi facədir. İsrail dövləti erməni məsələsində hər hansı tarixi və ya fəlsəfi mövqe sərgiləməyib. Əgər belə bir fikrimiz olsa, bunu elə edərdik ki, heç bir tarixi fakt təhrif olunmasın.

Əslində, Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var. Ermənilər birinci dünya müharibəsi dövründə guya özlərinə qarşı olan “qeyri-insani” münasibətin beynəlxalq səviyyədə tanıdılması məsələsində ikinci dünya müharibəsi dövründə yəhudi xalqının soyqırıma məruz qalmasını əsas maneə kimi görürlər. Bir vaxtlar İsrailin “Haaretz” qəzetində yazılan məqalədə deyilirdi ki, sitat: yəhudi tarixçi Mark david Bear “erməni soyqırımı”nı inkar edən yəhudilərdən söz düşəndə deyir ki, bunun tarixi qədimdir. Onun şəxsi fikrincə, soyqırımı tanımalıdırlar. Amma Türkiyədə yaşayan, eləcə də İsrailin öz əhalisi olan yəhudilərin əksər hissəsi “erməni soyqırımı”nın tanınmasına qarşı çıxır. Səbəb də odur ki, tarixi dövrlərdə bəzən yaxşı olmayan münasibət görsələr belə, yəhudilər türk millətinə yaxın dost olublar və bu gün də əcdadlarından qalan bu mövqeyə sadiqdirlər. Hətta ötən əsrin əvvəllərində - ermənilərin qırğınlara məruz qaldığı vaxtlarda da, yəhudilər türklərin çox humanist və insansevər, sadəcə yaxşılıq edən millət olduğunu deyir və müdafiə edirdilər. Sonrakı onilliklərdə də, 500 illik ənənələrinə uyğun olaraq, yəhudilər ermənilərin guya soyqırıma məruz qalmalarına qarşı iddialarını rədd etdilər və hətta bəzi ölkələrin bu qırğını soyqırım olaraq tanınmasının qarşısını aldılar. Ən maraqlısı odur ki, qondarma erməni soyqırımının tanınmaması tələbi ilə çıxış edənlərin önündə İsrail dövləti ilə yanaşı, ABŞ-dakı yəhudi lobbisi də vardı. Anti-erməni yəhudi cəbhəsinin tanınmış simaları arasında isə, israilin keçmiş prezidenti Şimon Peres və Moşe Katsavın adını çəkmək olar.

Ola bilər bütün bunların nəticəsidir ki, günümüzdə Ermənistanda antisemitizmdən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün istifadə olunur. "WikiLeaks" da ABŞ Dövlət Departamentinin 2008-ci ilə aid "Ermənistan mətbuatı müxalifəti pisləmək üçün antisemitizmdən istifadə etməyə davam edir" başlığı altında bir məlumat ifşa etmişdi. Hətta həyat yoldaşının yəhudi olduğu deyilən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da antisemit tənqidlərdən qaça bilməmişdi. Bundan başqa, 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Ermənistana xoşməramlı səfərlər edən Amerika-Yəhudi təşkilatları da Ermənistan mediasında antisemit tənqidlərə məruz qalmışdılar. Ermənilər erməni-yəhudi qarşıdurmasının tarixi kökləri olduğunu bildirir və bunu semitlərlə arilərin qarşıdurması kimi qələmə verirlər.

Araşdırmaçıların qənaətincə, İsraili türk milləti ilə və bu müstəvidə Türkiyə və Azərbaycanla yaxın edən əsas məqamlardan biri İsrail-Suriya-Yunanıstan-Ermənistan birliyinin de-fakto formalaşdırılmasıdır. Bu təhlükədən yəhudiləri qoruyacaq ittifaq isə Türkiyə-Azərbaycan-Orta Asiya türk dövlətləri ola bilər. Ona görə də Ermənistan özünə rəqib, yeri gələndə isə düşmən gördüyü İsraillə ziddiyyət yaşayır. Əlbəttə, üzdə özünü tərəfdaş kimi göstərir, gizlində isə İsrailə və yəhudi xalqına qarşı düşmənçilik edir. Ötən əsrin əvvələrində Azərbaycan ərazisində tüğyan edən erməni quldur dəstələrinin əsas hədəflərindən biri də yəhudlər olub. Azərbaycan Fövəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi qətlə yetirilməsinə dair faktlar əksini tapıb. ASALA kimi terror təşkilatlarının da hədəfi türklərlə yanaşı, həm də yəhudilər olub. 1980-ci ildə ASALA-nın başçısı olan Akop Akopyan 1972-ci ildə Münxendə Olimpiya oyunlarında iştirak edən İsrail  milli komandası üzvlərinin qətlə yetirilməsində fəal iştirak edib.

Hətta ermənilər 1915-ci ildə guya baş vermiş qətliamın arxasında yəhudilərin dayandığını iddia edirlər. Ernənilərə görə, guya məhz yəhudilər Osmanlı sultanını erməniləri məhv etməyə inandırıblar. O vaxtdan ermənilərdə daha da kükrəyən anti-semit nifrəti hətta Sovet dönəmində də azalmayıb. Sadəcə SSRİ-də bu nifrəti üzə çıxarmağa geniş imkanları olmayıb. Ona görə də müstəqilliyin ilk günündən bu düşmənçiliyi icraedici müstəviyə yönəldiblər. Öncə Ermənistanda yaşayan yəhudilərin deportasiyasına nail olublar. Nəticədə bu gün Ermənistanın rəsmi statistikasına əsasən, bu ölkədə (həm də Qarabağda) 500-dən az sayda yəhudi ailəsi yaşayır. Amma onlar da zaman-zaman anti-semit əhvallı ermənilərin mənəvi hücumlarına dözməli olurlar.

Bu gün Ermənistan cəmiyyətinin bir qismi düşünür ki, Amerikada və Avropada gizli yəhudi şəbəkəsi və ya dərindövləti fəaliyyət göstərir. Məhz bu şəbəkə tarixi düşmənçiliyin davamı olaraq Qərb dünyasında Ermənistanı və erməni lobbisini çətin vəziyyətlərə salır. Bu anlayış bir çox hadisədə, o cümlədən 1997-ci ildə rus ordusunun Ermənistanda qalmağa davam etməsi üçün parlamentdə keçirilən səsvermədən sonra daha da dərinləşib. Həmin vaxt parlament səs birliyi ilə rus bazasının Ermənistanda qalmasına səs verib, cəmi dörd deputat əleyhinə çıxıb. Səsvermədən sonra parlament sədrinin müavini Ara saakyan həmin dörd deputatı və onların arxasında dayanan erməni insanlarını İsrailə və yəhudi lobbisinə işləməkdə, onların siyasətini icra etməkdə günahlandırıb. Həmin vaxt Ermənistan Milli Demokratik Birlik Hərəkatının yayım orqanı olan “Ajzm”də dərc olunan məqalədə deyilirdi ki, sitat: yəhudi deyincə, Erməni iqtidarının ağlına bütün Qərb dünyası, İsrail və ABŞ gəlir. Erməni cəmiyyətinin qorxusu heç də ölkədə yaşayan azsaylı yəhudi icmasından deyil, məhz İsrail və arxasında dayanan Qərb dünyasından qaynaqlanır.

Ümumiyyətlə, ermənilərlə yəhudilər aarsında tarixi etimadsızlığın olduğunu və bunun əsrlər boyu zaman-zaman düşmənçilik müstəvisinə qalxdığını görmüşük. Bunun səbəblərini belə qeyd edə bilərik: Tarixi səbəblər, dini səbəblər, Qərbə qarşı etimadsızlıq, Azərbaycan dövlətinə və onun neft-qaz sektoruna İsrail və yəhudi lobbisinin yanaşması, İsrailin qondarma soyqırım iddialarına münasibəti, xüsusilə son vaxtlaradək və bu gün də müəyyən mənada və gizli şəkildə Türkiyə–İsrail əməkdaşlığı və sair. Bunlardan ilk üçü – tarixi və dini səbəblər və Qərbə etimadsızlıq məhz İsrail-Türkiyə-Azərbaycan əlaqələri müstəvisində inkişaf etməkdədir.

Bu yerdə qeyd edək ki, son 15 ildə İsrailin və yəhudi lobbisinin Qafqaz siyasətinin əsasında Xəzərin karbohidrogen ehtiyyatları dayanır. Məsələn, Amerikalı yəhudi iş adamları bölgənin neft və qaz layihələrində daha çox pay almaq və məhsulu dünya bazarına ən təhlükəsiz yollarla çıxarmaq məsələsində çox fəaldırlar. Bu da Azərbaycanın bütün mənalarda mövqeyinin daha da güclənməsinə gətirib çıxarıb. Yəhudilər yaxşı bilir ki, Ermənistanın çox kiçik və o qədər də əhəmiyyət kəsb etməyən təbii ehtiyyatları var. Üstəlik, Ermənistan qonşularına qarşı yürütdüyü irtica siyasətindən dolayısı qapalı şəraitdə qalıb və dünyaya çıxışı sadəcə aviayolladır. Bu da Ermənistanın heç bir baxımdan Azərbaycanla müqayisə olunmasına imkan vermir. Bütün bunları görən Amerika yəhudi lobisi, erməni qruplarının ciddi təzyiqi altında Azərbaycana qarşı qəbul edilən, dövlət yardımların qarşısını alan 907-ci düzəlişin ləğvinə çalışmaqdadır. Hətta bu və digər məsələlərdə yalnız yəhudi lobbisinin deyil, eyni zamanda, İsrail dövlətinin ciddi fəaliyyətləri Ermənistanı narahat etməkdədir. Nəzərə almaq lazımdır ki, ərəb dünyası və İranla düşmənçiliyin ən dərin dövrlərini yaşayan İsrail üçün, Azərbaycan və onun timsalında türk dünyası yalnız yanacaq-enerji bazası yox, həm də əvəzsiz bazardır. Bu səbəbdən də bəzən, məsələn, Türkiyə ilə yaşanan hansısa kiçik problem İsrailin türk dünyasına baxışlarını dəyişə bilməz, əksinə, hər iki tərəf çalışacaq ki, dostluq və tərəfdaşlıq daha da genişlənsin.

İsrailin, Azərbaycanın neft və qazını dünya bazarına daşıyan kəmərlərin ərazisindən keçdiyi Gürcüstanla da yaxşı münasibətləri var. Bu da o deməkdir ki, Gürcüstan Rusiyanın nəzarətindəki Qafqazda ABŞ-ın maraqlarını tam qaydasında qorumaqdadır. Bəlkə bu səbəbdəndir ki, Rusiya ermənilərin İsrailə və yəhudi xalqına tarixi düşmənçilik münasibətlərindən faydalanaraq, Ermənistanı şər-böhtan silahı ilə birlikdə lazım olan vaxtda Təl-Əviv hökumətinin üstünə salır. Budur: Ermənistan heç bir əsas olmadan İsraildəki səfirini geri çağırır. Niyə, guya İsrail Azərbaycana müasir silah-sursat verib və ya satıb. Hansı ki, hamıya da bəlli olduğu kimi, xeyli illər öncə Azərbaycan İsraildən silah idxal etmiş ola bilər və bu da çox normaldır. Amma günümüzdə İrəvan keçmişdə qalmış bu faktdan əzəli düşməni İsrailə qarşı acığını çıxmaq üçün istifadə etməməlidir. Çünki etdiyi halda çox gülünc durunma düşür.

Hə, onu da xatırladaq ki, İsrailin Azərbaycanda uzun illərdir səfirliyi fəaliyyət göstərsə də, indiyədək Ermənistanda belə bir diplomatik nümayəndəlik açmayıb. Hansı ki, Ermənistan təxminən 2000-ci illərdə Təkl-Əvizdə səfirlik yaradıb. Günümüzdə İsrailin Ermənistanla əlaqələri Gürcüstandakı yəhudi səfirliyinin vasitəsilə icra edilir. Baxmayaraq ki. Azərbaycanın İsraildə səfirliyi yoxdur (İsrailə köçmüş 100 min Azərbaycan əsilli yəhudinin hər biri özünü bu dost ölkədə Azərbaycanın səfiri sayır), bu heç də Təl-əviv-Bakı münasibətlərinə nəinki mənfi təsir etmir, əksinə, əlaqələrimiz ildən-ilə daha da genişlənir.