Regionda marağı olan böyük dövlətlərin Azərbaycanın erməni təxribatına qarşı 12-14 sentyabr “Qətiyyətli cavab” əməliyyatından sonra narahat olmağa başladığı müşahidə edilir. ABŞ Nümayəndlər Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfər edib “vay-şivən”indən sonra Fransa da hərəkətə keçib. Belə ki, artıq xəbərlər yayılıb ki, Fransa Müdafiə Nazirliyi sərhəddəki vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərəcək. ABŞ rəsmiləri delimitasiya aparılmadığı təqdirdə, sərhədlərin təyin olunmadığına baxmayaraq, yenidən Azərbaycanı Ermənistan ərazisinə girməkdə təqsirli bilərək, ordumuzun təcili geri – əvvəlki mövqelərinə çəkilməsi ilə bağlı bəyanatlar səsləndirməkdə davam edirlər. Fransa və ABŞ-ın belə bir mövqedən çıxış etməsi nəyə hesablanır?
Bu barədə hafta.az-a açıqlama verən hərbi təhlilçi Alp Arslan İmamqulu bildirib ki, Ermənistan bu dəfə Qərbin açıq himayəsinə götürülüb:
“29 il ərazilərimizin işğal altında qalmasına laqeyd qalan Qərbin gerçək üzü aşkardadır. Bu "qlobal polis" dövlətləri indi də deyəsən, terrorizmin keşikçisi olmaq həvəsinə düşüblər”.
Hərbi təhlilçi hesab edir ki, regionda marağı olan güclərin nə istəməsindən asılı olmayaraq, nə olur-olsun Azərbaycanın bir yolu var. O da ərazilərini varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsinə müvafiq olaraq delimitasiya edərək, terror yuvalarını sonsuzadək söndürməkdir.
“2020-ci ilin Vətən müharibəsində bizi qiymətləndirənlər bir çox şeyi nəzərə almamışdılar. Əslində isə görə bilmədikləri ən əsas məqam müqəddəs yolda irəliləyənlərin daim yanında olan Uca Allahın görünməz iradəsidir!” – A.A.imamqulu bildirib.