Qarabağ nizamlanmasının açarı bir vaxtlar Rusiyanın əlində idi, indi isə onu itirib. Hafta.az bildirir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
“Rusiyanın timsalında Ukrayna hadisələri olmasaydı, hər şey daha konstruktiv olardı. Bir vaxtlar Qarabağ məsələsinin həllinin açarı Rusiya Federasiyasının əlində idi, indi isə Moskvanın mövqeyi o qədər çətindir ki, bu açarı itirib”, – Ter-Petrosyan hesab edir.
Onun sözlərinə görə, dünyada mövcud vəziyyət Karib böhranından da pisdir.
Ermənistanın birinci prezidenti Rusiya, ABŞ və Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllində imkanlarını müqayisə edərək, Ukraynadakı vəziyyətə görə Moskvanın potensialının zəiflədiyini vurğulayıb.
Sabiq dövlət başçısının nöqteyi-nəzərindən ABŞ və Aİ-nin Ermənistan tərəfinin vəziyyətinin pisləşməməsinə yardım imkanı var. Amma hər şey Vaşinqton və Brüsselin Ukrayna məsələsinə nə dərəcədə ciddi qarışmasından asılıdır.
Ter-Petrosyan onu da əlavə edib ki, hazırda İrəvanın Dağlıq Qarabağ məsələsində iştirakı humanitar yardım və iqtisadiyyatın bərpası ilə məhdudlaşır.
“Ermənistan artıq Qarabağ məsələsində mühüm rol oynamır, onun səs hüququ yoxdur”, - Ermənistan Respublikasının keçmiş prezidenti deyib.