Yaxın zamanlarda bu məhsulların ölkəmizdə istehsalına start veriləcək
“Ölkəmizdə polietilen torbaların məhdudlaşdırılması və birdəfəlik istifadə olunan plastik qabların qadağan olunması istiqamətində addımlar atılıb. Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların (pinqvin torbalar) dövriyyəsinin qadağan olunması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılıb, qərar qəbul olunması üçün hökumətə təqdim edilib. Eyni zamanda, qalınlığı 15-50 mikron olan polietilen torbaların marketlərdə alıcılara ödənişli təqdim olunması ilə bağlı məsələ də gündəmdədir”. Bunu Azərtac-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin ekoloji risklərin təhlili və qiymətləndirilməsi sektorunun müdiri Mehman Nəbiyev bildirib.
Onun sözlərinə görə, nazirlik tərəfindən bu layihələr razılaşdırmada olduğu müddətdə geniş təbliğat tədbirləri, o cümlədən marketlərdə bu torbalardan imtina ilə bağlı çağırışlar, alternativ parça torbaların pulsuz paylanması həyata keçirilib: “Bu tədbirlərin nəticəsi olaraq marketlərin bir çoxunda parçadan, ətraf mühitə zərər verməyən biomateriallardan hazırlanmış torbaların satışına başlanılıb və belə torbalar ölkəmizə idxal olunur. Lakin yaxın zamanlarda bu məhsulların ölkəmizdə istehsalına da başlanılacaq. Artıq biznes qurumları ilə ilkin razılaşmalar əldə olunub. Hazırda bir dəfə istifadə olunan plastik qab-qacaqların (çəngəl, bıçaq, qaşıq, boşqab, çubuq, stəkan, yemək konteynerləri) istifadəsinin qadağan olunması ilə bağlı təkliflərimiz aidiyyəti qurumlarla birgə qiymətləndirilir”.
Qurum rəsmisi onu da vurğulayıb ki, artıq özəl sektorun alternativ qablaşdırmaya marağı artmaqdadır: “Ötən il bir neçə belə müəssisə fəaliyyətə başlayıb. Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə ayrı-ayrı fiziki şəxslər tərəfindən kağız torba istehsalına başlanılıb. Həmçinin qeyd etdiyimiz kimi, polietilen torbaların əvəzində bioparçalanan torbaların ölkəmizdə istehsalı üçün özəl sektor tərəfindən investisiya layihələri icra olunur”.
Sektor müdiri öz açıqlamasında həmçinin qeyd edib ki, nazirliyin təşkilatçılığı ilə mütəmadi olaraq sahilboyu və digər ərazilərin plastik tullantılardan təmizlənməsi aksiyaları keçirilir: “Bu istiqamətdə nazirlik tərəfindən məktəblilər, tələbələr, ayrı-ayrı peşə sahibləri, jurnalistlər, istehsal müəssisələrinin nümayəndələri və səfirlik əməkdaşları ilə birgə mütəmadi iməciliklər keçirilib. Sahilboyu çimərliklərin ətraf əraziləri plastik və digər tullantılardan təmizlənib. Toplanmış tullantılar bu tədbirlərin iştirakçısı olan təkrar emal müəssisələrinə təhvil verilib. Belə tədbirlərin məqsədi çirklənmiş ərazilərdən daha çox tullantı toplamaq deyil, geniş ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltməkdir. Yəni, bu tədbirlər insanları ətraf mühiti çirkləndirməkdən çəkindirmək məqsədi daşıyır. Eyni zamanda, aidiyyəti qurumları, xüsusilə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarları bu məsələlərə daha çox diqqət yetirməyə təşviq edir. Digər tərəfdən, bütün yaş qrupları, o cümlədən məktəblilər, tələbələr və digər hədəf qrupları arasında plastik tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emala çatdırılması mövzusunda təlimlər keçirilib, təşviqat materialları, məktəbdənkənar vəsaitlər, videoçarxlar, animasiya filmləri, posterlər hazırlanıb və geniş ictimaiyyətə təqdim olunub. Eyni zamanda, ümumtəhsil məktəbləri, universitetlər, elmi institutlar, istehsal və təkrar emal müəssisələri ilə birgə maarifləndirici layihələr icra edilib, plastik tullantıların toplanması üçün xüsusi konteynerlər hazırlanaraq məktəblərdə, universitetlərdə, parklarda, yaşayış məntəqələrinin yaxınlığında yerləşdirilib. Bu konteynerlərdə toplanan plastiklər təkrar emala çatdırılıb. Təkrar emal müəssisələrinin qiymətləndirməsinə görə ötən illərlə müqayisədə plastik tullantıların toplanma faizi iki dəfədən çox artıb”.
Yeri gəlmişkən müşahidələrə görə, sellofan paketlər alıcılar tərəfindən orta hesabla 12 dəqiqə istifadə olunur. Məhsul paketdən çıxarıldıqdan 12 dəqiqə sonra təbiətə atılan bu paketlərin torpağa qarışması üçün 100 illər lazımdır. ABŞ-da ekoloqların araşdırması nəticəsində məlum olub ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Yəni, alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərər sayılmayacaq dərəcədə çoxdur. Bunu nəzərə alan dünya ölkələri artıq sellofan paketlərdən imtina edir. Ümumilikdə 40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə hətta turistlərin polietilen məhsullarla gəlməsinə belə icazə verilmir. Bir sıra ölkələrdə isə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir.
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2017-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı tədbirlər görülməsi zəruri sayılır.
Son illərdə Azərbaycanda da bu istiqamətdə bir çox məqsədyönlü işlər görülüb. Belə ki, ölkəmizdə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Eyni zamanda, Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirlər Planı plastik qablaşdırma məhsullarının kütləvi istifadəsinin bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsirinin qiymətləndirilməsi əsasında bu sahədə çirklənmənin azaldılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanıb. Tədbirlər Planının hazırlanması məqsədilə ölkəmizdə bu sahə üzrə mövcud vəziyyət araşdırılıb, habelə beynəlxalq təcrübəyə əsaslanaraq plastik qablaşdırma tullantılarının toplanması, daşınması, utilizasiyası və təkrar emalı zənciri boyu yüksək səmərəlilik və keyfiyyət səviyyələri, tənzimləyici mexanizmlər, istifadə olunan idarəetmə prinsipləri və digər istiqamətlər üzrə təhlillər aparılıb. Həmçinin ölkədə bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübələrindən istifadə edilərək strateji məqsədlər müəyyənləşdirilib.Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Burada sahə üzrə idarəetmənin səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin sürətləndirilməsinə ehtiyac var: "Bu gün bir çox dünya ölkələrində bu torbaların istifadəsindən imtina edilib. Lakin keçmiş MDB məkanında, Rusiyada, Ukraynada, Azərbaycanda çox nazik sellofan torbalar hələ də satılır. Azərbaycanda supermarket sahibləri elə başa düşür ki, bu torbalarla istehlakçılara yüksək səviyyədə xidmət göstərirlər. Əslində bu torbalar ətraf mühiti və ekologiyanı sürətlə çirkləndirir. Həmçinin bu torbaları yandırdıqda havaya qaz buraxılır. Bu sahədə bu gün Azərbaycanda müxtəlif problemlər mövcuddur”.
E.Hüseynovun sözlərinə görə, ölkəmizdə bununla bağlı xüsusi komissiya fəaliyyət göstərir: “Sözügedən komissiya əsasən tullantıların idarə olunması işini həyata keçirməklə məşğul olur. Əsas məqsəd Azərbaycanda polietilen torbalardan tamamilə imtinaya nail olmaqdır. Hətta sırf bu məqsədlə Azad İstehlakçılar Birliyinin həyata keçirdiyi bir neçə layihə də var. Misal üçün, çalışırıq ki, köhnə bazar torbalarının yenidən istifadəsinə nail olaq. Sellofan torbalar istehlakçılara daha baha qiymətə satılmalıdır ki, bu torbalardan az istifadə olunsun. Bu sahədə müxtəlif maarifləndirmə işi də aparılır. Həmin torbaların yandırılması, kompakt şəkildə toplanması istiqamətində işlər aparırıq”.
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.