Fərid Əzizovun adı Dünya Azərbaycanlılarının Bioqrafiya Bankına düşüb

10:22 19.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tanınmış azərbaycanlı Fərid Əzizovun adı Dünya Azərbaycanlılarının Bioqrafiya Bankına düşüb.

Hafta.az yazır ki, karate üzrə 5 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, “Qara kəmər” sahibi, jurnalist Fərid Əzizov 15 fevral 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-2003-cü illərdə Suraxanı rayonunda yerləşən Milli Qəhrəman Səməd Abdullayev adına 290 saylı orta məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra 2003-2005-ci illərdə hərbi xidmətə yollanmış və cəbhə bölgəsində qoşun kəşfiyyatçısı kimi xidmət göstərib.

2009-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2005-ci ildə hərbi xidməti başa vurduqdan sonra “Çağrı İctimai Birliyi”ni təsis edib. 2009-cu ildə təsis etdiyi Xeyriyyə cəmiyyəti “NETTY 2009” Milli internet mükafatının nominantı olub. Xeyriyyə cəmiyyəti həmin il “Azərbaycan İnternet Formu”nun təsis etdiyi Millinet mükafatının qalibi olub.

2009-cu ildə təhsilini bitirdikdən sonra müxtəlif qəzet və jurnallarda müxbir kimi fəaliyyət göstərib. 2010-2011-ci illərdə “Qurtuluş media şirkəti”ndə efir direktoru vəzifəsində çalışıb. 2013-cü ildə “Kral Media Group” şirkətini təsis etmişdir. 2008-2017-ci illərdə Azərbaycan Respublikasında keçirilən respublika turnirlərində iştirak edərək karate üzrə respublika çempionu olub. Karate üzrə 3-cü dan “qara kəmər” sahibidir.

2015-ci ildə Kanada, 2016-da Rusiya, 2017-də Bolqarıstan, 2018-də Ukraynada keçirilən dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Fərid Əzizov 2018-ci ildən etibarən Avstriya Respublikasında fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədridir. Bunlarla yanaşı, 2005-ci ildən bu günə qədər ictimai işlərdə fəal üzv olaraq yaxından iştirak edir.