Cari ilin mart ayının 1-dən etibarən, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu başlanmışdır. Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Hafta.az-ın əməkdaşları gələcəyin “can qurtaran”larını yetişdirən bu təhsil ocağının qonağı oldu. Akademiyada kursantlar üçün yaradılan şərait, təhsil səviyyəsi və digər məqamları yaxından izlədik. Əvvəlcə onu deyə bilərik ki, burada daimi və dəyişən heyətin sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görülüb.
Rəislə görüş
Akademiyanın rəisi, general-mayor Baba Salayev bizə öncə təhsil müəssisənin strukturu, vəzifələri, hazırkı fəaliyyəti və gələcək hədəfləri ilə bağlı məlumatlandırdı: “Akademiyada 4 fakültə və 6 kafedrada ştat üzrə professor-müəllim heyəti 55 nəfər, digər ali təhsil müəssisələrindən dəvət olunmuş və saathesabı dərs deyən müəllimlər 16 nəfərdir.

Ümumən, Akademiyada elm və tədris işlərinə 3 professor, 4 elmlər doktoru, 26 fəlsəfə doktoru (elmlər namizədi) cəlb olunmuşdur. Akademiyanın magistraturasında 29 magistrant, bakalavriatın əyani şöbəsində 392 kursant, qiyabi şöbəsində isə 158 dinləyici təhsil alır. Tədris-təlim prosesinin keyfiyyətinin artırılması, maddi-texniki bazanın təkmilləşdirilməsi, həm respublikamızın, həm də xarici ölkələrin aparıcı ali təhsil müəssisəsisələri ilə əməkdaşığın genişləndirilməsi və s. istiqamətlərdə ciddi işlər həyata keçirilir.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyası və Müdafiə Nazirliyinin Hərbi Akademiyası ilə əməkdaşlığımız mövcuddur. Bu günlərdə Azərbaycan Texniki Universitetinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət İqtisad Universitetinin rəsmiləri ilə görüşlərimiz nəzərdə tutulur. Onlarla təhsil və elm sahəsində, həmçinin idman və mədəni-kütləvi tədbirlərin birgə təşkilinə dair əməkdaşlıq barədə müqavilə imzalayacağıq.
Xarici ölkələrdən Rusiya, Ukrayna və Belarusun bir sıra xüsusi təyinatlı ali təhsil müəssisələri ilə əlaqələrimiz mövcuddur. Eləcə də, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, İngiltərə, Polşa və s. dövlətlərin təhsil müəssisələri ilə də əməkdaşlığın qurulması planlaşdırılır. Yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinin dəstəyi ilə Akademiyanın ərazisində Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən republikamızda analoqu olmayan peşə hazırlığı poliqonu yaradılır. Qurğuların bir qismi artıq quraşdırılmış, bu iş üçün Rusiyadan mütəxəssislər cəlb olunmuşdur. Onlar həm avadanlıqların quraşdırılmasını, həm də əməkdaşlarımızla müvafiq kursların keçirilməsini yerinə yetirirlər. Mart ayının 7-də növbəti dəfə Rusiyadan 10 nəfərlik mütəxəssis heyəti gəlməlidir. Poliqonda qəza-xilasetmə sahəsində alınan nəzəri biliklərin təcrübi məşğələlərdə tətbiqini təmin edəcək Şturm” adlanan təlim-məşq kompleksi artıq quraşdırılmış, sualtı təlimlərin aparılması üçün böyük əhəmiyyətə malik “Baykal 1” təlim-məşq kompleksinin quraşdırılması işlərinə başlanmılmışdır.

Bundan əlavə 2019-cu ilin 3 noyabr tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı, Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupuna (İNSARAG) üzv olan müxtəlif ölkələrin komandaları, həmçinin NATO, Ümumdünya Səhiyyə Təşkilatı, ATƏT, “BP-Azərbaycan”, “MapAction” şirkətinin nümayəndələrinin iştirakı ilə Akademiyamızda “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim keçirilmişdir”.
Akademiya rəisinin sözlərinə görə, rəhbərlik etdiyi təhsil müəssisəsinə mütəmadi olaraq müharibə veteranları, Milli Məclisin deputatları, görkəmli yazıçılar, şairlər, digər tanınmış insanlar dəvət edilir və onların kursantlarla görüşləri təşkil olunur. “İndi 44 günlük Vətən Müharibəsi ilə bağlı kitabın hazırlanması üzərində iş aparırıq. Müharibənin davametmə tarixi ərzində baş vermiş hadisələr addım-addım kitabda öz əksini tapacaqdır. Kitabımız təxminən 1 ay müddətinə hazır olacaqdır”.
Baba Salayev onu da qeyd etdi ki, pandemiya dövründə digər ali təhsil ocaqlarında olduğu kimi, Akademiyada tədris-təlim prosesi məsafədən (distant) formada, onlayn rejimdə təşkil edilirdi. Cari ilin 16 fevral tarixindən etibarən kursantlar ənənəvi dərslərə cəlb olunmuşdur. Hazırkı şəraitdə təhsil alan hər bir kursant diqqət və qayğı ilə əhatə olunub:
“Ümumiyyətlə müəssisəmizin bütün əməkdaşlarının, yəni həm daimi, həm də dəyişən heyətin sağlamlığı daim nəzarət altında saxlanılır. Bu işdə Akademiyanın tibb məntəqəsi aktiv fəaliyyət göstərir. Hər gün səhər və axşam vaxtlarında kursantların temperaturu ölçülür, digər tibbi prosedurlar həyata keçirilir. Kursantların səhhətində yaranan müəyyən problemlər zamanı onların qısa zaman ərzində tibb müəssisəsinə çatdırılması üçün 24 saat müddətində fasiləsiz fəaliyyət göstərən “təcili yardım” maşını nəzərdə tutulmuşdur.
Kursantların qidalanması üçün nəzərdə tutulan ərazq məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur. Alınan ərzaqlar hər il Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçirlər”.
Daha sonra general-mayor B.Salayev Akademiyanın ərazisindəki İdman-Sağlamlıq Klubundan, burada keçirilən beynəlxalq yarış və tədbirlərdən də söz açdı. 28 dekabr 2019-cu ildə cənab Prezidentin şəxsən həmin kompleksin açılışında iştirak etdiyini vurğuladı:
“2 il öncə burada voleybol üzrə dünya çempionatı keçirilmişdi. Bundan başqa, kompleksdə çox sayda idman yarışları da baş tutur. Kursantlar hər səhər fiziki məşğələlərə cəlb edilir. Hava şəraiti əlverişsiz olduqda məşğələlər xüsusi ayrılmış yerlərdə təşkil olunur. Akademiyanın 30 nəfərdən ibarət orkestri də mövcuddur. Həftənin birinci və dördüncü günləri keçirilən ümumi sıra yerbəyeri tədbirində orkestr tərəfindən dövlət himninin, təntənəli keçid üçün nəzərdə tutulan marşların səsləndirilməsi, həmçinin mədəni-tamaşa tədbirləri zamanı müxtəlif tipli musiqi nümunələrinin ifa edilməsi həyata keçirilir. Akademiya marşının musiqisi də məhz orkestrin dirijoru tərəfindən bəstələnmişdir”.
Sonda isə FHN Akademiyasının rəisi növbəti illərdə burada təhsil almaq istəyən abituriyentlərə səslənərək müəssisənin onların gələcəyinə verəcəyi töhfələri sadaladı:
“Akademiyaya daxil olmaq hər bir abituriyentin sərbəst seçimidir. Üstünlüklər isə ondan ibarətdir ki, Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, aylıq 170 manat təqaüd alırlar. Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər”.
Qəbul qaydaları
Daha sonra Akademiyaya abituriyentlərin sənəd qəbulu prosesi ilə yaxlından tanış olduq. İllik qəbul planında bakalavriat səviyyəsi üzrə əyani təhsilə 100 kursantın, qiyabi təhsilə 60 dinləyicinin, magistratura səviyyəsi üzrə 15 magistrantın qəbulu planlaşdırılır.
Bu işdə bizə Akademiyanın rəis müavini, polkovnik İlham Babaşov, Tədris şöbəsinin rəisi, polkovnik Ramiz Əsilbəyli, Yanğın təhlükəsizliyi ixtisası fənlər kafedrasının rəisi, polkovnik Kazım Kazımov və Ümumi şöbənin rəis müavini, baş leytenant İradə Dadaşova bələdçilik etdi.

İlk öncə Akademiyaya qəbul qaydaları ilə maraqlandıq. Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2021-ci ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2021-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Akademiyada yaradılmış sənəd qəbulu komissiyası tələb olunan sənədləri yoxlayaraq qəbul edir. Əgər hər şey qaydasındadırsa, abituriyentə xüsusi həkim ekspertiza komissiyasını keçmək üçün göndəriş verilir. Elə məlumat alarkən Gəncə şəhərindən gələn abituriyentin keçdiyi sənəd qəbulu prosesini də izləmiş olduq.

Ardınca Akademiyanın həyətində qarşılaşdığımız magistratura səviyyəsi üzrə təhsil alan magistrantlarla söhbət apardıq. Magistrant Mahmudzadə Anar deyir ki, kursant təhsilini də burada alıb. Daha sonra, iş təyinatı almadan birbaşa magistraturada təhsilini davam etdirmək qərarına gəlib.

Magistrant Emin Rəhimov da təhsil səviyyəsinin keyfiyyətindən razıdır:
“Bu həm nəzəri, həm də praktiki cəhətdən özünü göstərir. Öncə nəzəri olaraq öyrəndiyimiz anlayışları praktikada tətbiq etdikdən sonra daha da təkmilləşdirdik”.
Qeyd edək ki, Akademiyanın inzibati binasının birinci mərtəbəsində ixtisaslaşdırılmış laboratoriyalar mövcuddur. Elə həmin mərtəbədə Heydər Əliyev Mərkəzi və muzey də fəaliyyət göstərir.
Muzey
Muzeylə bağlı məlumat verərkən İradə xanım bildirdi ki, burada müəssisənin 10 il ərzindəki fəaliyyəti qısa formada öz əksini tapır:

“Muzeyimiz 2 hissədən ibarətdir. Birinci hissə onillik tariximizi əhatə edir. Burada Akademiyanın ilk məzunlarının fotoları, gələn qonaqların hədiyyələri, fərman və sərəncamlar, ötən əsrin yanğınsöndürmə alətləri nümayiş edilir.

İkinci hissədə isə Akademiyanın bayrağı, kursantların müxtəlif sahələr üzrə geyim formaları sərgilənir. Bundan başqa, içəridə “Yaş kötüyü” guşəsi də yaradılıb ki, burada da təhsil müəssisəsini bitirənlər öz məzun olduqları ili xatirə olaraq həmin lövhəyə vurub. Hələlik burada 7 tarix həkk edilib.

Muzey daxilindəki digər guşədə isə Akademiya yarandığı gündən təyin edilən rəislərin fotoları əks olunub”.
Heydər Əliyev Mərkəzi
Təhsil müəssisəsinin daxilində yerləşən Heydər Əliyev Mərkəzinin digərlərindən fərqi ondadır ki, buradakı nümayiş etdirilən şəkillərin böyük əksəriyyəti başqa yerlərdə yoxdur. Eyni zamanda, bura təkcə mərkəz kimi fəaliyyət göstərmir, tarixi günlərdə tədris hissəsi kimi də istifadə olunur.

Polkovnik İlham Babaşov bildirdi ki, pandemiyadan öncə Heydər Əliyev Fondunun dəstəyi ilə mərkəzə 4 internat-məktəbinin uşaqları gətirilmişdi. Uşaqlara mərkəzlə tanışlıqla yanaşı yanğından qorunmaq üçün ilkin məlumatlar verilmişdir.

Nəzərinizə çatdıraq ki, mərkəzin daxilində Heydər Əliyevin orta təhsil attestatı və diplomunu əks etdirən çox maraqlı fotolar əks olunub.

Akademiyanın uzun və qarışıq dəhlizindən keçərkən, müsahiblərimizlə hər məqamı gözdən keçirirdik. Elə söhbət əsnasında polkovnik İlham Babaşov ötən il pandemiya ilə bağlı olaraq Akademiyaya kursant qəbulunun keçid balının 350-yə qədər enməsini də söylədi. Əlavə etdi ki, artıq bu ildən keçid balının 400-420 civarında olması gözlənilir:
“Kadr seçiminə də ciddi nəzarət edirik. Bu həm Akademiyanın, həm də ölkənin inkişafına birbaşa təsir edən amildir”.
Yolumuza davam edirik... Növbəti müsahibimiz Yanğın təhlükəsizliyi ixtisas fənlər kafedrasının rəisi, polkovnik Kazım Kazımovdur. O, bizlərə kafedra haqqında ilkin məlumatları verdi. Bildirdi ki, kafedrada ali təhsilin 2 səviyyəsi üzrə dərslər həm nəzəri, həm də praktiki formada tədris olunur: bakalavriat və magistratura:
“Akademiyamızda kompüter proqramları vasitəsilə təchiz olunmuş siniflər mövcüddur. Hansı ki, burada kursantları birbaşa yanğınsöndürmə prosesini kompüterlə reallaşdırırlar. Dərs otaqlarında kursantlar qəza-xilasetmə və yanğınsöndürmə avadanlıqlarla əyani tanış olur. Onların tətbiqi isə poliqon və təlim qülləsində həyatə keçirilir”.
Avtomobil hazırlığı sinifi
Sinif otağında avtomobilsürmə prosesi tədris olunur. Burada kursantlara KaMaz, sedan və motosiklet sürmə bacarıqları öyrədilir. İ.Babaşov deyir ki, istifadə edilən cihazlar 2 il əvvələ qədər işlək vəziyyətdə olmasa da, indi fəaliyyətləri bərpa olunub. Bura digər vətəndaşların da sürücülük təhsili alması üçün unikal ünvandır.

Akademiyanın daxilində qarşılaşdığımız ən maraqlı otaq isə kənardan baxarkən qəfəsə bənzər fiqurlar yerləşdirilmiş sinif oldu. Burada baş verə biləcək fövqələdə vəziyyət avadanlıq və işıq effektləri ilə reallaşdırılır. Otağa xüsusi geyim ilə daxil olan kursant effektlər vasitəsilə yaradılmış maneələrin fonunda qarşıya qoyulan tapşırığı icra edirlər. Pult-idarəetmə otağından isə kamerların müşayiəti ilə kursantın hər addımı dəqiqliklə izlənilir. Bu həm də tələbənin təhlükəsizliyinə təminat verir.

Daha sonra bələdçilərin müşayiəti ilə digər sinif otaqlarını da gəzdik və dərs prosesi ilə yaxından tanış olduq.

Bəzi dərslərdə müəllimlərin yaşı 65-dən yuxarı olduğu üçün karantin qaydaları nəzərə alınaraq, məsafədən təhsil icra olunurdu.

Digər müəssisələrin əksinə olaraq, burada müəllimlər dərsə kənardan qoşulurdu.
Akademiyanın tibb məntəqəsi
Tibb xidməti mayoru Yeganə Məmmədova Akademiyadakı tibbi şəraitlə bağlı qeyd etdi ki, əməkdaşlar hər gün işə gələrkən şikayətləri soruşulur. Narahatlıq yaranıbsa, əraziyə buraxılmır. COVID-lə bağlı sahə poliklinikaları bu işlə məşğul olurlar. Kusrantlar gəlməzdən öncə isə onlardan COVID analizi götürülür. Cavabı neqativ çıxan tələbələr tədrisə cəlb olunur.


“Akademiyada 7 tibb personalı fəaliyyət göstərir. Onlardan 3-ü həkim, digərləri isə tibb bacılarıdır. Müəssisənin tibb mərkəzində 2 nəzarət palatası, təhlükəli xəstəliyi olanların yerləşdirilməsi üçün nəzərədə tutulmuş 1 izolyasiya otağı mövcuddur”.
Yataqxana korpusları
Yataqxana binasının hər mərtəbəsində 50 nəfər kursanta yaşayır. Onlar hər otağa 4 nəfər şəklində yerləşdirilib. Kursantların yataq otaqlarında dolab, çarpayı və ayrıca çəkməcələr mövcuddur.

Digər otaqda isə onların əşyaları saxlanılır. Burada təhsil alanların şəxsi çantaları, əleyhqazları yerləşdirlib. Tələbat yaranarsa, çantalarının içində kursant üçün ilk 3-5 gündə lazım olacaq hər şey – diş fırçası, təraş dəzgahı, corab, geyim, dəftər-kitab və azuqələr qoyulur.

Elə həmin mərtəbədə çay otağı da var ki, kursantlar burada mənəvi-psixoloji gərginliklərdən azad ola bilirlər. Mənəvi və psixoloji vəziyyətin yüksək olması üçün nəzərdə tutulan başqa bir otaqda isə kursantlar boş vaxtlarında stol-üstü oyunlar oynaya, qəzet, kitab oxuya, televizor izləyə bilərlər.
İdman dərsi
Akademiyanın həyətində fiziki hazırlıq dərsi keçən kursantlara rast gəldik. Tədrisi həyata keçirən müəllim isə Akademiyanın İdman, fiziki qəza-xilasetmə hazırlıq kafedrasının rəisi, professor, dünya çempionu Əhməd Hətəmov idi.

O bildirdi ki, kursantlara fənn proqramlarına uyğun olaraq gimnastika, yüngül atletika, əlbəyaxa döyüş, futbol və voleybol idman növlərinin tədrisi həyata keçirilir: “Dərs zamanı 25 nəfərlik qruplar 2 müəllim tərəfindən idarə olunur. Ümumən, Akademiyada idmana və kursantların fiziki hazırlığına böyük diqqət ayrılır.

Akademiyanın idman komandaları Fövqaladə Hallar Nazirliyində il ərzində 12 idman növü üzrə müxtəlif yarışlarda iştirak edirlər. Belə yarışlarda iştirak etmək üçün əvvəlcə Akademiyada fakültələrarası müsabiqələr təşkil edilir və hər idman növü üzrə Akademiyanın komandası formalaşır”.
Yeməkxana
Akademiyanın yeməkxanasında hər masada kursantlar 4 nəfər olmaqla əyləşirlər. Hazırda yeməkxanada növbəli şəkildə, ümumilikdə, 25 nəfər əməkdaş işləyir. Burada səhər yeməyi saat 8-ə, günorta 3-ə, axşam isə eyni qayda ilə 8-ə 15-20 dəqiqə işləmiş verilir.

Qida menyusu ilə bağlı ətraflı məlumatı isə Akademiyanın Ərzaq xidmətinin rəisi kapitan Elmir Baqiyev verdi:

“Kursantların və əməkdaşların qidalanması üçün həftənin menyusu öncədən tərtib edilir. Başlıca məqsəd odur ki, gündəlik yeməklərin hər biri həftəboyu təkrarlanmasın. Səhər yeməyində südlü siyıq, yağ, pendir, çay və cem verilib. Günorta üçün çobansalatı, qovurma vermeşil, kotlet, kompot, meyvə şirəsi, axşam isə toyuq əti ilə souz, yağ, pendir, çay nəzərdə tutulub.

Menyunun kalori dəyərinə gəldikdə isə orta hesabla, birgünlük kalori 3700-dən 4100-ə qədərdir. Yeməkxanaya gələn məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarət edilir. Elə Akademiyanın daxilində də qidaların yoxlanışı müvafiq qaydada həyata keçirilir”.
Qəza-xilasetmə fənninin tədrisi
Akademiaynın ərazisində gəzərkən, bu maraqlı dərsin tədrisinə şahid olma imkanımız oldu.
Fənnin tədrisi zamanı kursantlar yanğınsöndürənlər və xilasedicilərin təlimi üçün nəzərdə tutulan xüsusi qüllədən xilasetmə əməliyyatlarını həyata keçirirdilər. 3-cü kurs kursantı Məmmədli Hilal prosesi uğurla icra edib, sonrakı təəssüratlarını bizlərlə paylaşdı. Bildirdi ki, 2-ci dəfə icra etməsinə baxmayaraq, heç bir qorxu və həyəcan keçirmədi.

Əli Hacıyev də prosesi uğurla başa vuran 3-cü kurs kursantıdır. O isə yoldaşından fərqli olaraq, bunu ilk dəfə idi icra edirdi. Təəssüratları isə belə oldu: “2-ci mərtəbədən xilasetmə kəndirləri vasitəsilə düşdüm. İlk dəfə idi ki, bunu sərbəst edirdim. İçimdə bir az qorxu və həyəcan var idi. Buna baxmayaraq çətin gəlmədi”.
Analoqu olmayan poliqon
Akademiya ərazisində ölkəmizdə ilk dəfə, MDB ölkələri ərazisində isə yalnız Rusiyanın paytaxtı Moskva şəhərində olan poliqon qurulub. Burada tikinti işləri hazırda da davam etməkdədir. Əraziyə daha bir neçə qurğuların yerləşdirilməsi nəzərdə tutulub. Təlim zonasının növbəti tədris ili üçün hazır olması planlaşdırılır. Poliqon ötən ilin mart ayında quraşdırılsa da, pandemiya səbəbi ilə burada təlim və tədrislər bir müddət təxirə salınıb.
Tədris şöbəsinin rəisi polkovnik Ramiz Əsilbəyli yeni qurulmuş avadanlıqla bağlı danışarkən bunları söylədi:

“Keçən həftə Akademiyanın müəllim heyətindən olan 21 nəfər əməkdaşına Moskva şəhərindən gələn mütəxəssislər qrupu təlim keçib, sertifikatlaşdırdılar. Bundan sonra isə proses tədrisə daxil edilərək, kursant və dinləyicilərə də aşılanacaq. Təlim-məşq kompleksi “Şturm” adlanır. Burada qapı-pəncərələrin, dəmir barmaqlıqların, dam örtüklərinin kəsilib-açılmasını həyata keçirmək mümkündür. Qurğunun üçüncü mərtəbəsində “quyu” trenajoru yerləşdirilib. Bu trenajorda 10 metrə qədər dərinliyində quyuya düşmüş zərərçəkənin xilas edilməsi kursantlara öyrədilir”.
Təlim avtomobilləri
Akademiyada təlim üçün nəzərdə tutulan xüsusi avtomobillərdən də istifadə edilir. Polkovnik Kazım Kazımovun sözlərinə görə, tədris prosesində həmin avtomobillər kəsilir, doğranılır, lazım gəldikdə, hətta yandırılır:
“Bura hazırda yeni bir avtomobil trenajoru da gətirilib ki, o, dəyişilmiş hissələrlə təmin edilir. Məşğələ zamanı avtomobilin işarələnmiş hissələrini yandırmaq, doğramaq, şüşələrini sındırmaq, kəsmək mümkündür. Burada qəza şəraitində zərərçəkənlərin avtomobildən çıxarılması təlimlərinin keçilməsi nəzərdə tutulur”.

Akademiyanın ucsuz-bucaqsız ərazisi, möhtəşəm binası və maraqlı dərs prosesləri ilə tanış olduqdan sonra onu deyə bilərik ki, bura tək görünüşü ilə diqqətimizi çəkmədi.
Təhsil müəssisəsində ölkəmizin görkəmli nümayəndələri öz bilik və bacarıqlarını gənc xilasedicilərlə paylaşırlar. Belə müəllimlərdən biri də Hərbi kafedranın rəisi polkovnik Aprel Babayevdir. Reportajımız əsnasında onunla da müsahibəyə imkan tapdıq. Aprel Babayev Əfqanıstan müharibəsinin və Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub:

“Əfqanıstan müharibəsinə xüsusi təyinatlı olaraq qatılmışam. Burada da xüsusi təyinatlılarda xidmət etmişəm. Həyatda önəm verdiyim məfhum Vətən sevgisidir. Bu hissi gənclərə aşılamaq üçün əlimdən gələni edirəm. Vəzifəyə yeni təyin edilmişəm. Buna baxmayaraq, qısa zamanda 22 dəfə kursant heyəti ilə görüşlərim olub. Bəzi məqamlar var ki, nəzəriyyədə də, ədəbiyyatda da olmur. Onu canlı yaşayan insan daha yaxşı tərənnüm edə bilir. Gələcəkdə də bu prosesi davam etdirməyi də istəyirik”.
Ölkəmizin inkişafına böyük töhfələr verən Akademiyanın peşəkar professor-müəllim heyəti ilə tanış olduq. Burada savadlı kadrların yetişdirilməsi üçün bütün imkanlar yaradılıb. Gələcəkdə yolu FHN Akademiyasından düşəcək bütün abituriyentlərə uğurlar arzulayırıq.
Banu Hüseynli