Fransa Prezidenti Emmanuel Makron ötəngünkü açıqlamasında bir daha Azərbaycana qarşı qərəzli çıxış edib. O, Ermənistan və Azərbaycan arasında bir müddət öncə baş verən son toqquşmalara münasibət bildirərək deyib ki, Ermənistan – bizimlə unikal əlaqələri olan ölkədir. “Azərbaycan sərhəd boyu bir neçə hücum həyata keçirib. Biz onları qınadıq. Biz Ermənistanı tək qoymayacağıq”. Fransa Prezidentinin belə bir mövqe sərgiləməsi Praqada əldə olunan razılaşmalara xətt çəkə bilərmi? Ümumən, Fransanın bu mevqeyi necə dəyərləndirilməlidir?
Siyasi şərhçi Azər Hüseynov hafta.az-a açıqlamasında bildirib ki, Qarabağ məsələsinin həllində Avropanın qaz maraqları varsa, demək tam mənada ona güvənmək və bu məsələdə böyük rol oynayacağını düşünmək yanlışdır. Onun fikrincə, Azərbaycan bu münaqişənin nizamlanmasında Rusiya və Türkiyə ilə münasibətlərini düzgün qurmalıdır.
“Türkiyə bizim qardaş dövlətdir, Rusiya isə bölgəyə birbaşa təsiri olan oyunçudur. Avropa qeyri-səmimidir və ona yalnız qaz lazımdır. Ona görə də Emmanuel Makronun bu cür danışması təbiidir. Və nəzərə alsaq ki, Fransa da kifayət qədər çoxsayda erməni yaşayır və Fransa hökumətinə təsirləri bəllidir. Ümumiyətlə Avropanın "ipinin üstünə odun yığılası" deyil”.
A.Hüseynov hesab edir ki, Makron daha daxildə olan auditoriyasına işləyir. Azərbaycan öz enerji faktorundan ciddi şəkildə istifadə etməlidir. Çünki bu gün Avropanın enerji daşıyıcılarına ciddi ehtiyacı var.
“Təbii bütün görüşlər Praqadakı bütün aktorların bir araya gələməsi ilə həll oluna bilər. Bu da Türkiyə, Rusiya, Azərbaycandır. Mən Ermənistanı regionda hər hansı təsirə malik aktor hesab eləmirəm”.