“Fransaya nota verilməli, vasitəçilik missiyasından imtina edilməlidir”

19:21 13.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Fransanın erməni sevgisi və Azərbaycana qarşı qərəzli mövqeyi yeni deyil.

Bu fikirləri hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

O, xatırladıb ki, istər 30 illik erməni işğalı, istər 44 günlük Vətən Müharibəsi və sonrakı mərhələdə biz Fransanın həmişə Ermənistan mövqeyindən çıxış etdiyini, erməni maraqlarının müdafiəsində durduğunu,  Azərbaycan əleyhinə müxtəlif bəyanatlar səsləndirməsinin şahidi olmuşuq. Hətta Ermənistan "Dağlıq Qarabağı" tanımağa cürət etmədiyi halda, Fransa Qarabağda separatçıların özləri üçün adlandırdığı qondarma qurumu müstəqil dövlət kimi tanıyan qətnamə qəbul etmişdi. Yəni Fransadan başqa nə isə gözləməyə dəyməz. 

Politoloq xatırladıb ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi zamanında nəinki münasibətlərin normallaşdırılması, BMT-nin müvafiq qətnamələrinin icrası istiqamətində hər hansı bir addım atmadı, əksinə digər həmsədrlərlə birlikdə problemlərin dondurulmasına yönəlik fəaliyyət göstərdi. Bu da faktiki olaraq işğal siyasətinin legitimləşdirilməsinə xidmət eliyən  siyasət idi. 

Politoloq bəyan edib ki, bu gün də Azərbaycanla birgə Rusiyanı da qınayan, Rusiyanın sülhməramlı kontingentinin guya ki, Azərbaycan mövqeyindən çıxış etdiyini bəyan eləyən, Qarabağı mübahisəli ərazi adlandıran, onu Ermənistanın ürəyi adlandıran bir ölkənin danışıqlar prosesində iştirakı yolverilməzdir. 

“Azərbaycan bundan sonra Fransanın vasitəçiliyi ilə üçtərəfli, dördtərəfli görüşlərin keçirilməsindən imtina etməlidir. Bizim üçün əlverişli variant danışıqların Avropa İttifaqının vasitəçiliyi ilə Brüssel formatında aparılmasıdır. Çünki Fransa bu prosesdə birmənalı olaraq öz maraqlarını təmin eləmək istəyir. Bu gün sülh sazişinin imzalanması və Fransanın Azərbaycanla-Ermənistan arasında münasibətlərin  normallaşdırılmasında iştirakı sərfəli deyil.  Fransa artıq bir neçə ay olar ki, təbliğat aparır ki, Rusiya sülhməramlıları öz vəzifələrinin öhtəsindən gələ bilmir və onlar Fransa sülhməramlı kontingenti ilə əvəz olunmalıdır”.

Politoloq bu məsələnin normallaşmasında tək Fransa deyil, ABŞ-ın, Rusiyanın da maraqlı olmadığını bilıdirdi. Onun fikrincə, həmin dövlətlər də fərqli formalarda prosesə maniə törətməyə çalışırlar.

“Məsələn, Rusiya özü elə bir “sülh sazişi” hazırlayıb ki, orda Qarabağın statusu məsələsi əks olunub.  Amma bu, guya onun sonrakı mərhələdə müzakirə olunmasını nəzərdə tutur. Eləcə də ABŞ...

Artıq bütün bunlara nöqtə qoymaq lazmdır. Azərbaycan hər hansı bir ölkənin onun daxili işlərinə qarşışmasına sərt təpki göstərməlidir. Regionumuz Şərqlə-Qərbin qovuşmasında yerləşir. Regiondan Şərq-Qərb,  Şimal-Cənub dəhlizləri keçir, növbəti mərhələdə Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq. Brüssel formatındakı danışıqlar Azərbaycanın ziyanına hər hansı bir məsələni özündə ehtiva etmir.

Fransa ilə ciddi danışmağa ehtiyac var. Çünki Azərbaycanın səfirliyinə hücum olunur, Fransa buna biganə yanaşır, Azərbaycan torpaqlarının işğal olunmasını elə təqdim edir ki, guya biz kiminsə ərazilərini işğal eləmişik. Yaxud, Azərbaycanın əraziləri Ermənistan tərəfindən bombalananda Fransa buna münasibət bildirmədi. Azərbaycan ərazisində kütləvi məzarlıqlar tapılır, Fransa yenə də buna susur.  Amma bir dənə erməninin ayağına daş dəyən kimi bütün dünyanı ayağa qaldırır və sanki Azərbaycan Ermənistanda soyqırım törədib kimi bağırırlar. Ona görə də Fransaya nota verilməli, həm də vasitəçilik missiyasından imtina edilməlidir”.

Siyasət rubrikasından digər xəbərlər