Gələcəyin alimləri - yeni ixtiraçı nəsil formalaşmaqdadır

11:58 20.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər məktəblilər arasında elmi tədqiqatçılığın təşviq olunması istiqamətində atılan addımlar yeni istedadların aşkara çıxarılması üçün əlverişli imkan yaradıb. Belə ki, hazırda Təhsil Nazirliyi tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində öz zəkalarının məhsulunu ortaya qoyan yeni ixtiraçı nəsil formalaşmaqdadır. “Sabahın alimləri”  elm müsabiqəsi isə gənc ixtiraçıların yoluna işıq tutan  əhəmiyyətli tədbirlərdən biridir.

Məlumat üçün bildirək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi keçirilməyə başlanılıb. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.

Maraqlıdır, görəsən, bu il keçirilən müsabiqədə hansı məktəblərin şagirdləri qalib elan olub? Onlar ənənəvi İSEF - Mühəndislik Sərgisində ölkəmizi hansı layihələrlə təmsil edəcəklər? Seçilən layihələrin özəllikləri nədən ibarətdir?

Bununla bağlı “Həftə içi” qəzetinin sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, 2021-ci il 10-17 fevral tarixlərində keçirilmiş “Sabahın alimləıi” X Respublika Müsabiqəsinin qalibləri 31 məktəbdən olub. Bu məktəblər aşağıdakılardır:

1.    Bakı şəhəri, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi.

2.    Bakı şəhəri - 132-134 nömrəli Təhsil Kompleksi.

3.    Bakı şəhər – BDU-nun nəzdində Gənc İstedadlar liseyi.

4.    Sumqayıt şəhəri, 11 nömrəli tam orta məktəb.

5.    Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya.

6.    Bakı şəhəri - Akademik Zərifə Əliyeva adına lisey.

7.    Bakı şəhəri, 260 nömrəli tam orta məktəb.

8.    Bakı şəhəri, Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi.

9.    Sumqayıt şəhəri, TETG.

10.  Bakı şəhəri, 30 nömrəli tam orta məktəb.

11.  Bakı şəhəri – Bakı Avropa Liseyi.

12.  Bakı şəhəri,  Akademik Z.Əliyeva adına lisey.

13.  Bakı şəhəri, Avropa Azərbaycan Məktəbi.

14.  Bakı şəhəri - Landau High School.

15.  Sumqayıt şəhəri, Təfəkkür liseyi.

16.  Bakı şəhəri – 299 nömrəli məktəb-lisey.

17.  Samux rayonu, Qarayeri 2 nömrəli məktəb.

18.  Bakı şəhəri, Bakı Modern Təhsil Kompleksi.

19.  Bakı şəhəri, 53 nömrəli tam orta məktəb.

20.  Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəb.

21.  Bakı şəhəri,  44 nömrəli tam orta məktəb.

22.  Naxçıvan Muxtar Respublikası,  H.Cavid adına 5 saylı tam orta məktəb.

23.  Bakı şəhəri, 238 nömrəli tam orta məktəb.

24.  Ağdaş rayonu, Nizami adına 2 saylı tam orta məktəb.

25.  Ağdaş rayonu, Maqsud Şeyxzadə  adına  THT tipli gimzaniya.

26.  Ağdaş rayonu, Səməd  Vurğun adına  1  saylı tam  orta  məktəb.

27.  Bakı şəhəri, 60 saylı tam orta məktəb.

28.  Sumqayıt şəhəri, İstedad liseyi.

29.  Hədəf liseyi.

30.  Sumqayıt şəhəri, 27 saylı tam orta məktəb.

31.  Bakı şəhəri, Binəqədi rayonu 276 saylı tam orta məktəb.

Nazirlikdən vurğulanıb ki, qaliblər içərisindən seçilmiş 7 layihə (10 şagird) 2021-ci il 16-25 may tarixlərində İSEF-Mühəndislik sərgisində Azərbaycanı təmsil edəcəklər: “Layihələr Münsiflər Heyəti tərəfindən seçilib. Əsas olaraq, Elmi problemin qoyuluşu, Tədqiqatın planlaşdırılması, Yaradıcı yanaşma, Məlumatların toplanması, Layihənin təqdimatı və əsas olaraq elmi yeniliyin olması qiymətləndirilmişdir. Ən nəhayət ABŞ-da Azərbaycanı təmsil edən şagirdlərin ingilis dilində danışıq bacarıqları yoxlanılmış, layihənin ingilis dilindı təqdimatı dinlənilmişdir”.

ABŞ-da keçiriləcək müsabiqəyə seçilmiş layihələrdən biri, riyaziyyat bölməsi üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Rafiq Qasımovun hazırladığı layihədir. Onun layihəsinin adı “Triqonometriyanın köməyi ilə bəzi cəbri misalların həlli”dir. Gələcəyin elm adamı bildirib ki, göstərdiyi həll üsulu riyaziyyatla dərindən maraqlanan şəxslər üçün çox faydalı ola bilər: “Təqdim olunan bu layihədə mən cəbri misalların həllini triqonometrik əvəzetmələrin köməyi ilə triqonometrik misalların həllinə gətirdim. Həll  etdiyim tənlikləri analitik üsulla həll etmək xeyli çətin olduğundan göstərdiyim həll üsulu riyaziyyatla dərindən maraqlanan şəxslər üçün çox faydalı ola bilər”.

Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin XI sinif  şagirdi Emin Xəlifəyevin  “Super sərt ion birləşmələrinin tədqiqi” mövzusunda layihəsi müasir fiziki-kimyəvi  tədqiqatlarda ən çox maraq doğuran problemin həllinə həsr olunub. E.Xəlifəyev elmi rəhbəri, kompleksin müəllimi  doktor Fransis Manto ilə üzərində işlədiyi layihə barədə fikirlərini bölüşüb: “Tədqiqatımın məqsədi sərtliyinə görə almaz ilə müqayisə olunan, lakin hərbi sənayedə (bıçaq və saper kəsiciləri), konveyer istehsalında (çilingər və yonma dəzgahları), cərrahiyyədə (skalpellər və oftalmoloji bıçaqlar) daha əlverişli və praktik olan materialları aşkar etməkdir. Layihə üzərində işləyərkən mən kristal kimya və  bərk maddənin mexaniki modelləşdirilməsi prinsiplərindən istifadə edərək 40.000-dən çox hipotetik birləşməni araşdırdım. Layihəm təklif olunan materialların səmərəliliyinin artırılması və daha keyfiyyətli məhsulların maya dəyərinin aşağı salınması üçün işçi səthinə tətbiq edilməsinı nəzərdə tutur”.

Bakı Avropa liseyinin X sinif şagirdi  Faiq Qasımovun tibb və sağlamlıq sahəsinə həsr olunmuş  tədqiqatı da qalib layihələrdəndir. Tədqiqatçı bildirib ki, layihəm müasir tibbin ən aktual, hələ də öz həllini tapmamış problemlərindən biri olan körpə ölümü və erkən əlillik probleminə həsr olunub : “Məlumdur ki, əlil olan uşaqların bir çoxu körpəlikdə qıcolmalar keçirib. Bunu əsas tutaraq apardığım tədqiqatda qeyri-invaziv metod olan infraqırmızı spektrometriyadan qıcolmaların erkən diaqnostikasında istifadə etmişəm, eyni zamanda aparılan müayinə metodu ilə beyin zədələnmələrinin ağırlıq dərəcəsini müəyyən etməyə nail olmuşam. Beləliklə də alınan nəticələrin vasitəsi ilə gələcəkdə körpələri qıcolmalar baş vermədən öncə müayinə etmək mümkün olacaq ki, bu da effektiv müalicə metodunun seçimində köməklik edəcək”.

Bakı Dövlət Universiteti  nəzdində “Gənc istedadlar”  liseyinin X sinif şagirdləri Rəfsan Həbibullayev və Tamilla Süleymanovanın “biologiya” kateqoriyası üzrə tədqiqat layihəsi  “RNT-lər və zülallar”   mövzusuna həsr olunub. Şagirdlərimiz  qeyd edirlər ki, layihənin məqsədi insan, bəzi məməlilərdə və ali bitkilərdə eyni istiqamətli, yaxın, qonşu gen cütlərini genom miqyasında müəyyənləşdirmək və həmin genomların hüceyrə differensiasiyası, xərçəng və qocalmada rol oynayan eyni istiqamətli (quyruq-baş) və yaxın qonşu transkripsiya ilə induksiya olunan ximer RNT-lərin törənmə potensialını müqayisəli surətdə qiymətləndirmək olub.

Sumqayıtdakı 11 nömrəli tam orta məktəbin XI sinif şagirdi  Banuçiçək Kərimli və IX sinif şagirdi Murad Məmmədzadənin müsabiqəyə təqdim etdiyi  layihənin adı “Smart Speech Synthesizer”dır. Bu, üz əzələ hərəkətlərini danışığa çevirən cihazdır. Layihə barədə məlumat verən B.Kərimli qeyd edib ki, layihəmizin əsas məqsədi nitq qüsurlu insanların ətraf mühitlə ünsiyyətini təmin edərək onların həyat keyfiyyətini yüksəldəcək Danışıq Sintezi İnterfeysi (DSI) yaratmaqdır: “Cihazımızın işləmə qaydası belədir:  EMG elektrod, yəni əzələ sensoru  xəstə insanın yanaq əzələlərinə bərkidilir. Əzələ hərəkətlərini nitqə çevirən kod vasitəsi ilə insanların əzələ hərəkətləri səsləndirilir. Bizim fərziyəmizə əsasən təklif etdiyimiz model daha dayanıqlı və davamlı EMQ (elektromioqrafiya) potensialları əsasında mükəmməl sistem qurmağa imkan verəcək.”

Bakıdakı 260 nömrəli tam orta məktəbin X sinif şagirdi İlkin Səmədovun və BDU nəzdindəki “Gənc istedadlar” liseyinin X sinif şagirdi Əli Əkbərzadənin tədqiqat işi “Tədrisdə virtual laboratoriyanın yaradılması və onun tətbiqi” mövzusuna həsr olunub. İ.Səmədovun sözlərinə görə, təqdim olunan iş biologiya dərslərində istifadə üçün virtual laboratoriyaların yaradılmasına həsr olunmuş və mühüm nəticələr əldə edilmişdir. Eksperimentin alqoritmi qurulmuş və  onun “Unity” proqram dilində proqramı yazılmışdır. Yekun olaraq virtual laboratoriya hazırlanmışdır. 

Bakıdakı  akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Məhəmməd  Abbaslının “Army Bot” adlı layihəsi də qalib layihələrdəndir. Tədqiqatçı bildirib ki, layihəsinin əsas məqsədi hərbi sahədə insan itkisinin qarşısının alınması, eləcə də  insan rolunun azaldılmasını nəzərdə tutur.