Ötən həftə sonu olanları hamımız gördük. Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi əmrə əsasən həftənin cümə günündən bazar ertəsinə qədər ciddi karantin rejimi tətbiq edildi. Elə hər şey də bundan sonra baş verdi.
Həmin gün günortadan sonra marketlərdə əməlli-başlı xaos yaşandı. Camaat pul kisələrini silkələyə-silkələyə marketlərə, dükanlara axışdı. Hamı evdən bayıra çıxmayacağı iki-üç gün üçün bazarlıq etməyə çalışırdı.

Hamı marketlərdə necə deyərlər, çörək davası döyürdü. Marketlər çörək çatdıra bilmir, zavodlar isə öz gücündən artığını ortaya qoymağı bacarmırdı. Görünən o idi ki, tələbin təklifi üstələməsinə nə çörək və ərzaq firmaları hazır idilər, nə də ki, irili-xırdalı marketlər. Nizamsızlıq, intizamsızlıq da öz yerində. Kimi evinə normadan iki-üç dəfə artıq çörək apardı, kimi azyaşlı uşaqlarının yanına əliboş döndü.
Bəs iri marketlər, xırda məhəllə dükanları üzümüzə gələn həftəyə, daha doğrusu, 2-3 gün sonraya hazırdırlarmı? Anbarlarında əhalinin təlabatını ödəyə biləcəkmi? Növbəti xaos və çaxnaşmaya və ya ondan sığortalanmağa hazırdırlarmı?

Bu gün paytaxtın irili-xırdalı marketlərində olduq, adminstratorlarla, satıcılarla, xırda dükan sahibləri ilə söhbətləşdik. Nə danışdıqlarımızdan məlumatlı olmaq istəyirsinizsə, hafta.az-ın səhifəsindən ayrılmayın.

Paytaxtdakı iri marketləri növbəti həftəsonuna hazır görünür. İlk baxışdan yaranan mənzərə budur. Çörək rəfləri doludur. Digər rəflərdə də gündəlik təlabat malları çeşid-çeşiddir. Ara günləri heç, bəs həftəsonu necə olacaq?

Marketlərdən birinin adminstartoru ilə söhbətləşirik. Ötən həftə marketlərlə bağlı yaşananlardan danışırıq. Deyir ki, ilk dəfə ciddi karantin rejimi tətbiq olunduğundan və insanlar arasında yaşanan paniklik, eləcə də marketlərin bu duruma hazırlıqsızlığı baş verən mənzərənin əsasını təşkil elədi. Onun sözlərinə görə, üzümüzə gələn həftə bunlar yaşanmayacaq:
“Mağazalar hazırlıqlı olacaq. Şəxsən bizim market də axşam seansı üçün gətirilən çörəklər yarım saat ərzində bitdi. İşlədiyimiz müəssisəyə sifariş verdik. Çatdıra bilmədiklərini dedilər. Bu həftə onlar da təklifə uyğun hərəkət edəcəklər. Çünki gələn həftə üçün lazımı ərzaq mallarının, xüsusən də çörəklərin sayını 40-45 faiz artırmışıq. Hətta keçən həftə də təklifdən on faiz artıq çörək var idi. Sadəcə nizamsızlıq və xaosun olması belə xoşagəlməz durum yaratdı”.
Satıcılarla söhbətləşirik. Deyirlər ki, anbarlarda kifayət qədər ərzaq malları var. Hətta un və un məmulatlarının da ehtiyatları çoxaldılıb. Başqa bir satıcı deyir ki, 2-3 gün üçün alıcılar boyat çörək istifadə etməkdənsə, makaron, vermişel, spagetti kimi məhsullardan istifadə etsələr daha yaxşı olar: “Şəxsən biz ailədə 4 nəfərik. Mən 3 çörək aldım. Gün yarım ondan istifadə etdik. Yerdə qalan günləri digər un məmulatları, xəmir yeməkləri ilə yola verdik. İnsanlar bir-birlərini başa düşməlidirlər. Çətin günün ömrü az olur. Hər kəs evinə yemək aparmaq istəyir”.
Marketlərin yetkililəri, rəhbərləri ilə növbəti qarmaqarışıqlığın yaşanmaması üçün polisin dəstəyindən istifadə edib etməyəcəyini soruşuruq. Çünki koronavirus pandemiyası ilə əlaqədar mağazalarda qarışıqlıq, insanlarda xaos və xof hallarının artmasını daha öncə İtaliyada, Çində, Almaniyada, Türkiyədə də gördük. Həmin vaxt həmin ölkələrdə mağaza rəhbərləri nizam-intizam və növbə sisteminin təşkili üçün polisin dəstəyinə ehtiyac duymuşdular. Hətta hər kəs ikidən artıq çörək ala bilmirdi. Kvota qoyulmuşdu. Bizdə də belə bir şey ola bilərmi? Başqa bir məşhur marketin nümayəndəsi deyir ki, onların rəhbərliyi polisə müraciət etməyəcəklər. Amma daxili təhlükəsizlik xidmətləri, “oxranalar” hesabına vəziyyətə nəzarət etməyə çalışacaqlar.

Başqa bir iri marketdə olduğumuz zaman anoloji suala cavab olaraq bildirdilər ki, gələn həftə üçün təklifdən ikiqat sifariş yerinə yetirə biləcək gücdə olduqları üçün buna ehtiyac duymayacaqlar. Qeyd edildi ki, həftə sonu üçün anbarların sifariş verdiyi məhsullar əsasən gündəlik təlabat və ərzaq məhsullarıdır. Onlar bununla vəziyyətdən çıxmağa çalışacaqlar. Əli adlı adminstrator qeyd edir ki, polislərin prosesə nəzarət etməsi və ya növbə sisteminin tətbiqinə ehtiyac yoxdur: “Müştərilər saatlarla gözləməyə həvəsli deyil. Rahatlıqları üçün əlindən gələni edəcəklər. Haqlıdırlar da. Burada növbə olduğunu görsə, gedib rəqib marketdən alış-veriş edəcək. Onsuz da lazımı ehtiyaclarını ödəyən məhsullar alacaq. Yəni, gündəlik təlabat duyulan malları. O da məhəllə marketlərində də var. Dediyim odur ki, müştərilərimizi itirmək istəmərik... Amma vəziyyətə nəzarət edə bilməsək, polis və ya daxili təhlükəsizlik əməkdaşlarımızın xidmətindən yararlanmaqla növbəti xaosun yaşanmamasına çalışacağıq”.

Ötən həftəsonu yaşanan xaosların səbəbləri hər mağazada fərqli olub. Bəziləri gözlənilən duruma hazırlıqsız olduqlarını etiraf edir, növbəti həftələr üçün ölçü götürdüklərini deyirlər. Bəziləri isə günahın onlarda deyil, işlədikləri firmalarda, sexlərdə olduğunu düşünürlər. Market rəhbərliklərinin bir qismi isə yaşananlarda sadəcə vətəndaşları günahlandırır. Daha doğrusu, onların panik içərisində mağazalara axışması ilə əlaqələndirirlər. Baş çəkdiyimiz bəzi marketlər isə gələn həftə sonu üçün lazımı təlabat mallarının bir qismi ilə təmin olunduğunu söyləyirlər.
Bəs hər adama 2-3, 3-4 çörəkdən artıq satılmaması qaydası tətbiq edilə bilərmi? –sualına market rəhbərləri, satıcılar müsbət yanaşmadılar. Onlar bildirdilər ki, bununla bağlı aidiyyatı dövlət qurumları rəsmi qərar qəbul etdikləri halda belə bir tətbiqə gedə bilərlər. Əks halda, onlar heç kimə bu qadağanı tətbiq edə bilməzlər-deyə, bu cür və ya buna yaxın mənalı cavablar eşitdik...
Xırda marketlər isə həftə sonuna hazırlıqsızdır. Məhəllə marketlərindən bildirdilər ki, onların təklifdən artıq sifariş verməyə gücləri yetmir. Sadiq kişi “İnşaatçılar” metrosunun yaxınlığındakı məhəllə marketlərindən birini işlədir. Deyir ki, gün ərzində 80-100 çörək satır: “Çünki məhəllənin gücü budur. Yaxınlıqda bir dənə də dükan var. Onlar da mənim qədər çörək sifariş verirlər. Keçən cümə günü bir iş idi də oldu. Hər dəfə bu cür hallar yaşanmır axı. Gələn həftə də eyni sayda sifariş verəcəyəm. Çünki artıq sifariş versəm, “vazvrat”ı boynumda qalacaq. Hamı marketlərdən alış-veriş edir”.
Hüseyn kişi isə deyir ki, ötən həftə elə bir vəziyyət yaranıb ki, özü evə çörəksiz gedib: “Həmişə çörək gələndə birinci özüm iki çörəyi kənara qoyurdum. Qonşu uşaqlardan evə göndərirdim. Bu binanın üçüncü mərtəbəsində qalıram. Evdə üç nəfərik. Elə də çörək yeyən ailə deyilik. Üç çörək bəs edərdi. Hamı çörəyi göyə çəkdi. Bir də baxdım ki, çörəksiz qalmışam. Məcbur qalıb oğlumu başqa marketə göndərdim ki, gedib üç çörək alsın”.
Söhbətləşdiyimiz satıcılar gələn həftə üçün əlavə çörək və ya gündəlik təlabat malları sifariş verməyəcəklərini söylədilər. Bildirdilər ki, alıcı qıtlığı yaşanır. Yəni, təlabat o qədər də yüksək deyil”.
Bir sözlə, gələn həftə yenə də gözlər iri marketlərə dikiləcək. Amma mağazaların, iri market və supermarketlərin “qara cümə”dən necə çıxacaqlarını isə zaman göstərəcək. İnsanların yenidən xaosa rəvac verəcəyini isə indidən düşünmək çətin olsa da, ehtimal etmək elə də çətin deyil...