Gizli fəaliyyət gəstərən özəl bağçalar - ARAŞDIRMA

12:58 12.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar koronavirusa yoluxma hallarında müşahidə edilən kəskin artma halları, dövləti bir sıra tədbirlər həyata keçirməyə vadar etdi. Belə ki, hazırda bütün ölkə ərazisində məktəblərin, universitetlərin eləcə də bağçaların fəaliyyəti tam olaraq dayandırılıb. Məktəblər və universitetlər tədrisə distant formada davam etsələr də, bağçalarda vəziyyət fərqlidir. İndi onlar yalnız kurs kimi, maksimum müddət 4 saatdan artıq olmamaq şərti ilə, işləyə bilərlər. Bəs görəsən, bütün özəl müəssisələrdə bu qaydalara əməl edilir? Ölkədə qeyri-rəsmi olaraq fəaliyyətinə davam edən bağça var? Belə müəssisələri hansı cəzalar gözləyir?

Yaranmış suallara aydınlıq gətirmək üçün, hafta.az-ın əməkdaşı paytaxtda yerləşən bir sıra uşaq bağçaları ilə bağlı araşdırma apardı.

Bir neçə müəssisədən bizə bildirildi ki, hazırda bağça kimi fəaliyyət dayandırılıb, təkcə kurs xidməti mövcuddur ki, bu da 4 saatlıqdır. İndi onlar dekabrın 1-dən sonra Operativ Qərargahın verəcəyi yeni qərarı gözləyir.

"Butterfly" uşaq bağçasının xanım əməkdaşı da ilk əvvəl bizə hazırda, ancaq kurs şəklində xidmət göstərdiklərini dedi. Bağça fəaliyyəti soruşulduqda isə ünvana yaxınlaşıb ətraflı məlumat ala biləcəyimiz söyləndi:

"Ünvanımız “Həzi Aslanov” metrosu yaxınlığında yerləşir. Tam gün üçün ödəniş endirimli qiymətlə 400, yarı gün isə 300 manatdır. Daha öncə isə xidmətin qiyməti 500 manat olub. Müəssisə bağça kimi həftə içi, saat 8-dən, 6-ya qədər işləyir"

Təmizliyə gəldikdə isə bizə deyildi ki, hər gün bağça dezinfeksiya olunur, işçilər özləri də bu məsələdə diqqətlidir:

Bağçada dərslər iki dildə – Azərbaycan və rus dillərində tədris edilir:

"Burada şahmat, xarici dil, ətraf aləm, musiqi, rəqs, gimnastika, riyaziyyat, məntiq  öyrədilir. Bundan əlavə, psixoloq xidməti də mövcuddur. Uşaqlar bizim bağçamızdan məktəbə tam hazır gedir".

Digər bir müəssisədə də vəziyyət oxşar idi. "Addım-addım” uşaq bağçasından da ilk olaraq bizə fəaliyyətlərinin yalnız kurs şəklində davam etdiyi söylənsə də, təkidlərdən sonra razılaşmanın mümkün olduğu deyildi:

"Günboyu bağçanın fəaliyyəti saat 8-dən 6-ya qədər, ödəniş isə 200 manatdır.  2 aydır ki, fəaliyyət göstəririk, təmizliyə tam riayət olunur. Öz övladımız da burdadır, ona görə də hər şeyin ən yaxşısını etməyə çalışırıq".

Bağçanın əməkdaşının sözlərinə görə, burada hər yaş qrupu üçün məşğələlər davam etdirilir. Ünvan Bakıxanov qəsəbəsi ərazisindədir. Ödəniş isə əvvəlcədən olunur.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrəndik. O söylədi ki, hal-hazırda ölkədə 1 672 dövlət məktəbəqədər təhsil müəssisi, 100-dən artıq lisenziya almış, özəl məktəbəqədər təhsil müəsisəsi, bağça və körpələr evi var:

"Mart ayından etibarən pandemiyanın daha geniş yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrinin, eləcə də uşaq bağçaları və körpələr evlərinin fəaliyyəti dayandırılıb. Sentyabr ayından etibarən Nazirlər Kabinetinin müvəqqəti qaydaları ilə onların fəaliyyətinə qismən icazə verilmişdir. Virusa yoluxanların sayındakı kəskin artım yenidən qapalı məkanlarda bu xidmətləri göstərən mərkəzlərin, bağça və körpələr evlərinin fəaliyyətini məhdudlaşdırmağa gətirib çıxardı. Çox təəssüflər olsun ki, hazırda bir sıra özəl müəssisələr qeyri-rəsmi formada fəaliyyət göstərirlər. Bu, çox təhlükəlidir. Ölkədə virusa yoluxanların sayında kəskin artım var. Bunun əsas səbəbi insanların qaydalara əməl etməməsi, səhlənkar yanaşmasıdır. Ola bilər ki, uşaqlar virusa yoluxmasın, ancaq onlar potensial daşıyıcılar hesab edilə bilərlər".

Ekspert onu da bildirdi ki, belə müəssisələrin fəaliyyətinə nəzarət mexanizmi elə də ürəkaçan səviyyədə deyil. Üstəlik, məhdudiyyətlərlə bağlı ortaya çıxan problemləri həll etməyin bir neçə yolu da var:

"Bir çox hallarda rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanları nəyinsə qarşılığında həmin müəssisələrin fəaliyyət göstərməsinə göz yumurlar.  Bu, ciddi şəkildə təhlükə yaradır. Təbii ki, valideynləri də başa düşürük. Biz təklif etmişdik ki, yerli məhəlli bağçalar yaradılsın. Yəni, bir neçə kompakt binanın, məhəllənin ortasında bu tipli bağçalar, körpələr evi və dayə xidmətləri yaradılsaydı, insanlar qeyri-qanuni fəaliyyətə meyillənməzdilər. Dövlət tərəfindən özəl müəssisələrin bağlanması isə bağlı qərar verilsə də, onlara hər hansısa bir maliyyə dəstəyi göstərilmir. Həmin təşkilatların kirayə pulları, işçilərin maaşları, kommunallar ödənilsəydi,  hesab edirəm ki, onlar qeyri-qanuni fəaliyyət göstərməzdi. Bir çoxları müəssisənin fəaliyyətini ayaqda saxlamaq üçün bu yollara əl atır. Təbii ki, onları da müəyyən cəzalar gözləyir".

Elə cəza demişkən, hafta.az məsələ ilə bağlı olaraq, hüquqşünas İlqar Musayevin də rəyini öyrəndi. O söylədi ki, İnzibati Xətalar Məcəlləsində həmin müəssisələri karantin qaydalarını pozduqları üçün müəyyən cərimələr gözləyir:

"Bağçanın bağlanması cəriməni tətbiq edəcək inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə müəssisələr Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir, bağçanın bağlanması və yaxud digər qərarları yalnız onlar qəbul edə biərlər. O ki qaldı cərimələrə, bağça rəhbərliyini vəzifəli şəxs qismində ağır cəzalar gözləyir. Əgər hüquqi şəxs qismində formalaşıbsa, bu zaman da böyük miqdarda cərimələr nəzərdə tutulur. Fiziki şəxslərə isə karantin qaydalarını pozduqları üçün tətbiq edilən cərimələr nisbətən yüngüldür". 

Bakı Şəhər İcra Hakimiyyətindən isə bizə bildirildi ki, əldə edilən məlumatlar əsasında yoxlamalar aparılmalıdır, daha sonra  bununla bağlı tədbir görmək olar:

“Əlimizdə bağçaların fəaliyyətinə davam etməsi ilə bağlı məlumat olmadığı üçün, əvvəlcədən şifahi nə isə demək doğru olmaz”.

Sonda isə belə nəticəyə gəlmək olar ki, qanunsuz olaraq fəaliyyət göstərən hər bir qurum, xüsusilə də bağçalar sağlamlığımız üçün ciddi təhlükədir. Unutmayaq ki, uşaqar bizim gələcəyimizdir. Heç bir hal, xüsusən də maddi maraqlar gələcəyimizi təhlükəyə atmağa səbəb deyildir.

Ümid edirik ki, problem tezliklə öz həllini tapacaq.

Banu Hüseynli