Gündə 4 min xəstədən 10 gündə 40 min nəfər edir, hara yerləşdirsinlər? – koronavirusla bağlı xəstəxanalarda yer çatışmazlığı

14:18 05.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayı sürətlə çoxalır. Gündəlik yoluxmanın 4 minin üzərinə qalxması xəstəxanalarda yer, müalicə problemini də ortaya qoyur. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan fotolar da vəziyyətin nə dərəcədə ciddi olmasını bir daha təsdiqləyir.

Yayılan fotolarda COVID-19 xəstələri üçün ayrılan xəstəxanaların önundə müalicə müəssisəsinə xəstə yerləşdirmək üçün xeyli sayda təcili tibbi yardım avtomobilinin növbədə dayandığı əks olunub. Başqa bir fotoda isə stulların birləşdirilərək yataq halına gətirilməyə çalışıldığı əksini tapıb. Hətta belə iddialar da səslənir ki, vətəndaşların 103 xidmətinə saatlarla zəng vurmasına baxmayaraq, xidmətə düşmək mümkün deyil. Bəzən isə xidmət əməkdaşları xəstəxanada yer olmadığını əsas gətirərək xəstəni tibb müəssisəsinə yerləşdirməkdən imtina edirlər. Mütəxəssislər də bəyan edirlər ki, COVID-19-a yoluxma sayının sürətlə artması davam edərsə, səhiyyə sistemimiz bu vəziyyətə tab gətirməyəcək.

Əslində mütəxəssislər hələ yay aylarından payız fəslində belə bir vəziyyətin yaşana biləcəyini proqnozlaşdırırdılar və vətəndaşları qoyulan qadağalara maksimum dərəcədə əməl etməyə çağırırdılar. Amma görünən odur ki, qoyulan qadağalar heç də effektli olmayıb. Artıq neçə gündür ki, Azərbaycanda gündəlik qeydə alınan COVID-19 xəstələrinin sayı dörd min nəfərdən çoxdur. Elə dünən də ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 4 267 yeni yoluxma faktı qeydə alınıb, 2 566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Yeri gəlmişkən, indiyədək ölkədə ümumilikdə 138 000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, ötən müddət ərzində isə ümumilikdə 1 797 026 test aparılıb.

Məlumat üçün vurğulayaq ki, COVID-19 virusunun sürətlə artması həm də dövlət büdcəsinin maksimum yüklənməsi deməkdir. Çünki bu xəstəliyin daşıyıcısı olan pasiyentlərin sağlamlıqlarına qovuşması üçün çəkilən xərc xəstəliyin ağırlıq dərəcəsindən asılılıdır. Belə ki, koronavirus xəstələrinə çəkilən gündəlik xərc təxminən 80-150 manat arasındadır. Nəzərə almaq lazımdır ki, bu xəstələr ən azı 14 gün karantin şəraitində müalicə alırlar.

Mövzu ilə bağlı hafta.az -a danışan Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Könül Cəfərova da hazırda vəziyyətin ciddi olduğunu təsdiqləyib. Onun sözlərinə görə, pandemiyanın birinci dalğası ilə ikinci dalğası arasında ciddi fərqlər var. Əsas fərq xəstəliyin ağırlıq dərəcəsi ilə bağlıdır:

“Mən təxminən 3 ay “COVID” li xəstələrlə işləmişəm. İndi Tibb Universitetindəki onlayn dərslərimlə bağlı bu xəstələrlə işləməyə fasilə vermişəm. COVID-19 xəstəliyinin daşıyıcıları ilə işləyən bir mütəxəssis kimi deyə bilərəm ki, bu olduqca ağır virusdur. Vətəndaşlar bu məsələni ciddiyə almalıdırlar. İnsanlar bilməlidir ki, vəziyyət bu şəkildə davam edərsə, səhiyyəmiz tab gətirə bilməyəcək. Artıq mövcud vəziyyətlə əlaqədar çarpayı yeri tükənməkdədir. Nəzərə almaq lazımdır ki, həkimlərimiz neçə müddətdir bu virusla mübarizə aparırlar. İstər-istəməz nə qədər qorunmağa çalışsalar da, virus yüklənməsinə mərüz qalırlar. Nəticədə həkimlər arasında da xəstələnlər olur. Hətta həyatını itirən həkimlərimiz də var. Bütün bunları nəzərə almalıyıq. Bu məsələyə nə qədər qeyri-ciddi yanaşılarsa, vəziyyət daha da ağırlaşacaq. İndi xəstələr birinci dalğa ilə müqayisədə xəstəliyi daha ağır keçirirlər. Demək olar ki, xəstəliyin əlamətləri də dəyişib. Biz əgər birinci dalğa zamanı xəstəliyin klinikasında daha çox quru öskürək, boğulma, sinədə ağrılar müşahidə edirdiksə, indiki xəstələrdə yüksək temperatur, quru, bəzən yaş öskürək, əzələ, sümük ağrıları müşahidə edirik”.

Mütəxəssis vurğulayıb ki, bəzən koronavirusu digər respirator xəstəliklərlə qarışdırırlar: "Bu da kəskin respirator virus infeksiyasıdır. Digər viruslardan əsas fərqi törədicinin müxtəlif olmasıdır . Sadəcə olaraq qripdə ağırlaşma olur, pnevmoniya sonradan əmələ gəlir. Koronavirusda isə ilk gündən əmələ gəlir. Bəziləri qripin ağırlaşmasını, boğulma tutmalarını koronavirusla səhv salırlar.  Bunlar koronavirusda ilk gündən olur. Diabeti, hipertoniya və xroniki tənəffüs xəstəlikləri olan  şəxslərdə bu əlamətlər ilkin gündən daha qabarıq görünür. Çünki həmin şəxslərdə koronavirusla yanaşı digər xəstəliklər olduğuna görə,  xəstəliyin gedişini ağırlaşdırır. Amma bəzən koronavirus assimptomatik şəkildə olur. Həmin şəxs analiz verməsə, bəlkə də virus aşkar edilməz. Biz bu insanlara “virusu gəzdirənlər” deyirik. Bu insanlar olduqca təhlükəlidir”.

K.Cəfərova bizimlə söhbətində COVID xəstəsinin hansı halda xəstəxanaya köçürüldüyünü də açıqlayıb və bildirib ki, temperatur bir neçə gün ərzində 38 dərəcədən yuxarı olduqda həmin pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilməlidir:

"Ağırlaşmanı bilmək üçün KT( kompyuter tomoqrafiyası, Rentgen) olunur. Sonra antibakterial terapiya aparılır. Bizim ilk göstəricimiz temperaturun olmasıdır. Temperatur yüksəlirsə, deməli bakteriya var və ağ ciyərdəki “buzlu şüşə” nin sahəsi genişlənir. Təbii ki, virusa yoluxan insanlarla təmasda olanlar da daşıyıcı sayılır və profilaktik tədbirlər görməli, sonradan xəstələnməmək və kimisə yoluxdurmamaq üçün müəyyən dərmanlar qəbul etməli, tədbirlər görməlidirlər”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, artıq xəstəliyin qarşısını almaq mümkün deyil:

“Yoluxma prosesi xeyli gedib və bunun nəticələri ortadadır. Karantin davranışlarına diqqət etmək lazımdır ki, insanlar maska taxsın, ondan düzgün istifadə etsin. Maska ağız, burnu tam örtməlidir. Eyni zamanda, maska təyinatına uyğun olmalıdır. Yəni 2 saatlıq maskanı 5 gün istifadə etmək olmaz. İkinci tərəfdən, fiziki məsafə gözləmək, əlləri dezinfeksiya etmək, xəstə adamların bayıra çıxmamasını təmin etmək üçün geniş təbliğat lazımdır. Karantin davranışlarına riayət etmək lazımdır. Artıq xəstəliyin qarşısını almaqdan keçib, bu, kollektiv immunitetə doğru gedir. Əhalinin təxminən 70 faizi xəstələnəndə kollektiv immunitet formalaşır. Ondan sonra artıq xəstəlik yavaş-yavaş yoxa çıxır. Başqa variantı yoxdur. Biz artıq buna doğru gedirik. Bunu cilovlamaq mümkün deyil”.

A.Qeybulla da qeyd edib ki, artıq xəstəxanalarda yer yoxdur və belə bir vəziyyətin yaranması gözlənilən idi: “Xəstəxanalar nə qədər yer tutacaq ki? Gündə 4 min nəfərdən 10 gündə 40 min nəfər edir, hara yerləşdirsinlər? Mənim tövsiyələrim ondan ibarətdir ki, maarifləndirici tədbirlər, reabilitasiya adekvat getsin, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edilsin, əllər dezinfeksiya edilsin, maska geyinilsin və ondan düzgün istifadə edilsin. Bütün bunlar ümumi karantin davranışlarıdır”.

Koronavirusla bağlı ölkəmizdəki mövcud vəziyyət, hazırda bu istiqamətdə fəaliyyət göstərən xəstəxanaların sayı, çarpayı qıtlığı, həkim çatışmazlığının yarana biləcəyi ehtimalının olub-olmaması və digər məsələlərlə bağlı “Təbib”dən dəqiqləşdirmə aparmağa çalışdıq. Lakin gün ərzində sözügedən quruma etdiyimiz bütün zənglər cababsız qaldı.