“Gürcüstan Çin və Avropa bazarları arasında körpü rolunu oynayır” - Elbrus Məmmədov

11:12 22.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“İndiki mərhələdə Tbilisi ilə Pekin arasında münasibətlər həm siyasi, həm də iqtisadi sahədə sistemli şəkildə inkişaf edir ki, bu da təbii olaraq ikitərəfli strateji qarşılıqlı fəaliyyətin dərinləşməsinə gətirib çıxarır”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın “Böyük İpək Yolu” Ekspert Təhlili Mərkəzinin direktoru, əslən azərbaycanlı mütəxəssis Elbrus Məmmədov bildirib. Onun fikrincə, 2023-cü ildə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə bəyanatın imzalanması etimad və əməkdaşlığın davamlı artımının nümunəsi olub.

"Bu addım ticarət-iqtisadi əlaqələrin dinamik genişlənməsinin, birgə infrastruktur layihələrinin həyata keçirilməsinin və siyasi dialoqun gücləndirilməsinin məntiqi davamı idi", - E. Məmmədov qeyd edib.

Ekspertin fikrincə, Gürcüstan-Çin münasibətləri üçün mühüm hadisə iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi planlarının həyata keçirilməsinin başlanğıcıdır. Məhz bu əlaqələr çərçivəsində tərəflər hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

"Tərəflər arasında strateji tərəfdaşlıq Tbilisi və Pekinin qarşılıqlı fayda, suverenliyə hörmət və davamlı inkişaf prinsipləri əsasında münasibətlərini möhkəmləndirmək istəyini əks etdirir", - gürcüstanlı ekspert deyib.

E.Məmmədov onu da bildirdi ki, Gürcüstan Orta Dəhlizdə əsas halqa və Avropa İttifaqı ilə əlaqələri olan ölkə kimi Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə mühüm rol oynayır. Onun sözlərinə görə, mürəkkəb beynəlxalq və regional vəziyyət şəraitində Gürcüstanla Çin arasında strateji tərəfdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir, uzunmüddətli və sabit əməkdaşlıq üçün yeni imkanlar açır.

Gürcü ekspertin sözlərinə görə, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olan Gürcüstan bu təşəbbüsün inkişafında fəal iştirak edir, Şərqlə Qərbi birləşdirən tranzit qovşağı kimi rolunu gücləndirir.

E.Məmmədov qeyd edib ki, dərinləşən strateji tərəfdaşlıq çərçivəsində Tbilisi Çinlə işgüzar əlaqələrin genişləndirilməsinə, yükdaşımaların həcminin artırılmasına və iki ölkə arasında turizm mübadiləsinin təşviqinə xüsusi önəm verir.

“Nəqliyyat infrastrukturunun inkişafı, limanların və dəmir yollarının modernləşdirilməsi, həmçinin çoxtərəfli logistika və investisiya layihələrində fəal iştirak Çin və Avropa bazarı arasında körpü rolunu oynayan Gürcüstan üçün yeni imkanlar açır”, - deyə o, fikrini yekunlaşdırıb.