Hamı üçün əlçatan təhsil

11:49 25.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər ölkəmizdə təhsilin əlçatanlığı üçün həyata keçirilən tədbirlər öz bərhəsini verir

Azərbaycanda təhsil siyəsətinin əsas mahiyyəti təhsilin hamı üçün əlçatan olmasına əsaslanır. Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün əhəmiyyətli addımlar atılır. Belə ki, həm təhsilalanların, həm də təhsilverənlərin əlverişli mühitdə fəaliyyəti üçün təhsilin maddi-texniki bazası təkmilləşdirilir, təhsilə sahəsinə ayrılan vəsaitin həcmi ilbəil artırılır.

Məsələn, 2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat və ya 38,3 faiz çox olub. Təhsil xərcləri üçün ayrılan vəsaitin 507,8 milyon manatı və ya 16,1 faizi bu sahə üzrə müvafiq dövlət proqramlarının va tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib. Ayrılan vəsaitin 332,9 milyon manatı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsili pillələri üzrə xərclərə (2019-cu il mart   1-dən təqaüdlərin məbləğlərinin və təqaüd yerlərinin sayının, habelə tələbə qəbulu yerlərinin sayının artırılması ilə bağlı tələb olunan təhsil və təqaüd xərcləri, ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqı xərcləri nəzərə alınmaqla), 46,3 milyon manatı dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının saxlanması ilə bağlı xərclərə, 22,6 milyon manatı təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclərə, 18,3 milyon manatı ümumtəhsil məktəbləri üzrə şagirdlərinin pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə, 8,0 milyon manatı “Birgə Azərbaycan-Fransız Universiteti UFAZ" layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərə, 3,5 milyon manatı xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramının maliyyələşdirilməsi ilə bağlı xərclərə yönəldilib.

Hər bir tələbəyə düşən təhsil xərcinin miqdarı artıb

Bundan başqa, ayrılan vəsaitin 1,6 milyon manatı "SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi ilə bağlı xərclərə, 7,5 milyon manatı ümumtəhsil məktəblərinin tədris laboratoriyalarına (fizika, kimya, biologiya) avadanlıqların alınması ilə bağlı xərclərə, 6,8 milyon manatı dövlət peşə təhsili müəssisələrində “Həyəcan” düyməsinin quraşdırıması və ona xidmətlə bağlı xərclərə, 8,5 milyon manatı Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı ilə bağlı xərclərə, 1,0 milyon manatı xarici ölkələrin ali təhsil və elmi tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclərə istiqamətləndirilib. Həmçinin ayrılan vəsaitin 0,2 milyon manatı Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə bağlı xərclərə, 0,9 milyon manatı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə, 0,3 milyon manatı gənc istedadlar üçün xüsusi təqaüdlərin verilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı xərclərə, 1,3 milyon manatı İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsi ilə bağlı xərclərə, 0,2 milyon manatı dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısamüddətli yenidənhazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlərlə bağlı xərclərə və 45,9 milyon manatı digər təhsil proqram və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə yönəldilib.

Umumiyyətlə, son 5 ildə (2016-2020-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,6 %-bənd, natural ifadədə isə 1019,9 milyon manat və ya 1,6 dəfə artıb.Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30 faizədək artırılması təmin edilib.

Həssas qrupların təhsil xərcləri qarşılanır

Pandemiya dövründə hökümət həm də həssas təbəqəyə daxil olan əhali qrupunun təhsillə bağlı problemlərini diqqət mərkəzində saxladı. Belə ki, pandemiya başlayandan dövlət həssas qrupa daxil olan tələbələrin təhsilə əlçatanlığını təmin etmək məqsədilə onların təhsil xərclərini qarşılayır. Yeri gəlmişkən, mayın 19-dan https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin növbəti qəbuluna start verilib. Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulu iyun ayının 7-dək aktiv olacaq. 2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilib. 2020-ci ildə ümumilikdə 20.800 tələbə bu imkandan yararlanıb.

Qarşıya qoyulan hədəflərə nail olmaq üçün əhəmiyyətli addımlar atılır

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib ki, son illər təhsilin məzmun və formaca yeniləşməsi, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb:

“Bu günədək həm də ali təhsilin daha açıq və daha əlçatanlığı istiqamətində sistemli addımlar atılıb. Xeyli tələbə dövlət vəsaiti hesabına ali təhsil almaq imkanları qazanıb, dövlət sifarişli plan yerlərinin sayı artırılıb. Eyni zamanda təhsilin müxtəlif pillələrində təqaüd məbləğləri orta hesabla 20 faiz artırıldı. 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində irəliləyiş əldə olunub. Bundan başqa, tələbələrə ayrılan xərclərin məbləği ilbəil artırılır. Pandemiya dövründə dövlət həssas qrupdan oln tələbələri diqqətdən kənarda qoymadı. Bütün bunlar onu deməyə əsas verir ki, biz qarşıya qoyulan hədəflərə nail olmaq istiqamətində əhəmiyyətli addımlar atırıq. Bizim əsas məqsədimiz təhsilin hamı üçün əlçatan olmasıdır. Son illər təhsil sahəsində həyata keçirilən islahatlat bir daha təsdiqləyir ki, təhsilllə bağlı nəzərdə tutulan layihələr düzgün hədəflənib və bu layihələr təhsilin bütün istiqamətlərində inkişafın təmin olunmasına əlverişli imkan yaradır”.

Oxunma sayı 2672