Havanı elektrik enerjisinə çevirən ferment kəşf edildi

12:10 10.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Alimlər havanı elektrik enerjisinə çevirən və demək olar ki, sonsuz təmiz enerji mənbəyini açmaq potensialına malik ferment kəşf ediblər.

Hafta.az-ın "Nature"yə istinadən yazdığına görə, Avstraliyanın Melburn şəhərindəki Monash Universitetində bir qrup adi torpaq bakteriyasında hidrogen istehlak edən fermentin atmosferdən enerji mənbəyi kimi istifadə edərək elektrik cərəyanı yarada biləcəyini müəyyənləşdirib.

Monash Universiteti nəzdində Biotibb Kəşf İnstitutunun professoru Kris Griening deyir: "Biz bir müddətdir ki, bakteriyaların, o cümlədən Antarktika torpaqlarında, vulkanik kraterlərdə və okeanın dərinliklərində yaşayanların havadakı hidrogendən böyümək və sağ qalmaq üçün enerji mənbəyi kimi istifadə edə biləcəyini bilirik. Amma indiyədək bilmirdik ki, bunu necə ediblər". 

Bu kəşf çərşənbə günü "Nature" elmi jurnalında dərc olunan "Atmosfer hidrogenindən bakteriya enerjisinin çıxarılmasının struktur əsasları" adlı məqalədə ətraflı təsvir edilib. Tədqiqatçıların fikrincə, "Huc" adlanan ferment "təəccüblü dərəcədə sabit" və "havadan enerji" yaratmaqda yüksək təsirli olduğunu sübut etdi.

Monash Universitetinin Dr. Ris Grinter "Huc" qeyri-adi dərəcədə səmərəlidir" deyir. Bütün digər məlum fermentlərdən və kimyəvi katalizatorlardan fərqli olaraq, "Huc" hətta hidrogeni atmosfer səviyyəsindən aşağı istehlak edir. Hidrogen nəfəs aldığımız havanın 0,00005-ni təşkil edir.
Təcrübələr göstərdi ki, təmizlənmiş "Huc"u elektrik enerjisi istehsal etmək gücünü itirmədən dondurma və ya 80 dərəcə selsi temperaturunda uzun müddət saxlamaq mümkündür.

"Təbii batareya" fermenti "Huc"un ilk tətbiqləri günəş enerjisi ilə işləyən cihazlara alternativ olaraq kiçik hava ilə işləyən qurğuları əhatə edir. Ən aktual məqsəd "Huc"la elektrik enerjisi istehsalını artırmaqdır ki, ondan faydalı miqyasda səmərəli istifadə olunsun.

Dr. Grinter deyir: "Biz kifayət qədər "Huc" istehsal etdikdən sonra, təmiz enerji yaratmaq məqsədilə ondan istifadə etmək limiti sözün əsl mənasında sonsuzdur".