Hədiyyəlik dibçək güllərinə maraq artıb - FOTO

11:26 06.03.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Bayramı gəlir. Demək olar ki, bütün dünyada bu günə xüsusi hazırlıq görülür. Həmin gün xanımların üzünü güldürəcək ən dəyərli və populyar hədiyyə isə gül-çiçəkdir. İndi  gül hədiyyə etmənin də ənənəsi bir qədər dəyişib. Əvvəllər daha çox qırmızı qızılgüllərə üstünlük verilirdisə, hazırda bu sıraya dibçək gülləri də əlavə edilib. Uzunömürlü olmasını da nəzərə alsaq, deyə bilərik ki, bu gün belə çiçəklərin hədiyyəsi dəb halını alıb. Bu güllər isə ölkəmizə, adətən, xaricdən, xüsusən də Hollandiyadan gətirilir. Bəs görəsən, bayramöncəsi xaricdən gətirilən dibçək güllərinin qiymətində artım  baş verib? Əvvəlki və indiki qiymətlər? Bu güllərə tələbat hansı səviyyədədir?

Hafta.az-ın əməkdaşı yaranmış suallara aydınlıq gətirmək üçün üz tutdu paytaxtın məşhur gül dükanlarına.

İlk öncə bir məqamı diqqətinizə çatdıraq ki, baş çəkdiyimiz əksər gül mağazalarında xüsusi canlanma mövcud idi.  Hər zaman səliqə-sahmanı ilə seçilən bu satış məntəqələrində hərəkətlilik sezilirdi. Satıcılar bayramla bağlı sifarişlərə hazırlaşdıqlarını, bu səbəbdən bir qədər qarışıqlıq yarandığını söylədilər.

İlk baş çəkdiyimiz ünvan məşhur “Ağ çiçəyim” gül dükanı oldu. Mağazanın əməkdaşı Elgün bəyin sözlərinə görə, hazırda heç bir güldə qiymət artımı yoxdur:

“Dibçək güllərindən tələbat daha çox orxideyalaradır. Onun da qiyməti əvvəl necə idisə, indi də elədir. Bundan başqa, “Liliya”, “Spatifiliyum”, “Qartenziya” kimi dibçək gülləri də çox sevilir. Qiymətlər güllərin növündən asılı olaraq 15 manatdan, 180 manata qədər dəyişir”.

Bundan başqa, satıcı onu da əlavə etdi ki, hazırda bayramla bağlı sifarişlər artıb. 8 Mart günü isə satışların bir qədər də çoxalacağı düşünülür.

Daxil olduğumuz digər mağaza isə “Fantaziya” gül dükanı oldu. Rəngarəng çiçəklərin ətri insanı məst edən məkanın satıcısı Eltac bəy deyir ki, hazırda ən çox satılan güllər arasında Hollandiyadan gətirilən dibçək gülləri, xüsusən də orxideyalardır”

“Uzun müddət ömrü olan bu güllərə maraq çox böyükdür. Yaxşı qulluq edilsə, bir neçə il yaşaya bilirlər. Dibçək güllərinin ən ucuzu 10 manat, Ən bahası isə 450 manatlıq ağaclardır. Ağaclara tələbat elə də çox yoxdur, ancaq digərləri yaxşı alınır”.

“Gül dünyası” dükanında da müştəri sıxlığı var idi. İmkan tapıb, buranın əməkdaşı ilə qısa söhbət apardıq.  O söylədi ki, hazırda müştərilər daha çox, qızılgüllərə və çobanyastığı gülü buketinə üstünlük verirlər, ancaq dibçək gülləri də elə də az alınmır:

“Bayramöncəsi sifarişlər artıb, başımız qarışıqdır. Satışlardan narazı deyiləm. Müştərilər dibçək güllərindən daha çox xaricdən gətirilən orxideyalara, liliyaya, spatifiliyuma və qartenziyaya üstünlük verirlər. Qiymətlər də hər bir çiçəyin növünə, dükana gəliş qiymətinə və ölçüsünə görə dəyişir. Mağazada 10 manatdan 50 manata qədər hər cür çiçək növü var”.

Qeyd edək ki, hazırda ölkəmiz dibçək güllərinə olan tələbatı xaricdən ixrac etməklə ödəyir. Bir zamanlar Azərbaycan bu çiçəkləri yetişdirən dövlətlərdən biri idi. Onda nəinki daxili tələbat ödənir, hətta xaricə də idxal həyata keçirilirdi. İndi isə satışda mövcud olan əksər çiçək növləri Hollandiya, Ekvador və Türkiyədən gətirilir.  Kəsilmiş güllərin ixracına gəldikdə isə hazırda dünya üzrə Hollandiya, Ekvador, Zimbabve, Kenya ön sıralardadır.