Moskva İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 81-ci ildönümünə hazırlaşır. Təbii ki, ənənəvi olaraq, Qızıl Meydanda hərbi parad keçiriləcək. Geridə qalmış son 18 paraddan fərqli olaraq, bu dəfə tədbirdə hərbi texnikanın keçidini izləməyəcəyik. Niyə? Rusiyanın paraddan keçirməklə qüdrətini dünyaya isbat etməyə texnikası qalmayıb, yoxsa başqa səbəb var?
Qələbə Günü paradlarında 2008-ci ildən bəri hər il hərbi texnika və müxtəlif silahlar nümayiş olunur. Üstəlik, ölkənin Sankt-Peterburq kimi digər iri şəhərlərində də kiçikhəcmli paradlar keçirilir. Kremlin birdən-birə qalxıb, hərbi texnikasız parad keçiriləcəyini elan etməsi Rusiya ictimaiyyəti arasında çaşqınlıq yaradıb.
Müdafiə Nazirliyi məlum qərarın verilməsinə səbəb kimi, “Ukrayna ilə gedən mövcud müharibə vəziyyətini” göstərib. Ukrayna, artıq Moskvanın 4 ildən çox davam edən işğalına qarşı Rusiyanın dərinliklərində pilotsuz təyyarə hücumları həyata keçirir. Ukrayna PUA-ları indi Moskvanın şimalındakı Baltik dənizi limanlarına, Qazaxıstanla sərhədə yaxın Samaraya və Ural dağlarındakı Perm bölgəsinə çatır. Nazirlik bütün bunlara istinadən jurnalistlərə bildirib ki, “təhlükəni minimuma endirmək üçün bütün tədbirlər görülür”.
Rusiyanı 25 ildən çox idarə edən Prezident Vladimir Putin Qələbə Gününü öz hakimiyyətinin əsas sütununa çevirib və bundan Ukraynaya qarşı müharibəni haqlı çıxarmaq üçün istifadə etməyə çalışır.
Rusiyanın imici
Bilmək lazımdır ki, ənənəvi olaraq, Qırmızı Meydanda tankların, raket sistemlərinin və digər hərbi texnikanın paradı bu şənliklərin əsas cəlbedici vasitəsi olub və Rusiyanın İkinci Dünya müharibəsində sovet qələbəsinin varisi kimi imicini gücləndirib.
Məncə, bu vacib elementin aradan qaldırılması, xüsusən də daxili auditoriya üçün tədbirin təbliğat dəyərini zəiflədir. Bu, Rusiyanın gücünün və hərbi nüfuzunun ən görünən simvollarından birini azaldır. Belə olan halda, Putin niyə bu qərara gəlib? Şübhəsiz, təhlükəsizliklə bağlı narahatlıqlar ən çox ehtimal olunan izahatdır. Həmçinin praktik hərbi mülahizələr də ola bilər, o cümlədən avadanlığın qorunması, döyüş meydanındakı itkilərin vurğulanmaması və qiymətli hərbi aktivlərin ifşasının azaldılması zərurəti.
Görünən budur ki, Kreml bu qərara məcburən gəlib. Axı bu, gücdən daha çox müəyyən dərəcədə zəiflik siqnalıdır. Maraqlıdır ki, ötən il Rusiya dəvət olunmuş dünya liderlərinin qarşısında 12 minə yaxın əsgərin keçidi ilə yanaşı zirehli piyada maşınları və artilleriya da daxil olmaqla 180-dən çox hərbi texnika, eləcə də “Yars” nüvə başlıqlı qitələrarası ballistik raketləri və hərbi yük maşınlarında daşınan dronlar iştirak edirdi. Döyüş təyyarələri də Qırmızı Meydanın üzərindən uçurdu. Bəs həmin texnikalar indi hardadır, bəlkə Ukrayna müharibəsində qan töküb, torpaq işğal edirlər?..
Bu arada, Putin Qələbə günü ərəfəsində iki günlük atəşkəs elan edib. Deməli, paradda alınan təhlükəsizlik qərarı heç də Ukrayna dronlarının mümkün təhlükəsi deyil. Əsl təhlükə daxildəki müharibədən, sosial-iqtisadi təzyiqlərdən bezən qüvvələrdir.
Parad Moskva üçün vacibdir
Moskvada keçirilən Qələbə Günü paradları Rusiya hakimiyyəti üçün bir neçə səbəbdən vacibdir.
Birincisi, bu, əsasən, Böyük Vətən müharibəsindəki tarixi Qələbə ətrafında millətin birliyinə əsaslanan müasir Rusiya ideologiyasında ən vacib təntənəli tədbirdir. Bu, simvolik olaraq 1945-ci ilin iyun ayında baş tutan paradı yenidən canlandırır.
İkincisi, parad Rusiyanın hərbi qüdrətinin nümayişidir. Əvvəllər 9 May paradları ənənəvi olaraq Rusiya hərbi-sənaye kompleksindəki ən son inkişafları nümayiş etdirirdi.
Bu cür premyeraların zirvəsi 2015-ci il idi, o zaman paradda bir neçə yeni məhsul, o cümlədən T-14 Armata tankı, Koalisiya özüyeriyən topu, Kurganets piyada döyüş maşını və Bumerang təqdim edildi. Sonrakı illərdə paradlarda nümayiş olunan yeni texnikaların sayı azalsa da, mümkün olduqda onları nümayiş etdirmək üçün səylər göstərilib.
Üçüncüsü, paradda, adətən, xarici qonaqlar iştirak edirlər ki, Kremlin fikrincə, bu, Rusiyaya beynəlxalq dəstəyi nümayiş etdirmək məqsədi daşıyır.
2015 və 2025-ci illərdə – Qələbə Gününün ildönümlərində – bir çox ölkə ilə münasibətlərin onsuz da pisləşməsinə baxmayaraq, ənənəvi keçmiş Sovet respublikalarının liderləri ilə yanaşı, Çin və Braziliya kimi uzaq ölkələrin rəhbərləri Moskvaya səfər edib.
Parad, yoxsa şou?
Ukrayna Silahlı Qüvvələrinin mayoru, hərbi ekspert Andrey Tkaçuk bildirir ki, ruslar məhdud miqdarda texnika nümayiş etdirsələr, bu, onların nüfuz təbliğatına daha böyük zərbə olacaq. Ona görə də ruslar üçün “Əməliyyat vəziyyəti buna imkan vermir” demək daha asandır.
“Onlar özlərini dünya qarşısında, xüsusən də öz əhalisi arasında utandırmaq istəmirlər. 9 May “Moskvanın əzəmətini” görməyi gözləyən adi vətəndaşları üçün əhəmiyyətli ideoloji tarixdir. Onlar bunu nümayiş etdirə bilməyəcəklər. Onlar bunu şəxsi heyəti ilə nümayiş əvəz etməyə çalışacaqlar”, – deyə Tkaçuk bildirib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Putinin 9 May paradını hərbi texnika ilə keçirməkdən niyə qorxduğunu izah edir. Bildirir ki, Rusiya 9 May paradını tamamilə ləğv edə bilməz, ona görə də texnikanı Qırmızı Meydana gətirməmək qərarına gəliblər. “Əvvəla, Rusiya texnikasının əksəriyyəti artıq məhv edilib. Bir sıra müəssisələr ya zədələnmiş “zirehləri” təmir edir, ya da çoxlu iş yükü daşıyır və bəziləri, artıq Ukrayna Müdafiə Qüvvələrinin hücumuna məruz qalıb. Bundan əlavə, paradın təbliğat effekti artıq azalır”, – deyən Kovalenko əlavə edir ki, bəlkə də ən yaxşı halda bəzi təyyarələr uçacaq, amma bu da olmaya bilər. Ukrayna dronları yaxşı nəticə göstərərsə, onlar başqa missiyalara təyin edilə bilər.
Putin niyə atəşkəs istəyir?
Rusiya 9 may tarixində atəşkəs istəyir. "Strategiya XXI" Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri Pavlo Lakiyçuk qeyd edir ki, Avro-Atlantik dövlətləri 8 mayda Anım Gününü qeyd etsələr də, Vladimir Putin bu təkliflə Donald Trampa atəşkəslə bağlı müraciət edib. Deməli, Kremlin rəhbəri, sadəcə, öz paradını qorumaq istəyir.
“Mənim paradımı qoruyun. Keçən il Si Cinpin qorudu, indi sizin növbənizdir”, – Lakiyçuk deyir. Onun fikrincə, bu dəfəki tədbirdə qatılması gözlənilən Slovakiyanın Baş naziri Robert Fiko "Qələbə Günü" şənlikləri zamanı Putini qorumaq üçün ciddi fiqur deyil.
Bundan əlavə, Kremlin sözçüsü Dmitri Peskov paradda İkinci Dünya müharibəsi veteranları deyil, Ukraynada qan tökmüş “öz qəhrəmanları”nın iştirak edəcəyini bildirib. Ona görə də Rusiyanın hansı “qələbəni” qeyd edəcəyini görmək maraqlı olacaq.
Rusiyalı tanınmış politoloq Georgi Bovt qeyd edib ki, hazırkı şəraitdə hərbi texnikanın nümayişi məsələsi daha balanslı yanaşma tələb edir. “Həqiqətən də təhlükəsizliklə bağlı narahatlıqlar, 9 mayda hansısa böyük təxribata cəhd göstərilməsi ilə bağlı potensial təhlükə var. Düşünürəm ki, təhlükə olduqca realdır. Və sual budur ki, müharibə dövründə hərbi texnikanın təmtəraqlı təqdimatlarını təşkil etməyə həqiqətən ehtiyacımız varmı? Bəlkə də yox. Bəlkə də hər şey bitənə qədər gözləmək daha yaxşıdır. Amma paradın tamamilə ləğv edilməsi nəzərdən keçirilməyib. Bu, səhv siyasi addım olardı. Bunun hələ də hansısa formatda baş tutacağı gözlənilən idi”, – Bovt deyib.
Bu arada, həmişə paradda iştirak məqsədilə Moskvaya hərbi texnikanın, eləcə də kursantların məhz Suvorov və Naximov bazalarından gətirilməsindən imtina hazırkı müharibə vəziyyəti ilə izah olunurdu. Bu isə göstərir ki, ya həmin bazalar müharibədənkənar tədbirlərə vaxt ayırmaq gücündə deyil, ya da belə ciddi bazalar ümumiyyətlə, dövlət başçısı və komandasından kənarda saxlanılmalıdır. Təsəvvür edin, hətta Kazanda keçiriləcək paradda ümumiyyətlə hərbi heyətlərə yer verilmir, nümayişi əvəzinə sakinlər və qonaqlar üçün sərgi təşkil olunacaq. Bu halda tədbirin adı niyə hərbi paraddır, gülməli vəziyyətdir.
“Komsomolskaya Pravda”nın hərbi müxbiri Aleksandr Kots xatırladır ki, FTX bu yaxınlarda Moskvada fiber optik FPV dronlarından istifadə edərək terror hücumunun qarşısını alıb. Tverskaya küçəsindəki parad karvanına hücum etmək üçün minlərlə kilometr uzaqlığa PUA göndərməyə ehtiyac yoxdur - paytaxtın özündən buraxılan kiçik bir dron kifayətdir.
“Ölkənin hərbi-siyasi rəhbərliyinin bu cür qərarlar qəbul etməsi səbəbsiz deyil. Müharibənin beşinci ilində olmasına baxmayaraq, məhz beşinci ilində olduğu üçün düşmənin imkanları və texnoloji irəliləyişləri artır. Görürük ki, dronlar daha da uzaqlara və daha böyükləri uçur və kiçik dronlardan istifadə edərək terror hücumları həyata keçirmək texnoloji cəhətdən mümkündür. Strateji aviasiyanın yerləşdiyi aerodromlarımıza, hətta ölkənin şərq hissəsində belə hücum edildiyi “Hörümçək toru” əməliyyatını xatırlayaq", – deyə Kots bildirir.
Müxbir deyir ki, şəxsən o, avadanlıqlara görə deyil, artıq parada hazırlaşmağa başlayan, lakin təhlükəsizlik səbəbi ilə iştirakı ləğv edilən uşaqlara - Naximov və Suvorov kursantlarına görə çox təəssüflənir.
Təxribatçı ritorika, yoxsa səriştəsizlik?
Rusiyalı hərbi cərrah Yuri Yeviç ən sərt mövqe tutub. O, Peskovun açıqlamasını “qəribə, vəhşi və absurd” adlandırıb, onun səriştəsini şübhə altına alıb.
“Təsəvvür etməyə çalışıram: texnika Qırmızı Meydandan keçə bilməz, amma heç bir zireh və ya başqa bir şeylə qorunmayan insanlar orada ola bilərlər? Düşmən texnikaya zərbə endirə bilər, amma meydandakı insanlara yox? Sucadakı soyqırımı da daxil olmaqla, mülki əhaliyə qarşı çoxsaylı düşmən hücumları göstərir ki, heç nə onları dayandıra bilməz", - deyə Yeviç təəccüblənir.
O xatırlayır ki, hətta 7 noyabr 1941-ci ildə, almanlar Moskvanın kənarında yerləşdikdə belə, parad hələ də keçirilirdi. Və bu, hava hücumunun real təhlükəsinə baxmayaraq edilirdi. Əgər indi, 85 il sonra, sülh dövründə, paytaxtın mərkəzindəki kiçik bir torpaq sahəsini təyin olunmuş gündə müdafiə edə bilmiriksə, deməli, bu, Peskovun sözləri ilə desək, “çox pis bir vəziyyət deməkdir”.
“Heç bir müharibədə müdafiə yolu ilə qalib gələ bilməzsiniz. Əgər genişmiqyaslı terror müharibəsi ilə üzləşirsinizsə, buna qarşı çıxmağın yeganə yolu düşmən qərargahına amansız zərbələr endirmək, vətəndaşlığından və ya yerindən asılı olmayaraq məsul yüksək vəzifəli şəxslərin aradan qaldırılmasıdır. Əgər generallarımız öldürülərsə, obyektlərimiz partladılıbsa, nüvə triadası vurulubsa və heç bir cavab verilməsə, düşmənin həmişə zəif nöqtə tapıb orada hücum etməsi məntiqlidir”, – Yeviç fikrini yekunlaşdırıb.