Hesablama Palatasının nümayəndələri beynəlxalq toplantıda iştirak ediblər

20:07 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

INTOSAI-ın Uyğunluq Auditi üzrə Alt-komitəsinin 19-cu illik toplantısı Komitənin Katibliyi olan Hindistan Baş Auditor və Müfəttiş Ofisinin təşkilatçılığı və ev sahibliyi ilə Banqalor şəhərində hibrid formada keçirilib.

Hesablama Palatasından hafta.az-a bildirilib ki, toplantıda Hindistan, Azərbaycan, Fransa, Portuqaliya, Rumıniya, Çin, Norveç, Namibiya, Tunis Ali Audit Qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri iştirak ediblər. Toplantıda Azərbaycan Respublikası Hesablama Palatasını auditor Cəfər Həsənov və Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin məsləhətçisi Nərminə İsayeva onlayn qoşularaq təmsil ediblər.

Hindistanın baş auditoru və nəzarətçisi Giriş Çandra Murmu videoçarx vasitəsilə tədbirdə həm canlı, həm də onlayn iştirak edən nümayəndə heyətlərini salamlayıb, göstərilən marağa görə təşəkkürünü bildirib, Alt-komitənin AAQ-ların fəaliyyətindəki rolunu vurğulayaraq toplantının işinə uğurlar arzulayıb, nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını qeyd edib.

Sonra tədbirdə Fransa, Hindistan, Portuqaliya, Maldiv adaları və Norveç AAQ-larının nümayəndələrinin ölkələrində uyğunluq auditi sahəsində mövcud olan təcrübələri, hazırlanmış təlimatları və sənədləri barədə təqdimatları dinlənilib. INTOSAI-ın İnkişaf Təşəbbüsünün nümayəndəsi COVID-19-un təcili maliyyələşdirilməsinə və Uyğunluq Auditi üzrə Alt-komitə ilə əməkdaşlığa dair TAİ Audit Təşəbbüsünün və PESA-P pilot layihəsi çərçivəsində görülmüş işlər və layihə iştirakçıları haqqında statistik məlumatlar barədə təqdimatla çıxış edib. Toplantı qarşılıqlı müzakirələr və sorğu-sual şəklində davam edib.

Oxunma sayı 137