Hindistanın ölkəmizdəki səfiri xarici işlər naziri ilə görüşüb

18:15 11.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Xarici işlər naziri Ceyhun Bayramov Hindistann ölkəmizə yeni təyin olunmuş səfiri Sridharan Madhusudhananı qəbul edib.

Hafta.az-ın yazdığına görə, nazir C.Bayramov səfir S.Madhusudhananın etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycanla Hindistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir C.Bayramov, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar, turizm və sair sahələr üzrə mövcud əməkdaşlıqdan bəhs edərək, münasibətlərin inkişafı üçün mövcud potensialdan istifadənin vacibliyini vurğulayıb. Bu xüsusda, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında keçirilmiş siyasi məsləhətləşmələrin, qarşılıqlı səfərlərin faydalı olduğu diqqətə çatdırılıb. Azərbaycanla Hindistan arasında ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində çoxtərəfli əməkdaşlıq təcrübəsinə sadiqliyin əhəmiyyətini qeyd edib.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir, mövcud çağırışlara və çətinliklərə baxmayaraq Azərbaycanın bölgədə sülhün alternativinin olmadığına inandığını, habelə sülh quruculuğu sahəsində səylərin davam etdirilməsində qərarlı olduğunu diqqətə çatdırıb. Beynəlxalq ictimaiyyətin normallaşma prosesinə dəstəyinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, eyni zamanda bölgədə Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Səfir S.Madhusudhanan fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Hindistanla Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, bu xüsusda qarşılıqlı təmasların artırılmasının mühüm olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Siyasət rubrikasından digər xəbərlər