Hindistanla pambıqçılıq sahəsində əlaqələr genişlənir

10:49 05.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən ilin oktyabr ayında Delhidə keçirilmiş Hindistan-Azərbaycan Hökümətlərarası Komissiyanın 5-ci iclası zamanı qərara alındığı kimi, Hindistan höküməti Azərbaycanla pambıq yetişdirilməsi sahəsində əməkdaşlığın araşdırılması məqsədilə pambıq üzrə mütəxəssis doktor V.N.Vagmareni Azərbaycana göndərib. Nagpurda yerləşən Pambıq Tədqiqatları üzrə Mərkəzi İnstitutun (pambıq tədqiqatları üzrə Hindistanda aparıcı institut) direktoru doktor Vagmare bu il oktyabrın 27-dən etibarən bir həftəlik müddətində Azərbaycanda olub.

Hafta.az yazır ki, səfər Hindistanın Bakıdakı səfirliyi və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlaqələndirilib.

Səfər ərzində doktor Vagmare Azərbaycanda pambıq üzrə araşdırmalarla məşğul olan müxtəlif rəsmilər, alimlər və tədqiqat institutları ilə qarşılıqlı ünsiyyətdə olub. Görüşlər zamanı mütəxəssisə fermerlərin üzləşdiyi çətinliklər vurğulanmaqla Azərbaycanda pambıq məhsuluna dair vəziyyət izah edilib. Hind qonaq AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov və digər alimlərlə pambıqa dair müzakirələr aparıb. O, Hindistanda pambıq yetişdirilməsi haqqında təqdimat edərək Pambıq Tədqiqatları üzrə Mərkəzi İnstitutun hazırda araşdırma apardığı müxtəlif sahələri və onların güclü nöqtələrini nəzərə çatdırıb. Çətinliklər müəyyənləşdirilib və tədqiqatın bəzi sahələrində əməkdaşlıq edilməsi vacib sayılıb.

Aqrar Xidmətlər Agentliyinin direktoru Seymur Mövlayev doktor Vagmare ilə görüşündə hökümət tərəfindən elan olunan prioritetlərdən söz açıb, pambıq çeşidlərinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun növlərin müəyyənləşdirilməsi, toxum istehsalı və zərərvericilərə qarşı mübarizə sahələrində doktor Vagmarenin tövsiyələrini dinləyib.

Hindistanlı mütəxəssis həmçinin Salyan rayonuna səfər edərək oradakı Regional Aqrar Elm və İnnovasiya mərkəzi, eləcə də təcrübə sahələri ilə tanış olub. Mərkəzin direktoru Sədrəddin İbrahimov və alimlərlə müzakirələr aparılıb. Görüş zamanı azərbaycanlı rəsmilər fermerlərin üzləşdiyi gəlir potensialı, toxum istehsalı və paylanma kimi problemlərdən söz açıblar.

Mütəxəssis həmçinin, Ucar rayonundakı pambıq emalı müəssisəsi ilə də tanış olub.

Gəncədə yerləşən Aqrar Universitetə səfəri zamanı isə, doktor Vagmare fakultə müəllimləri və tələbələr qarşısında pambıq becərilməsinə dair təqdimatını edib.