“The Guardian”ın diplomatiya redaktoru Patrik Vintur İranla müharibə ehtimalı ilə bağlı təhlil yazıb. 71 yaşlı britaniyalı ABŞ prezidenti Donald Trampın 9 martda verdiyi "Görəcəksiniz ki, bu, qısa bir səfər olacaq. Bu, çox tez bitəcək" açıqlamasına istinad edərək məqaləsini "Trampın İrana "səfəri" Vyetnamdan daha böyük bir qlobal dönüş nöqtəsi ola bilərmi?" başlığı ilə yazıb.
Hafta.az yazır ki, təcrübəli jurnalistə görə, 58 mindən çox amerikalının həyatına son qoyan Vyetnam müharibəsindən (1955-1975) daha kiçik miqyasda olsa da, İrandakı münaqişə dünya üçün daha böyük dəyişikliklərə səbəb ola bilər.
Bildirilib ki, əvvəlki ABŞ liderləri kimi, Donald Tramp da rəqibinin müqavimətini az qiymətləndirib.
Xatırladılıb ki, ABŞ prezidenti məqsədlərinə tez çata bilməyərək gərginliyi artırıb və sonra məqsədlərinə çata bilməyərək danışıqlara güvənib.
İran rejimində millətçi hisslərin artdığı və daha çox sərt xətt tərəfdarı fraksiyaların hakimiyyətə gəldiyi bildirilir.
Qlobal rabitə şəbəkələrinin hakim olduğu bir dünyada ABŞ-ın atəş gücünün qeyri-kafiliyinin tez bir zamanda üzə çıxdığı iddia edilir.
Vintur əhalinin böyük bir hissəsinin Vaşinqtonun addımını "strateji uğursuzluq" kimi gördüyünü bildirərək, nə Tehranda rejim dəyişikliyi məqsədlərinə nail olunduğunu, nə də ABŞ-ın danışıqlar masasında hücumlardan əvvəlkindən daha güclü olmadığını vurğulayıb.
Hərbi gücün birbaşa siyasi uğur gətirdiyinə inamın ciddi şəkildə sarsıldığı bildirilir.
Vintur dronların bahalı silahlara qarşı effektivliyinin nümayiş etdirildiyini qeyd edib. Bildirib ki, İranla müharibə İsrailin Benyamin Netanyahu rəhbərliyindəki Tehran rejimini zəiflətmək və devirmək üzrə uzunmüddətli strategiyasına zərər vurub.
Məqalədə bildirilir ki, Səudiyyə Ərəbistanı və Qətər kimi Körfəz ölkələri artıq əvvəlki kimi ABŞ-ın hərbi müdafiəsinə etibar edə bilməyəcəklər.
Həmçinin qeyd edilib ki, müharibənin yaratdığı iqtisadi şok Avropa nəhənglərində hökumətləri devirməyə səbəb ola bilər.
İran müharibəsində ABŞ liderliyinə inamın qlobal miqyasda sarsıla biləcəyinə işarə edən müəllif, ABŞ müttəfiqlərinin və orta güclərin daha müstəqil siyasət yürüdə biləcəyini iddia edib.
Vaşinqtonun iştirakı olmadan yeni regional ittifaqların yaradıla biləcəyi iddia olunub.Vintur bu müharibədəki uğursuzluqların Vyetnamda olduğu kimi ABŞ-ın gücünü sarsıtdığını, dünyanın daha çox bir-biri ilə əlaqəli olması ilə təsirlərin daha geniş və daha uzun müddət hiss edilə biləcəyini irəli sürüb.
Məqalə aşağıdakı ifadə ilə yekunlaşıb: “Bir sözlə, müharibənin ABŞ-ın özünə birbaşa təsiri olmaya bilər, lakin onun təsirləri ABŞ-a təsir edə biləcək aktyorlara görünə bilər. Ötən həftə sonu Trampın münaqişəyə qayıtmasına mane olan Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Misir və Pakistanın yaratdığı ittifaq oldu. İndi onlar Yaxın Şərqdə sükanı ələ ala bilərlər və həlledici amil ABŞ-dan asılı olmayaraq İranla qura biləcəkləri münasibətlər olacaq”.