Artıq dekabr ayının son günlərini yaşayırıq. Hər il ölkəmizdə yeni ilin gəlişi xüsusi coşqu ilə qeyd edilsə də, indi pandemiya səbəbi ilə vəziyyət bir qədər fərqlidir. Elə, şəhərdə apardığımız kiçik sorğudan belə qənaətə gəldik ki, paytaxt sakinləri də, bayramın gəlişi üçün əvvəlki kimi həyəcanlı deyil.
Həmsöhbətlərimizin bir qismi, bu il Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi üçün evdə bayramı qeyd etməyəcəklərini dilə gətirdi. Bəs görəsən belə səbəblər mağazalarda yolka və bəzək əşyalarının satışına təsir edib? Satışda ən ucuz və ən baha yolkaların qiyməti nə qədərdir? Belə məhsulların onlayn satışı həyata keçirilir?
Hafta.az bütün bu suallara aydınlıq gətirmək üçün, iri ticarət obyektləri arasında sorğu apardı.
“Bravo” marketlər şəbəkəsindən bildirildi ki, hazırda mağazalarda hər növ yolkaların satışı həyata keçirilir.
Qiymətlər də, malın növünə, ölçü və formasına görə dəyişir. Məhsula olan təlabat, satışların ötən ilkinə nisbət fərqləri haqqında isə məlumaylar verilə bilməz.
“Novas home” mağazalar şəbəkəsinin meneceri Rəşad bəy isə söyləyir ki, keçən ilə nisbətən mağazada yolka çeşidləri artıb. Satışlar da, kifayət qədər yüksəkdir:
“Hazırda təlabatın yüksək olduğu məhsullara, həmçinin yolkalara endirimlər var. Mağazada yolkaların qiyməti, 1.99 AZN-dən başlayaraq, 260 manata qədər qalxır. Qiymət ölçü və çeşidlərin müxtəlifliyinə görə dəyişir. Hər çeşiddə yolka və bayram aksesuarlarımız mövcuddur. Bütün mallar müştərilərə endirimli qiymətlərlə təklif edilir. 1.99-manatlıq yolkanın hündürlüyü 60, 260 manatlığın isə, 210 santimetrdir”.
Bundan başqa hazırki, sərt karantin rejiminin tətbiqini nəzərə alınaraq, mağazada belə məhsulların onlayn satışı da mövcuddur:
“Yaxın məsafələrə onlayn çatdırılma ödənişsizdir. Bir qədər uzaq məsafələr üçünsə, yol xərcini müştəri özü ödəyir. Tutaq ki, müştəri 150 santimetrlik yolka sifariş edir. Taksinin ünvana gediş haqqı 5 manata qədərdirsə, mağaza özü ödəyir, artıqdırsa müştəri. Ödəniş formasında əsasən müştərilər karta üstünlük verir”.
“Grand mart” marketlər şəbəkəsinin müdiri Fazil Ağayevin sözlərinə görə, mağazada yolkaların qiyməti 4 manatdan başlayaraq, çeşid və ölçülərinə görə dəyişir.
“İşıqlı, qarlı, təbii şam ağacı formasında yolkalarımız var ki, qiymətləri 29, 60, 80, 200 manat civarındadır. Belə məhsulların satışı, keçən illərə nisbətən xeyli aşağıdır. Pandemiya ilə bağlı olaraq, hazırda mağazada onlayn satış mövcuddur. Lakin, hələ bu günə qədər yolka və bəzək əşyaları sifariş edən müştərimiz olmayıb”.
Mağaza rəhbərliyi onu da qeyd etdi ki, əvvəlki illərdən fərqli olaraq, bu il şəhidlərimizin əziz xatirəsi üçün heç bir filialda yolka quraşdırılmayıb:
“Keçən il biz, bütün mağazalarımızı bəzətdirmişdik, yolkalar qurulmuşdu, satıcı və kassirlər xüsusi paltarlar geyinmişdi. Gələn müştərilərə hədiyyələr təqdim edirdik. Hazırda, bəzək və yolkalar mağazada arxa plandadır. Təkcə uşaqlar üçün hədiyyələrin satışı önə çıxıb”.
“Evimiz” ev aksesuarları mağazalar şəbəkəsinin xanım əməkdaşı isə deyir ki, hal-hazırda mağazada yolka və bəzək əşyalarının satışı ötən ilkinə nisbətən daha yüksəkdir. Bundan əlavə belə məhsulların onlayn satışı da mümkündür:
“Alınan məhsul 50 manatdan artıqdırsa çatdırılma xidməti tərəfindən müştəriyə təhvil verilir. Yolkalarımızın qiyməti 5-500 manat arası dəyişir. Fərqlər ölçü və dizaynlarındadır ki, qiymət də buna əsasən təyin olunub”.
Qeyd edək ki, bayramla bağlı yolka, zərli lentlərlə yanaşı yeni ilin simvolu olan öküz oyuncağı da çox soruşulanlar arasındadır. Yolka oyuncaqlarının qiyməti əsasən 1-5 manat arası dəyişir. Əlavə işıqlı lentlər də var ki, onların da qiyməti uzunluqlarına, rəng çeşidlərinə görə dəyişir. Belə lentlərin də qiyməti əsasən 3 manatdan başlayır.
Apardığımız sorğudan belə nəticəyə gəldik ki, mağazalarda, hər kəsin büdcəsinə uyğun yolka və bəzək əşyalarının satışı mövcuddur. Pandemiya ilə bağlı belə malların onlayn formada əldə etmək də, mümkündür.
Son olaraq onu da deyək ki, noel ağacının bəzədilmə ənənəsi qədim zamanlara qədər gedib çıxır. Bəzi inanclara görə, yarpaqları tökülməmiş ağaclardan istifadə etmək, ölümsüzlüyün simvolu sayılır.
Qədim Misirlilər, Çinlilər və Yahudilər başda şam ağacı olmaqla, yarpaqlarını tökməyən bir neçə ağacı inanclarına uyğun olaraq bəzəyirdilər. Söyləntilərdən birində isə, şam ağacı ənənəsinin Almaniyanın qərbindən gəldiyi düşünülür. Orta əsrlərdə, Adəm ilə Həvvanı təmsil edən bu dekor, cənnət bağçalarını əks etdirən, üzərində almalar olan şam ağacları idi. Yolka ağacı bəzəmək ənənəsi, İngiltərəyə 19-cu yüzillərin əvvəllərində, Kraliça Viktoriyanın əri, Alman şahzadə Albertin dəstəyi ilə gəlmişdir. O zamanlar şam ağaclarının budaqlarına şamlar, şirniyyatlar və bəzəkli lentlər qoyulurdu.