Karantin müddətində artan kriminal hadisələr... - Səbəblər və çıxış yolu

12:11 12.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlər ölkədə baş verən kriminal hadisələrin sayı artıb. Dünən Bakıda 24 yaşlı oğlan əmisini bıçaqlayıb. Mayın 11-i axşam saatlarında Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü S.Quliyev aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Daha bir ailədaxili münaqişə eyni tarixdə Kürdəmir rayonunda qeydə alınıb. Belə ki, Kürdəmir rayonunda 3 aylıq hamilə olan 20 yaşlı Könül Mövlayevanın kim tərəfindən güllələndiyi məlum olub. Mayın 11-i axşam saatlarında K.Mövlayeva sinəsinin sol nahiyəsindən güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, 31 yaşlı Ramo Mövlayev qardaşı Ramilin arvadı Könülü qısqanclıq zəminində öldürmək istəyib. Bu məqsədlə evin həyətində kustar üsulla hazırlanmış qoşalüləli tüfəngdən atəş açaraq K.Mövlayevanı güllələyib.

Nəzərə alsaq ki iki aya yaxın bir müddətdir ki, ölkədə karantin rejimi elan olunub. Maraqlıdır, karantin müddətində ailədaxili münaqişələrin, kriminal hadisələrin artmasının səbəbi nədir?

Bu haqda hafta.az-a danışan sosiloq Əhməd Qəşəmoğlu dedi ki, Azərbaycan ailəsi tarix boyu indiki qədər gərginlik içində olmayıb:

“İlk dəfədir ki, azərbaycanlı ailələrdə bu qədər stress və gərginlik yaşanır. Konkret desək hər 100 evlənəndən 28-i boşanır. 28 ailə boşanırsa bu, o demək deyil ki, 28 ailədə problem var. Qalan ailələrdə daha çox problemlər yaşanır. Evlənən cütlüklər arasında hədsiz qarşıdurmalar yaşanır. Əgər cütlüklər arasında və ya digər ailə nümayəndələri arasında konfilikt varsa, o zaman bir yerdə qalanda münaqişə daha da böyüyəcək. İndiki vaxtda bu bir qədər də artdı. Qadınların əsas gücü onun dilindədir, kişilər də onlara fiziki güc tətbiq edirlər. Belə olduqda uşaqlar travmalar alır. 50 il bundan qabağa qədər ailələrdə ahəngdar münasibətlər var idi. İndiki dövrdə ailələr bir yerdə qalan kimi bu kimi belə hallar baş verir”.

Psixoloq Günel Vüqar isə hesab edir ki, bütün gününü evdə bir-biri ilə keçirən ailələr, karantindən çıxdıqları zaman yenidən balansı qoruyub saxlaya bilməsələr, münaqişələrin ikinci dalğası qaçınılmaz olacaq:

“Bu suala ümumi və hər kəsə məlum olan bir cavab var. Çünki ailələr birlikdə çox uzun bir müddət zaman keçirirlər. Amma gəlin biz daha da aşağı pillələrə nəzər yetirib, birlikdə zaman keçirmənin nəyə görə fəsadları olduğunu araşdıraq. Bütün gününü evdə keçirmək nəyinki valideynlər arası münasibətlərdə hətta valideyn-uşaq münasibətlərindəndə yan keçmir. Valideyn-uşaq münasibətlərində münasibətin artması ilə bərabər məlum məsələlərin yaratdığı stress və bütün günü evdə olmağın verdiyi enerji toplantısı səbəbindən valideyn-uşaq arasında çəkişmələrə də səbəb olur. Istər yaşadığımız bu çətin periodda istərsədə digər zamanlarda valideyn övladının dilə gətirmək istədiklərini nə qədər çox önəmsəyib, onu sona qədər dinləyib və bilgi səviyyəsinə uyğun cavab verərsə daha möhkəm bir bağ qurmuş olar. Bunun əksinə qısa cavablarla onları özlərindən uzaqlaşdırmağa çalışsalar uşaq valideyn tərəfindən önəmsənmədiyinin fərqinə varacaq. Uşaq olan ailələrdə bütün münasibətlər bir-biri ilə bilavasitə əlaqəlidir. Əgər validəynlər arasında gərginlik yaşanırsa bu uşağa, uşaqla valideyn arasında olan gərginlik isə çox keçmədən valideynlərin münasibətinə yansıyır”.

Psixoloq bu kimi formajor halların artmaması üçün hansı addımlar atılmalıdı məsələsinə də aydınlıq gətirdi. O, bildirdi ki, vaxtımızın bütününü evdə keçirdiyimiz bu müddətdə uşaqlarla valideynlərin etdikləri ortaq işlər onların arasında yaranacaq münaqişələrin qarşısını almağın ən optimal növüdür:

“Məsələn bir masada eyni zamanda yemək yemək, ev işlərini əyləncə formasına salıb uşağın potensialına uyğun işləri ona yönləndirmək, birlikdə oynanan oyunlar. Bəzi valideynlər hətta övladlarının bilmədikləri özəlliklərini bu periodda kəşf etdilər, potensiallarından xəbərdar oldular. Təəssüflər olsun ki, biz bu fikri müsbət hal olaraq qarşılayıb,buna sevinirik. Lakin bu bütün dönəmlərdə bu şəkildə davam etməlidir. Karantinə başladığımız zaman yaşadığımız stress, bunu ailəmizə və övladlarımıza ötürdüyümüz qədər, karantindən çıxış zamanı da bu balansı qoruyub saxlamalıyıq. Bütün gününü evdə bir-biri ilə keçirən ailələr, karantindən çıxdıqları zaman yenidən balansı qoruyub saxlaya bilməsələr münaqişələrin ikinci dalğası qaçınılmaz olacaq. Duyğu, düşüncə, istəklərimizi ailə içində yaşadığımız fərdlərə ifadə etmək, ailə fərdlərindən biri ilə münaqişə yaşadığımız zaman hisslərimizi idarə etməkdə çətinlik çəkiriksə, həmin mühiti tərk edərək, evin digər bir bölümünə keçerək sakitləşmək bizim istəmədiyimiz davranışları sərgiləməyimizin qarşısını alacaq”.

Hüquqşünas Nicat Gözəlovun məsələyə münasibəti belə oldu:

“Əvvəllər ailə-məişət zəmnində müraciətlər çox idi. Son iki ayda isə bu tendensiya azalıb. Ümümi götürdükdə bildirirlər ki, ailələrdə problemlər var. Problemsiz ailə yoxdur. Əslində ailələr arasında sosial qayğılardan irəli gələn münaqişələr baş verir. Kriminal, oğurluq kimi hallar artıb, bunun da ümumi bəladan, pandemiyadan doğan aydın məsələdir. Ailələrdə isə vəziyyətin gərginləşməsi haqqında dəqiq statistik rəqəm yoxdur. Əvvəllər nikahların pozulması üçün məhkəmələrə müraciətə gələnlərin sayı həddən çox idi. Pandemiya dövründə evindən çıxa bilməsə də, müxtəlif resurlar vasitəsi ilə hüquqşünaslara, vəkillərə müraciətlər olunur. Pandemiya dövründə bubazalıb, bəlkə də ertələnib. Amma nəzərə alınmalıdır ki, Azərbaycanda ailə institutları və dəyərləri çox möhkəmdir. Təəssüflər olsun ki, onu son onillər ərzində məhv etmək üçün hər vasitələrə əl atılıb, ancaq bacarmayıblar, arzularına yetməyiblər. Kriminal hadisələr, xoşa gəlməyən nevroloji və psixoloji proseslər baş verir. Bir çox hallarda problemlər maddi çatışmamazlıqla bağlı olur".

N. Gözəlov onu da qeyd etdi ki, qayğı, hörmət və tələb anlayışı var: "Qayğını və hörməti görməyən vətəndaş digər yollara əl atır. Əgər əvvəllər evə çörək gətirməyən kişinin bacarıqsız olması söz-söhbətin bəhanəsi ola bilərdisə, artıq səbəblər ortalıqda olduğundan, ailədə qarşılıqlı ittihamlar aradan qalxıb, ittiham olunan obyekt məlumdur və mehribanlıqla çətin günlərdən uşaqları çıxarmaq istəyi yaranıb.
Pandemiya dövründə bir daha sübut olundu ki, çətin anlarda Azərbaycanda ailə dəyərləri daha möhkəm olur. Məişət zəminində cinayətlərin törədilməsi halları bütün dünyada var və bu statistika bizdə azdır. Ancaq heç olmamasını istəyərdik”