Kəndlinin su problemi, Saatlıda əkin sahələri məhv olur - PROBLEM

11:27 21.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Yay vaxtı ölkəmizin bəzi bölgələrində hava quraq keçir. Burada əkin sahələri, meyvə bağları yalnız suvarma hesabına qalır. Əks halda gərək hər şeydən əlini üzəsən. Suvarma demişkən ki, respublikanın aran bölgəsi də yayı quraq, isti keçən zonalarımızdandır.

Təsərrüfat sahələrini ayaqüstə saxlamaq üçün Kür və Araz çaylarından istifadə olunur. Burada isə məşhur mahnı yadıma düşür. O məşhur mahnını çoxlarınız xatırlayır:

"Ay mənim ana Kürüm,
Qurbanam sana Kürüm"...

Ana Kür də deyəsən, mahnılardan bezib, camaatdan da üz döndərib. Bəli, elə üz döndərdi ki, bu küsülülük hələm-hələm, deyəsən, aradan qalxmayacaq.

Bir neçə aydır ki, Kür çayının quruması insanları narahat etməyə başlayıb. Əsasən də Kürqırağı yerləşən rayonlarımız Kürün qurumasından narahatdılar. Əkin-biçin üçün Kür çayı əvəzsiz idi, amma daha camaat su üzünə həsrət qalıb.

Xatırlatmaq üçün deyək ki, bir həftə öncə Saatlı fermerləri suyun olmamasından şikayət edirdilər. Bir qrup kənd əhalisi yığılıb etiraz etdilər. Az keçmədi, mətbuatda oxuduq ki, Saatlı camaatının su problemi həll olundu. Necə sevindik, necə sevindik, bunu bir Allah bilir. Nə də olmasa xalqımızın probleminin həll olunmasından gözəl nə ola bilər ki?!
Məsələ bu qədər gülli-gülüstan deyilmiş. Sən demə, hər şey xəbərlərdə gözəl imiş. Problem isə olduğu kimi qalır.


Su çatışmazlığı ilə əlaqədar etiraz edənlərdən biri Ağali Orucov ilə söhbətləşdik.

-Mətbuatda yazırlar ki, sizin su probleminiz həll olunub, elədir?

-Bakıda oturmusunuz, elə bilirsiniz kəndlərdə vəziyyət əladır? Çıxdıq, danışdıq, amma nə fayda? Su ucbatından əkdiklərimiz hədər olur.

-Saatlı Rayon İcra Hakimiyyətinə müraciət edirsiniz, nə deyirlər?

- Gəlib baxırlar. Həyətimizdə ağaclar var. Deyirlər ki, əgər su yoxdursa, bu ağaclar necə qalır? İnanmırlar. Çox vaxt da yalan vədlər verirlər.
- Bu problem təkcə bu il yaranıb?
- Neçə ildir ki, kanallar quruyub. Sahələrə su vermək çətinləşib. Araz və Kürdən su çəkib bərpa edə bilərlər, amma etmirlər.


Həmsöhbətimiz Ağali Orucov deyir ki, əgər dövlət şərait yaratsa, biz əkin sahələrimizi əkib-becərsək, bizə dövlətdən bir qəpik də lazım deyil.
Həqiqətən də Saatlının kəndlərində su problemi yaşanır. Ərazilərdə bir qurtum su yoxdur. Əkin sahələri yanır. Hələ ki, ümidimiz vardır ki, bu kəndlilərin əllərinin qabarı olan əkdikləri məhv olmayacaq.

Sosial rubrikasından digər xəbərlər