“Kilsə məscidə çevriləcək” iddiası sosial mediada çaşqınlıq yaradıb

09:38 22.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nyu-Yorkda kilsənin müsəlman icmasına məxsus şirkətə satılması sosial mediada müzakirələrə səbəb olub.

Hafta.az-ın “Newsweek”ə istinadən yazdığına görə, Buffaloda St. Ann kilsəsinin Buffalo Crescent Holdings-ə satışı 2022-ci ildə tamamlanıb.

Şirkət Downtown Buffalo qeyri-kommersiya İslam Mərkəzi ilə birlikdə fəaliyyət göstərir.

Buffalo Katolik Yeparxiyasından verilən açıqlamada 1886-cı ildə alman mühacirlər tərəfindən inşa edilən kilsənin artan baxım xərcləri səbəbiylə 250 min dollara satıldığı bildirilib.

Satış ilk vaxtlarda çox səs-küy yaratmasa da, keşiş Ronald Vayerlinqin avqustun 12-də Twitter-dəki paylaşımı məsələni yenidən gündəmə gətirib. Keşiş öz paylaşımında kilsənin məscidə çevriləcəyini iddia edib. Lakin Downtown Buffalo İslam Mərkəzinin internet saytında və ya müqavilə sənədlərində kilsənin məscidə çevriləcəyi ilə bağlı heç bir açıqlama yoxdur.

Bir Twitter istifadəçisi paylaşıma "Müsəlmanlar 250 min dollara kilsə alırlar, amma mən yaxşı məhəllədə 500 min dollara ev ala bilmirəm" şərhini yazıb.

Başqa bir Twitter istifadəçisi isə "Katolik kilsələrini müsəlmanlara sataraq məscidə çevirmək küfr və axmaqlıqdır" deyib.

Bunun üzərinə keşiş Vayerlinq ardıcıllarına səslənərək, baş verənlərə görə məsuliyyəti müsəlman azlıqların üzərinə qoymmalarını xahiş edib.

Buffalo Yeparxiyasının sözçüsü Co Martone, Nyu Yorkdakı katolik kilsəsi ilə bağlı xəbərlər dərc edən “The Tablet”ə verdiyi açıqlamada, ibadət yerinin 2012-ci ildən bəri istifadə edilmədiyini bildirib. Həmin vaxt kilsənin baxım xərcləri üçün 30 milyon dollar istəndiyini bildirən Martone ibadət yerinin satışının həm qanuna, həm də dinə uyğun olduğunu bildirir.

Mətbuat katibi bildirir ki, dini ayin kimi istifadə oluna bilməyən kilsələrin statusu “müqəddəs dəyərlərə zidd olmayan şəkildə” dəyişdirilə və başqa məqsədlər üçün satıla bilər.