Kimlər mediator ola bilər? - Açıqlama

16:01 15.04.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırkı qanunvericiliyin tələbinə görə ali təhsilli, 25 yaşı tamam olmuş və ən azı 3 illik iş stajına malik olan, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək bu təlim kursunun sonunda imtahanı uğurla keçib təlim qurumundan müvafiq sertifikatı əldə edən şəxslər Mediasya Şurasına üzv olaraq mediator fəaliyyəti ilə məşğul ola bilərlər.

Bu fikirləri hafta.az-a Mediasiya Şurası İdarə Heyətinin üzvü və İntizam Komissiyasının sədri Sima Yaqubova deyib:

"İkin hazırlıq üzrə təlimdə iştirak etmək istəyən şəxslər mediasiya təlimi qurumuna müraciət etməlidir. Hazırda ölkədə fəaliyyət göstərən yeganə təlim qurumu Ədliyyə Akademiyasıdır. Mediator olmaq istəyən şəxslər “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası” ilə müəyyən edilmiş sənədləri toplayaraq  təlimdə iştirak etmək üçün Akademiyaya müvafiq müraciət ünvanlamalıdır. Bir daha qeyd edim ki, həmin təlim başa çatdıqdan sonra imtahan keçirilir və mediatorun nəzəri bilikləri müsahibə, praktiki vərdişləri isə mediasiya imitasiyası vasitəsilə yoxlanılır. İmtahanda müvəffəqiyyət qazanan şəxslər sertifikat əldə edərək Mediasiya Şurasının üzvlüyünə qəbul olunmaq üçün müraciət etməlidirlər. Şəxslər Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator  öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir.

Onu da qeyd edim ki, mediator olmaq üçün qanunla bəzi məhdudiyyətlər də müəyyən olunub. Belə ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər mediator ola bilməzlər. Mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə də məşğul ola bilər. Yəni mediatorun həm də hər hansı digər bir peşənin sahibi də ola bilər, paralel olaraq həmin fzaliyyəti həyata keçirə bilər. Məsələn: vəkil-mediator, həkim-mediator, psixoloq-mediator, müəllim-mediator, mühəndis-mediator və.s"