Körfəz ölkələri “Şengen”ə bənzər vahid viza üzərində işləyirlər

12:05 08.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Körfəz ölkələri Avropa İttifaqının “Şengen” vizası kimi bütün altı ölkəyə daxil olmaq üçün birləşmiş viza verməyi nəzərdən keçirir.

Hafgta.az-ın “İndependent Arabia”ya istinadən yazdığına görə, bu barədə Körfəz ölkələri rəsmilərinin birləşmiş vizanın necə əldə edilməsi ilə bağlı nazirlər səviyyəsində müzakirələrin mövcudluğundan bəhs edən bəyanatlarında bildirilir.

“Hotelier Middle East” jurnalının məlumatına görə, Bəhreynin turizm naziri Fatimə əs-Sayrfi hazırda Dohada keçirilən Ərəb Səyahət Bazarı sərgisi çərçivəsində “Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrini əhatə edən vahid viza verilməsi ideyası var” deyib.

Körfəz ölkələri arasında bu vizanın necə alınacağı ilə bağlı danışıqların davam etdiyini sözlərinə əlavə edən es-Sayrfi, "Biz bunun çox yaxında baş verəcəyini düşünürük. Çünki xaricdən gələnlərin adətən bir neçə Körfəz ölkəsində vaxt keçirdiklərini görürük" deyib.

Es-Sayrfi həmçinin, "Bəhreyn Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə birgə tanıtımından faydalandı. 2022-ci ildə 8,3 milyon turisti hədəfləyərkən, 9,9 milyon turistə çatdıq. Çünki Körfəz bazarları ilə birlikdə, biz öz ölkəmizdə turizmin təbliğinə töhfəmizi verdik” bildirib.

Es-Sayrfi sözlərini belə davam etdirib: “Keçən ilin sonunda Qətərdə keçirilən FIFA 2022 Dünya Kuboku Körfəz ölkələri arasında birgə viza məsələsində qarşılıqlı əməkdaşlıq üçün uğurlu “eksperimental sınaq” kimi qiymətləndirilib. Əlaqələr davam edir və Körfəz regionu üçün “Şengen” vizasının çox faydalı ola biləcəyinə dair artan fikirlər var. Bir gün turistlər heç bir ölkənin adını çəkmədən Avropaya gedəcəyini dedikləri kimi “Körfəzə gedirik” deyəcəklər”.

BƏƏ İqtisadiyyat Nazirliyi katibinin müavini Abdullah es-Salih, Ərəb Səyahət Bazarı gündəliyi çərçivəsində keçirilən müzakirə sessiyasında deyib: “Körfəz Əməkdaşlıq Təşkilatına üzv bütün ölkələr turizm sektorunun özlərinin inkişafı üçün həyati əhəmiyyət kəsb etdiyinə inanırlar. Turizm sektorunda ortaq bazarımız və vahid siyasətlərimiz var. Körfəz Əməkdaşlıq Şurası ölkələri böyüməni asanlaşdırmaq üçün hərtərəfli qaydalara, siyasətlərə və prosedurlara sahib olmaqla tələb və təklifin hər iki tərəfindən faydalana bilər. Körfəz ölkələri ziyarətçilərə yaxşı təcrübə təklif etsələr, regionun digər ölkələrinə də səfər edə biləcəklərinə inanırıq. Bunu etməklə onlar daha xoşbəxt olacaqlar, çünki onlar bir çox ölkə arasında məhdudiyyətsiz hərəkət edə biləcək, sərhədlərarası səyahətləri asanlaşdıracaq və Körfəzin müxtəlif ölkələrinə getmək üçün vahid paket yarada biləcəklər”.

Eyni kontekstdə Səudiyyə Ərəbistanı Turizm İdarəsinin baş direktoru Fəhd Həmiduddin deyib: “Bu gün səyahət edənlər və turistlər təkcə bölgədəki bir ölkəyə getməyi düşünmür. İnanıram ki, sabahın səyahətçiləri həmişə bir çox stansiyalara, marşrutlara və ərazilərə baxacaqlar”.

Həmiduddin əlavə edib ki, ölkəsi FİFA 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokundan böyük fayda götürüb. Bu, birgə təklifləri təşviq etmək və hər kəsə fayda vermək imkanını əks etdirir.

Maraqlıdır ki, “Arab Travel Market” sərgisi regional səviyyədə turizm tədbirlərindən biridir. Yarmarka hər il səyahət və turizm sənayesində çalışan işçilər üçün görüşmək, ünsiyyət qurmaq və hər şeyi əhatə edən turizm müqavilələrini həyata keçirmək üçün unikal fürsət kimi keçirilir.

Yarmarka çərçivəsində turizm bazarındakı ən son araşdırmaları və tendensiyaları təqdim etmək üçün bu sektorun mütəxəssislərinin iştirakı ilə bir sıra seminarlar, müzakirə sessiyaları və xüsusi seminarlar keçiriləcək.

Siyasət rubrikasından digər xəbərlər