Korrupsiya həbslərinin yeni dalğası - Şərh

11:43 27.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə ilk növbədə İcra Hakimiyyəti İnstitutunun yenidən qurulmasına ehtiyac var

Son günlərdə ölkədə korrupsiya əməllərinə yol verən yüksək vəzifə sahiblərinin həbsinin yeni dalğası başladı. İlk öncə koronavirus xəstələrinin qəbulu üçün nəzərdə tutulan "Yeni Klinika"nın direktoru Abbasov Pərviz Akif oğlu, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlu, 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov saxlanıldılar.  Pərviz Abbasov və İmran Ağayevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Həbs dalğasının növbəti hədəfi isə Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri olub. Belə ki, dünən Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısının sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir. Axtarışlar, həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb.

Hafta.az son bir neçə ildə həbs edilən icra başçıları ilə bağlı məlumatların qısa xronikasını da diqqətinizə çatdırır. Xatırladaq ki, icra başçılarının səs-küylü həbs prosesinə 2019-cu ildə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov həbsi ilə başlanılıb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Keçən il isə həbs olunan icra başçıları sırasına daha dörd keçmiş məmurun adı əlavə olunub. Bunlardan ilki Neftçala Rayon İcra Hakimiyyətinin başçısı olmuş İsmayıl Vəliyevdir. O, birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 2020-ci ildə həbs ediliblər.  Məlumata görə, onların xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

2020-ci ildə daha bir icra başçısı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də həbs edilib. Onunla yanaşı birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, məşğulluq şöbəsinin sabiq direktoru Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov da saxlanılıb. Onların saxlanılmasına səbəb əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi və bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olması idi.

Keçən ilin may ayında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də saxlanıldı. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarında ittihamları irəli sürüldü.

2020-ci ilin son həbsi isə dekabrda reallaşdı. Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov həbs olundu. Həbs olunan sabiq icra başçısı rüşvət almaqda ittiham edildi.

Bu qədər həbslərin müqabilində nə üçün korrupsiya əməllərinə son qoyulmur? Həyata keçirilən əməliyyat tədbirləri hansı məqamlardan xəbər verir?

Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru

-  Ölkəmizdə ilk növbədə İcra Hakimiyyəti İnstitutunun yenidən qurulmasına ehtiyac var. Bu gün icraların səlahiyyəti genişdir, hər kəsin işinə müdaxilə etmək imkanları var. Fikrimcə, İcra İnstitutu sistemi tamamilə yenidən qurulmalı, yaxud da başqa bir formatla əvəzlənməlidir. Biz görürük ki, bir neçə rayonun icra başçısı elə iş başında həbs olunur. Proses hələ davam etməkdədir.

Korrupsiya hallarının artmasına digər səbəb icra orqanlarına yuxarıdan yüksək səviyyədə nəzarətin olmamasıdır. Əgər nəzarət varsa, deməli, başqa problemlər də var. Ola bilməz ki, hansısa bir icra başçısı səlahiyyətlərdən sui-istifadəyə, rüşvətə, vəzifə saxtakarlığına görə həbs olunur, onun haqqında cinayət işi qaldırılır və yüksəksəlahiyyətli qurumların proseslərlə bağlı məlumatı olmur. Bunlar bir qədər düşündürücü məqamlardır.

TƏBİB-in ayrı-ayrı strukturları ilə, xəstəxanalarla bağlı olan məsələlər də diqqətçəkicidir. Nəyə görə müəyyən pul qarşılığında vətəndaşın adı peyvənd olunanlar sırasına rəsmiləşdirilməlidir? Halbuki faktiki həmin şəxslər vaksinasiya prosesindən keçməyiblər. Əlbəttə ki, bunlar vəzifə saxtakarlığı ilə bağlı olan məsələlərdir. Prosesin sonrakı mərhələlərində aydınlaşdırılmalıdır ki, burada korrupsiya sövdələşmələri baş verib, yoxsa yox. Burada da struktur yenilənməsinə ehtiyac var. Real situasiyanı öyrənmək həm də işi düzgün proqnozlaşdırmağa imkan verəcəkdir. Tibb müəssisələrində, eləcə də TƏBİB-in özündə korrupsiya vəziyyəti, etik davranış qaydaları, xidmətdən məmnunluq vəziyyətinin ölçülməsi ilə bağlı genişmiqyaslı tədqiqat aparılmalıdır.  Burada qərarların qəbul edilməsi prosesində ictimai iştirakı artırmaq lazımdır. Elə TƏBİB-in yanında İctimai Şuranın yaradılmasına da zərurət yaranıb.