Kosmosda nüfuz uğrunda mübarizə - Araşdırma

11:00 12.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş türk xalqına qürurlandırıcı bir müjdə verdi. Bildirdi ki, Cümhuriyyətin quruluşunun 100 illiyində - 2023-cü ildə və təbii ki, eyni zamanda ölkəsində kosmik proqramın 10-cu ildönümündə türk astronavatların Ayın səthinə enməsini planlaşdırıblar. Bu, kosmik müstəvidə həyata keçiriləcək 10 hədəfdən ən vacibidir.

Bu yerdə qeyd edək ki, 1972-ci ildən sonra Aya çox sayda insansız kosmik gəmi göndərilsə də, bir nəfər də olsun astronavt ora getməyib.

Çox qəribədir ki, prezident Ərdoğanın bu müjdəsini ölkə müxalifətinin bəzi ümsürləri tənqid edib, ucuzlaşdırmağa çalışırlar. Amma, əlbəttə ki, bu layihə dünyanın çox az sayda, özü də iqtisadi baxımdan güclü inkişaf etmiş ölkəsində icra olunur. Bu da o deməkdir ki, kosmik proqramların fəal tərəfdaşı olan dövlətlər dünyada sözünü deyə bilən güc kimi qəbul olunurlar.

Əslində Türkiyədə kosmik proqramın tarixi o qədər də qədim deyil. Qardaş ölkənin bu gün kosmik fəzada 6 peyki mövcuddur. Bunlardan ilki 2001-ci, sonuncusu isə 2016-cı ildə kosmosa göndərilib. Türkiyədə Kosmik Agentlik isə 13 dekabr 2018-ci ildə qurulub. İlk türk istehsalı milli peyk – “Türksat 6A”nın kosmosa göndərilməsi 2022-ci ildə nəzərdə tutulub. Bununla da Türkiyə kosmik güc sayılan 10 ölkədən biri olacaq…

10 ölkə demişkən, maraqlıdır, dünyada kosmosa peyk göndərən neçə ölkə var, neçə peyk buraxılıb və sair?

Hazırda dünya ölkələrinin kosmosda ümumilikdə 2666 peyki mövcuddur. Onun da böyük hissəsi – 1440-ı sırf ticarət məqsədilə, 436-sı dövlət işlərində, 339-u hərbi, 318-i qarışıq məqsədlərlə istifadə edilir. Sırf mülki müstəvidə cəmi 133 peyk xidmət göstərir.

Bəs ən çox peyk hansı ölkəyə məsusdur? Siyahı aşağıdakı kimidir:

ABŞ 830 (bəzi rəqəmlərə əsasən 1300) peyk, Çin 280, Rusiya 147, Beynəlxalq Birlik 145, Yaponiya 75, Böyük Britaniya 54, Hindistan 54, Kanada 37, Almaniya 29, İspaniya 17, Argentina 14, Türkiyə 6 peyk. Qalan bütün ölkələrin isə ümumilikdə 236 peyki mövcuddur.

Kosmosda 33 peyki  və onları idarə edən müstəqil Kosmik Agentliyi olan cırtdan bir ölkə var ki, onun bu müstəvidə uğurları hər kəsi heyrətləndirə bilər. Bu ölkə Lüksenburq knyazlığıdır. Heç kim inanmaz ki, hazırda Lüksenburq kosmosdakı peyklərinin sayına görə, Almaniya, İtaliya və İspaniyadan irəlidədir.

Yeri gəlmişkən, Azərbaycanın da 3 peyki var. Qeyd edək ki, Azərbaycanda da kosmik proqram icra edilməkdədir. Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" Prezidenti İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə yaradılıb.

2013-cü il fevralın 8-də Azərbaycan kosmosa Azerspace-1/Afrikasat-1a adlı ilk süni peykini buraxıb. Uçuş Fransa Qvianasındakı Kuru kosmodromunda reallaşdırılıb. Peykin adının Azerspace-1/Africasat-1a olmasının səbəbi, onun əhatə dairəsinə Orta Asiya, Avropa və Afrika regionunun da daxil olmasıdır. Peykin ərsəyə gəlməsi üçün 230 milyon manat xərclənib. Bu məbləğin 15 faizi dövlət büdcəsindən, qalanı kreditlərlə ödənilib. 

Azərbaycan növbəti dəfə orbitə 2014-cü il iyunun 30-da Azersky adlı müşahidə peykini buraxıb. 157 milyon avro dəyəri olan peyk əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir.

Üçüncü peykimiz olan Azerspace-2 isə 2018-ci il sentyabrın 28-də kosmosa buraxılıb. Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxlan peykin dəyəri 190 milyon dollar olub.

Günümüzdə bir çox ölkələr kosmik proqramlarını inkişaf etdirmək üçün böyük məbləğdə büdcə ayırırlar. Məsələn, bu müstəvidə fəaliyyət yürüdən ölkələr arasında ən çox vəsait xərcləyən ölkə, gözlənildiyi kimi, ABŞ-dır. Son məlumata əsasən, Vaşinqton bu məqsədlə kosmik proqramların icraçısı olan NASA-ya ildə 23 milyard dollar civarında büdcə ayırmaqdadır.

Siyahının ikinci pilləsində Rusiya qərarlaşıb. Xəbərlərə əsasən, Moskva son 5 ildə kosmik tədqiqatlar məqsədilə ayırdığı vəsaitin həcmini 30 faiz artırıb və ildə 8 milyard dollarlıq səviyyəyə yüksəldib. Rusiya prezidenti Vladimir Putin özü demişdi ki, sadəcə 2013-2020-ci illər ərzində ölkəsi Federal Kosmik Agentliyə toplam 50 milyard dollar həcmində büdcə ayırıb.

Dünya nəhəngi Çinin kosmik tədqiqatlar üçün ayırdığı büdcə indilik 8 milyard dollar olsa da, rəsmi Pekin bu müstəvidə əlavə qaynaqlar yaratmağa səy göstərir. Çin Milli Kosmik İdarəsi – CNSA 2011-ci ildən bəri aya insansız kosmik gəmilər göndərir, Çinin ilk kosmik stansiyası olan Tiangongun orbitdə qurulmasına start verib. Tiangong proqramının məqsədi 2023-cü ilədək Rusiyanın “Mir” stansiyasına bənzər tam gücü ilə işləyəcək kosmik stansiya yaratmaqdır.

Dördüncü yerdə 20 üzv ölkəni kosmik proqramda birləşdirən Avropa İttifaqı dayanır. İttifaq Avropa Kosmik Agentliyinə (ESA) hər il 6 milyard dollar ayırır. 1975-ci ildə Parisdə qurulan ESA-nın proqramlarına Hubble kosmik teleskopu ilə yanaşı, insansız ay və yer üzü orbiti layihələri də daxildir. ESA həmçinin orbitə peyk buraxan Ariane roket bazası ilə lider mövqeyini qoruyub saxlayır.

Siyahının 5-ci pilləsində yer alan Fransa kosmik agentliyi olan GNES-ə ildə 2,5 milyard dollarlıq büdcə ayırmaqdadır. 1961-ci ildə qurulan bu agentlik, ESA-da olduğu kimi, həm də beynəlxalq kosmik stansiyalarda çox böyük fəaliyyətə malikdir.

Hindistan siyahıda 6-cı yerdədir və illik 2 milyard dollarlıq büdcəsi var. Hindistanın 2012-ci ildə başlatdığı kosmik proqramların bir hissəsini 2017-ci ildə tamamlayıb. Hazırda Dehlinin əsas məqsədi kosmik texnologiya istehsalında lider mövqe qazanmaqdır.

Yaponiya 2 milyard dollar həcmində büdcəsi ilə siyahıda 7-ci yerə sahiblənib. Üç ayrı kosmik agentliyin birləşdirilməsi ilə 2003-cü ildə qurulan JAXA, sadəcə kosmik proqram deyil, həm də orbitə peyklər göndərir və astroitlərin tədqiqi ilə məşğul olur.

Avropa iqtisadiyyatının nəhəngi olan Almaniya siyahıda 8-ci pillədədir. Haradasa 2 milyard dollardan çox büdcəsi olan, 10 aktiv, 16 hələlik tamamlanmamış proqram üzərində işləyən Almaniya Kosmik Agentliyi DLR, indiyədək kosmik tədqiqatlarda önəmli rol alıb.

İtaliya siyahının 9-cu pilləsində yer alıb. Bu ölkədə kosmik proqramların icrasına 1988-ci ildə başlanılsa da, ölkə, kosmik tədqiqatlar məsələsində NASA ilə müştərək çalışır. Ofisi Romada yerləşən kosmik agentlik - ASİ, Avropanın kosmik fəaliyyətlərində yaxından iştirak edir.

Siyahıda ilk onluğu Kanada tamamlayır. Cəmi yarım milyard dollarlıq büdcəsi ilə 2014-cü ildə yaradılan Kanada Kosmik Agentliyi var oluşunun ilk 3 ili ərzində kosmosa 3 peyk göndərməyi bacarıb.

Hər kəsə bəllidir ki, Ay kosmosda Yer kürəsi və ümumiyyətlə, insanlıq üçün əhəmiyyətli göy cismidir. Odur ki, Yerin təbii peyki olan Ay hər zaman kosmik proqramlarda ön məqsədi təşkil etməkdədir. Bu məqsədlə də Ay alimlərin həmişə diqqətində olub, çox sayda tədqiqatlar aparılır, ora peyklər göndərilir və hətta astronavtlar da.

Yeri gəlmişkən, prezident Ərdoğan “Türkiyə astronavtları Aya ayaq basacaq beşinci dövlət olacaq” demişdi. Bəs əvvəlki dörd ölkə hansılardır?

Bu siyahıda ilk yeri Rusiya və ya onun sələfi SSRİ tutur. Məhz Moskva 1959-cu ildə Aya ilk dəfə öz peyki Luna-2-ni göndərib.

Aya ilk peyk göndərmə fürsətini qaçırsa da, ilk insan göndərmək şansını ABŞ qazanıb. Məhz ABŞ astronavtları Neil Armstrong və Buzz Aldrin 20 iyul 1969-cu ildə ilk dəfə Ayın səthinə ayaq basıb, 8 gün sonra Yer kürəsinə qayıdıblar.

Aya peyk gndərməyi bacaran üçüncü ölkə isə Yaponiyadır. Hətta Hiten proqramın icrasından sonra Ay Yaponyanı iri kosmik güclərin sırasına qatıb.

Çin isə Aya əli çatan son ölkədir. Ayın səthinə eniş edən 4-cü ölkə Çin bu uğuru 2019-cu ildə “Chang-e 3” adlı gəmini Ayın səthinə endirməklə qazanıb.

Təbii ki, məhz 2023-cü ildə bu siyahıya qoşulmaqla ilk beşliyi qardaş Türkiyə dövləti tamamlamaqda israrlıdır.

Ümumiyyətlə, kosmosa astronavt göndərən ölkələr çoxdur. Bunlardan ABŞ, Rusiya, Əfqanıstan, Braziliya, Bolqarıstan, Kanada, Çin, Kuba, Çexiya, Avropa Kosmik Agentliyi, Macarıstan, Hindistan, İsrail, Yaponiya, Qazaxıstan, Malayziya, Meksika, Monqolustan, Səudiyyə Ərəbistanı, Slovakiya, CAR, Cənubi Koreya, Suriya, Ukrayna, BƏƏ, Vyetnamı göstərə bilərik. Təəssüf ki, hələlik bu missiyada nə Azərbaycan, nə də qardaş Türkiyə yer almayıb.

Göründüyü kimi, özünə, iqtisadiyyatına, elminə-texnologiyasına güvənən hər bir ölkə kosmik tədqiqatlar üçün vəsait ayırır, proqramlar icra edər. Hətta dünyanın ən kasın ölkələrindən olan Əfqanıstan da rusların dəstəyi ilə kosmosa astronavt göndərib. Bu halda tarixdə öz sözünü demiş və bu gün də dünyanın sayılıb-seçilən gücü olan Türkiyənin kosmik layihələri qabartması təsadüfi deyil. Azərbaycan türkü olaraq biz isə yalnız bunu deyə bilərik: qardaş Türkiyənin uğurları elə Azərbaycanın uğurlarıdır.