Məlum olduğu kimi, bir neçə gün öncə Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı faciəvi şəkildə həyatlarını itiriblər. Qeyd edək ki, hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilir və hazırda məsələ ətrafında hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar davam etdirilir.
Bəs, görəsən, bu kimi hadisələrin baş verməməsi üçün təhsil müəssisələrində psixoloqların sayı artırılmalıdırmı? Ümumiyyətlə, bu gün təhsil müəssisələrində psixoloq işinin təşkili hansı səviyyədədir?
Mövzu ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Könül Abaslı bildirib ki, dövləti, aidiyyəti qurumları və cəmiyyəti intihar və onun səbəbləri dərindən narahat edir:
“İntihar davranışına səbəb ola biləcək risk faktorlarının müəyyən edilməsi intiharların qarşısını almaqla əlaqəli həyata keçiriləcək təhlillərə istiqamət vermək və risk qruplarına müdaxilə etmək nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Özünə sui-qəsd cəhdlərinin və intihar prosesinin səbəbləri haqqında tam olaraq hamı tərəfindən qəbul edilən bir səbəb və izahat olmasa da müxtəlif faktorların təsiredici rolu haqqında geniş müzakirələr mövcuddur. Amerika Uşaq və Yeniyetmələr Psixiatriya Akademiyası tərəfindən təqdim edilən məlumatlarda 15-24 yaş arası uşaqlar, yeniyetmələr və gənc yetkinlərin ölümünə səbəb olan ikinci faktor kimi intihar göstərilir. İntihar etməyə cəhd göstərən uşaq və yeniyetmələrin əksəriyyətində xüsusilə depressiya kimi ruhi xəstəliklərin mövcudluğu qeyd olunur. Həmçinin, COVID-19 pandemiyası dövründə təhsil və digər fəaliyyətlərlə bağlı məhdudiyyətlərin yaranması, evdə yaranan gərginlik və izolyasiya kimi səbəblər məktəblilər arasında intiharların artmasına səbəb ola biləcək faktorlar qismində qiymətləndirilir”.
Kiberzorakılıq intihara sürükləyir
Onun sözlərinə görə, son zamanlarda müşahidə olunan intihar hadisələrində kiber zorakılıq da səbəblərdən biri olaraq vurğulanıb: “Uşaq və yeniyetmələrin kiber zorakılığa məruz qalmasının intihar düşüncəsini və təşəbbüsünü artırdığı qeyd olunub. Son aylarda Azərbaycanda məktəblilərin rəqəmsal texnologiyalardan və sosial şəbəkələrdən istifadəsi ilə bağlı aparılmış genişmiqyaslı bir tədqiqat nəticəsi onların bir qisminin kiber zorakılığa meyilli olduqlarını, bir qisminin isə kiber zorakılığa məruz qaldıqlarını göstərib. Əlavə olaraq sorğuda iştirak edən məktəblilərin ən az 22 faizi internetdə narahatedici bir situasiya ilə, yəni kiber zorakılıq ilə qarşılaşdığı zaman bu vəziyyəti heç kimlə paylaşmadığını ifadə edib. İnternetdən istifadənin sərhədlərinə nəzarətin çətin olduğu bir dövrdə məktəblilərə hansı halların kiber zorakılığın göstəricisi olub-olmadığı barədə məlumat verilməsi mühümdür. Həmçinin, onların kiber zorakılıqdan necə qorunmağın mümkünlüyü və kiber zorakılıq ilə qarşılaşdıqları zaman mövcud durum ilə necə mübarizə apara biləcəkləri, dəstək üçün kimlərə müraciət edə biləcəkləri mövzusunda maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bu işdə ən əsas öhdəlik isə valideyn və müəllimlərin üzərinə düşür. Vəziyyət ilə əlaqəli mübarizə məktəb-müəllim-valideyn üçbucağında aparılmalıdır. Həm müəllimlər, həm də valideynlər məktəblilərin virtual aləmdə təhlüksəzliyini təmin etmək üçün onlara lazımi bilik və bacarıqları aşılamaq işini qarşılıqlı əməkdaşlıq formasında həyata keçirməlidir”.
Gənclərin psixoloji problemlərinə həsr olunan vebinar təşkil ediləcək
Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadovun verdiyi məlumata görə isə hazırda Təhsil İnstitutu UNICEF ilə birgə “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım bacarıqları” adlanan layihəni icra edir: “Layihə uşaq və yeniyetmələr arasında müxtəlif psixi travmaların, qloballaşmanın mənfi təsirlərinin yaratdığı deviant davranış və suisid meyllərinin aradan qaldırılması yönündə məktəb psixoloqlarının şagird, müəllim və valideynlərlə aparmalı olduqları maarifləndirmə, profilaktika, diaqnostika, korreksiya, reabilitasiya və s. işlərin təşkili sahəsində bacarıqlarının formalaşdırılmasına istiqamətlənib. Aparılmış araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, uşaq və yeniyetmələrin özünə qəsd etməsinin səbəb və motivləri müxtəlifdir. Uşaq və yeniyetmələr bu yolla valideynlərinin, müəllimlərinin və yaxınlarının diqqətini öz problemlərinə yönəltməyə cəhd göstərir. Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) gənclərin psixoloji sağlamlığının qorunması və bu sahədə maarifləndirmə işlərinin mütəmadi həyata keçirilməsini daim diqqətdə saxlayır. Bu istiqamətdə göstərilən fəaliyyətin davamı olaraq ARTİ 15 mart 2021-ci il tarixində, saat 19:00-da "Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri" adlı vebinar təşkil edəcək. Trabzon Dövlət Universitetinin müəllimi Dos. Dr. Mehmet Palancı vebinarda qonaq məruzəçi qismində çıxış edəcək. Mehmet Palancı, həmçinin MEM Psixologiya Mərkəzinin həmtəsisçisi və psixoloqu, Uşaq və Gənclərin Problemlərinin Araşdırılması Dərnəyinin qurucusudur. O, Karadeniz Texniki Universitetində Məsləhətçi psixoloq ixtisası üzrə doktorantura təhsili alıb. Gənc nəslin psixoloji cəhətdən sağlam yetişdirilməsi istiqamətində bir sıra araşdırma və təhlillərin müəllifi olan spiker vebinar zamanı uşaq və gənclərə psixoloji dəstəyin əhəmiyyəti, onların psixoloji vəziyyətinin və problemlərinin mənşəyinin müəyyən olunması, valideynlərin və cəmiyyətin bu prosesdəki rolu haqqında ətraflı məlumat verəcək. Türk dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 13 mart 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/2OJb5sw”.
Profilaktik tədbirlər kompleks şəkildə aparılmalıdır
Mövzu ilə hafta.az-la fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib ki, əslində intihar hallarını bilavasitə məktəblə, təhsil müəssisələrində psixoloji işin təşkili ilə əlaqələndirmək düzgün mövqe sayıla bilməz:
“Bu hal təkcə bizim deyil, bütün dünyada müasir dövrün aktual problemlərindən biridir. Rəsmi statistikaya görə hər il 1 milyondan artıq insan ozünə qəsd edir. İntihar edənlər arasında azyaşlılar da var, orta yaşlılar da, ahıllar da, imkanlılar da, imkansızlar da, psixi pozğunluğu olanlar da, tam normal sağlamlığa malik olanlar da. Əlbəttə, bütün bu sadaladıqlarım və sadalanmayan məqamlar heç də məktəbin məsuliyətini, təhsil müəssisələrində psixoloji xidmətin təşkilini diqqəti azaltmaq anlamına gəlmir. Vəziyyət hər kəsi narahat etməli, bu kimi hadisələrin baş vermə səbəbləri barədə ciddi düşündürməli, profilaktik tədbirlər kompleks şəkildə aparılmalıdır. Son hadisələrlə bağlı Nazirin də qeyd etdiyi kim şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir. Ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi, eləcə də, şagirdlərarası münasibətlərin düzgün qurulması mühüm şərtdir. Heç şübhəsiz ki, bu kimi halların çoxalmasına pandemiyanın yaratdığı virtul məkana qapanma da təsirsiz ötüşməyib. Baxmayaraq ki, ötən ilin aprelin 6-dan etibarən Təhsil Nazirliyininn 146-3 “qaynar xətt” xidməti fəaliyyətə başlayıb. Belə ki, koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi elan olunduğuna görə evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə ehtiyac duyduğu hallarda sözügedən “qaynar xətt” xidmətindən yararlanma imkanı əldə ediblər ki, bu zaman müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib”.
Ekspert vurğulayıb ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan sora bu sahəyə də xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlər görülməsinə baxmayaraq, istənilən halda ümumtəhsil məktəblərində psixoloji işin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməlidir: “Bu gün bizim bu vaxta qədər göstərdiyimizdən daha artıq birlik, həmrəylik, mütəşəkkillik və anlayış göstərməyimiz, gələcəyimiz olan yeniyetmə və gənclərimizin taleyinə, həm də ümumxalq işi, ümummilli məsələ kimi yanaşmağımız zamanıdır. Bu gün, bir vaxtlar ehtiyac hiss etmədiyimiz, lazımi əhəmiyyət vermədiyimiz təhsilalma formalarına, dünya təcrübəsində tətbiq olunan mütərəqqi metodlara diqqəti artırmaq, istənilən təzyiq və aqressiv davranışların, həm fiziki, həm psixoloji formada baş veən “Bullinq” adlandırdığımız həm fiziki, həm psixoloji əsasən təhqir, hədə, fiziki aqressiya, alçaldılma formalarında baş vermə hallarına hazır olmaq üçün yeni axtarışlara çıxmaq zamanıdır. Bu kimi halların mövcudluğu və son illərdə artım tendensiyası onunla fəal və kollektiv mübarizə tələb edir”.