Milli Məclis Kahramanmaraşla bağlı sənədi təsdiqlədi

14:11 15.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Müzakirəyə çıxarılan sənəd Azərbaycan və Türkiyənin dostluğunu, qardaşlığını bir daha sübut edən mühüm sənəddir”.

Hafta.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində bildirib.

Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa qanun layihəsi barədə məlumat verib. Deputat qeyd edib ki, bu qanun layihəsi ölkə Prezidentinin Türkiyə səfəri zamanı qardaş ölkəyə yardım göstərilməsi barədə verilən qərar əsasında hazılanıb və burada 100 milyon vəsait hesabına tikiləcək şəhərdən söhbət gedir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qanun layihəsini yüksək qiymətləndirib.

Səməd Seyidov qeyd edib ki, bu, sadəcə zəlzələdən əziyyət çəkən qardaş ölkəyə yardım və Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olmasını sübut edən qanun layihəsi deyil: “Bu sənəd hüquqi müstəvidə bir ölkənin digər ölkəyə yardım göstərməsidir. Bu sənəd bir daha sübut edir ki, Azərbaycan və Türkiyə arasında və ümumiyyətlə, Türk dövlətləri arasında münasibətlər hansı səviyyədədir”.

Deputatlar Musa Qasımlı və Hikmət Məmmədov da sözügedən sənədi yüksək qiymətləndiriblər.